Bu ərazidə sərnişinlərin illərlə yaşadığı çətinlik aradan qalxır - FOTO
2630
09 Jan 2026 | 12:20

Bu ərazidə sərnişinlərin illərlə yaşadığı çətinlik aradan qalxır - FOTO

İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin gündəlik qarşılaşdığı əsas problemlərdən biri də bəzi ərazilərdə uyğun dayanacaq infrastrukturunun olmamasıdır. Xüsusilə insanların sıx istifadə etdiyi məkanlarda bu çatışmazlıq həm rahatlığa, həm də təhlükəsizliyə birbaşa təsir göstərir. Son illər Azneft dairəsi ərazisi də bu baxımdan diqqətdə olan nöqtələrdən biri idi. Hazırda adıçəkilən ərazidə mövcud problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
 
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Moderator.az-a bildirib ki, sözügedən ərazi elə bir mövqedə yerləşir ki, Bakı şəhərinin həm tam mərkəzi, həm də cənub qapısı hesab olunur: "Məhz bu səbəbdən həmin nöqtədə avtobus dayanacağının olması xüsusi əhəmiyyət daşıyırdı və uzun müddətdir vacib məsələ kimi gündəmdə idi".
Ekspertin sözlərinə görə, dayanacağın yaxınlığında yerləşən Filarmoniya bağı bu ərazidən istifadə edən sərnişinlərin sayının çox olmasına səbəb olur. Lakin indiyədək vətəndaşlar avtobus gözləyərkən açıq havada qalır, yağışın, qarın və küləyin birbaşa təsiri altında olurdular. Xüsusilə vurğulanıb ki, sözügedən ərazi daha çox küləkli zonadır və açıq məkan olması səbəbindən sərnişinlər həm günün istisinin, həm də soyuq və küləkli hava şəraitinin təsiri ilə üz-üzə qalırdı.
 
Aslan Əsədov qeyd edib ki, digər mühüm məqam ərazinin strateji nəqliyyat əlaqələri ilə bağlıdır: "Belə ki, İçərişəhər metro stansiyasından birbaşa Azneft dairəsinə və yaxın Bulvar ərazisinə yeraltı keçid vasitəsilə çıxışın mövcudluğu bu məkandan istifadə edən sərnişinlərin rahatlığını daha da artırır. Yeni dayanacaq həmin keçidlərdən istifadə edən sərnişinlərin rahatlığının təmin olunmasına xidmət edəcək".
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər