“Meydan TV”-nin xarici borcla bağlı saxtakarlığı
895
09 Jan 2026 | 11:25

“Meydan TV”-nin xarici borcla bağlı saxtakarlığı

“Meydan TV” Azərbaycanın yenidən borclanmaya hazırlaşdığını və xarici borcun artacağını, gələcək nəsillər üçün borc yükünün yaranacağına dair paylaşım edib. Qeyd edilir ki, 2022-ci ilin iyul ayında Prezident İlham Əliyev xarici borc barədə danışarkən borcun artmasını məqsədəmüvafiq hesab etmədiyini vurğulayıb: “Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”.

Dövlət başçısı 2026-cı il yanvarın ilk günlərində yerli televiziya kanallarına müsahibəsində isə nəqliyyat layihələri, su-kanalizasiya sistemi və digər vacib infrastrukturların müasirləşdirilməsi üçün maliyyələşmə lazım olduğunu və buna görə yenidən borc götürüləcəyini bildirib: “Bir neçə il bundan əvvəl mən xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. Biz borc götürməyi tamamilə dayandırdıq və beynəlxalq maliyyə təsisatları ilə bütün münasibətlərimizi, aktiv münasibətlərimizi bitirdik. İndi bizim xarici borcumuz ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir. Biz yenə də məhdud məbləğlərdə borc götürməyə başladıq. Lakin biz maliyyələşdirməyə ehtiyacı olan layihələri dəstəkləmək üçün yenə də 2-3, bəlkə də 4 milyard ABŞ dolları məbləğində borc götürməyə qərar vermişdik. Biz sosial sahəyə maliyyələşməni kəsmək istəmirik. Biz müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya sistemi üçün və əsasən bağlantı məsələlərində maliyyələşmə lazımdır”.
“Meydan TV” 4 il ərzində nələrin dəyişdiyini sual edərək Azərbaycanın niyə yenidən borc götürməyə qərar verdiyini təəccüblə qarşılayır, borc götürülməsini hökumətin öz sözünə və vədinə əməl etməməsi kimi təqdim etməyə çalışır.

Faktyoxla bu iddialara aydınlıq gətirib. 

Əvvəlcə, Prezident İlham Əliyevin 2022-ci ildə söylədiyi həmin fikirlərə diqqət edək. Cənab İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirilib ki, keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi və son illərdə kəskin azalıb.

“Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”. mənbə

Dövlət başçısı aydın şəkildə bildirir ki, biz qarşımıza qoyduğumuz əsas vəzifəyə - xarici borcun ümumi daxili məhsulun 10 faizlik həddinə endirilməsinə nail oluruq. Bunu həm xaricdən alınan kreditləri azaltmaqla və kreditləri vaxtından əvvəl geri qaytarmaqla, həm də iqtisadi inkişafı yüksəltməklə təmin edirik. Bu siyasətin başlıca məqsədlərdən biri gələcək nəsillərin borcun altında olmasının qarşısını almaqdır.
Göründüyü kimi bəyan olunur ki, Azərbaycan hökuməti borc ÜDM-in 10 faizindən aşağı düşməyənə qədər borclanmaya getməyəcək, yaxud xarici borcun məbləğinin 10 milyard dolları ötməsinə imkan verməyəcək.
Həmin strateji məqsədlərə nail olmaq üçün dövlət başçısı 2022-cü ildə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Sənəddə dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarının ən az xərclə və aşağı risklərlə qarşılanması və digər məsələlər əks olunub. Strategiya sənədində prioritet tədbirlər kimi  2022–2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi müəyyənləşib və xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10 milyard ABŞ dollarını üstələməməsi əsas hədəf kimi müəyyən edilib. Xarici borcun isə ÜDM-in 10-11 faiz şkalasında qorunub saxlanması hədəf seçilib. 

Beləliklə, bu strateji konsepsiyaya uyğun olaraq, dövlət təmkinli borc siyasəti yürütməklə qarşıya qoyduğu hədəfə çatmağa qısa dövrdə nail olub. Belə ki, 2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13 milyard 830,7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil etdiyi halda 2023-cü ildə 10 faizlik həddindən də aşağı sala bilib.

2023-cü il 31 dekabr tarixinə xarici dövlət borcu 6 milyard 480 milyon dollar (11 milyard 17,2 milyon manat) ekvivalentində və ya ÜDM-in 9 faizini təşkil edib. istinad
Azərbaycan son 2 ildə isə xarici borcun ÜDM-də çəkisini daha da aşağı endirməyə nail olub. Eyni zamanda, ÜDM-in 10 milyard dollar üstələməməsi prinsipinə artıqlaması ilə əməl edib. Belə ki, 2025-ci ilin oktyabr ayının 1-ə olan tarixə xarici borc 4 milyard 893,1 milyon dollar təşkil etməklə, ÜDM-in 6,4 faizinə endirilib. Bu, hökumətin nəzərdə tutduğu 10 milyard dollardan 2 dəfədən də çox azalma deməkdir. mənbə 

Beləliklə, 2022-ci ildən ötən dövrdə Azərbaycan hökuməti xarici borcu nominal ifadədə 3,2 milyard 242 milyon dollara (8 milyard 135 milyon dollar- 4 milyard 893 milyon dollar =3.242) qədər azaldıb. Bu, manat ekvivalenti ilə 5,5 milyard manatdır. ÜDM-in tərkibində isə xarici borcun məbləği 2,4 dəfə aşağı düşüb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev 2022-ci ildə xarici investorlar qarşısında çıxış edərkən də bu mövzuya toxunaraq bildirmişdi ki, Azərbaycan dünya miqyasında xarici dövlət borcu çox aşağı səviyyədə olan ölkədir və istəsə borcu bir gün ərzində sıfırlaya bilər. istinad

Azərbaycanın borcla bağlı strateji məqsədi və məramı yuxarıda da vurğuladığımız kimi ÜDM-də payının 10 faiz həddində saxlanılması və yaxud əlavə dəyərin illik artımı müqabilində 10 milyard dolları ötməməsini təmin etməkdir. Hazırda borc təxminən 4,9 milyard dollar təşkil etdiyindən Azərbaycanın əlavə xarici borc almaq üçün təxminən 5 milyard dollar limiti və ya ÜDM-də müəyyən edilmiş şkalası var. 
Azərbaycan Prezidenti də məhz həmin hədd və ya hədəf həcminə uyğun borc alına biləcəyini vurğulayır
. 2026-cı il yanvarın 5-də yerli TV-lərə verdiyi müsahibədə də məsələyə bu prinsiplər əsasında fikir bildirib. Vurğulanır ki, Azərbaycan iqtisadiyyatının güclü dayanıqlılığını nəzərə alan dünyanın iki aparıcı reytinq şirkəti - “Moody’s” və “Fitch” ölkəmizin reytinqini yeniləyərək investisiya səviyyəsinə yüksəldib. Bu, reytinq əmsalı Azərbaycana çox sərfəli şərtlərlə borc götürməyə imkan verir. “Mən hökumətə borc götürməyi dayandırmağı tapşıranda hədəfim xarici borcu ÜDM-in 10 faizindən daha aşağı səviyyəyə gətirmək idi və indi o, ÜDM-in 6,3-6,4 faizini təşkil edir”. azertag

Göründüyü kimi Prezident ölkəmizin xarici borcla bağlı həddindən artıq əlverişli olan imkanları daxilində yeni borclanmaya gedilməsini mümkün sayır. Ancaq o şərtlə ki, borc ÜDM-in 10 faizini ötməsin. Prezident bu məsələyə məhz 4 il əvvəlki bəyan etdiyi fikirlər əsasında yanaşır. Yəni, 2022-ci ildə bəyan edildiyi hədəfin – xarici borcun yığılıb artmasının qarşısının alınması və gələcək nəsillərin bu borcun altında olmaması üçün müəyyən edilmiş həddi keçilməməsini yeganə düstur hesab edir.

Bir neçə ay əvvəl təsdiq edilmiş “2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi”ndə də, xarici dövlət borcunun müəyyən edilmiş hədəf göstəricisini - 10 milyard dolları üstələməməsi nəzərdə tutulub.

 Bu xüsusda Azərbaycanı yeni borc götürməsini zəruri edən əsas amillərin nədən ibarət olması barədə suallara da aydınlıq gətirək.

Azərbaycan iqtisadiyyatı inkişaf edərək genişlənir, rəqəmsal dövlət quruculuğu infrastruktur və xidmət sahələrini müasir inkişaf çağırşlarına uyğun modernləşdirilməsini tələb edir, həmçinin, şəhərsalma və yaşıl inkişaf hədəfləri qarşıda bir sıra iri həcmli investisiya tələb edən iri layihələrin icrasını şərtləndirir. Qarşıya çıxan yeni prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, su təchizatı, məşğulluq, sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə əlavə xərclərə ehtiyac yaranır. Bütün bunlar strateji dövlət proqramlarında əsas milli hədəflər kimi müəyyən edilib. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda paytaxt və kənar ərazilərdə nəhəng infrastrukturların qurulması nəzərdə tutulub.

Eləcə də “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda çoxistiqamətli tədbirlər planı müəyyənləşib

Prezidentin də TV-lərə müsahibəsində bu məsələyə konkret detallı şəkildə aydınlıq gətirilib. Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir. Biz bağlılıq, nəqliyyat məsələlərində daha çox iş görməliyik. Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində yeddi stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik”. mənbə

Həmin layihələr çoxtutumlu maliyyə tələb edir, ən azı bir neçə milyard manat vəsait tələb olunur. Dövlət həmin xərcləri təmin etmək üçün yerli resurslara və rezervlərə malikdir. Həmin rezervlər isə ilk növbədə əsas hədəf olan azad ərazilərdəki layihələrin miqyasının artrırılmasına, hərbi-müdafiə xərclərinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir. Hər üç milli hədəf strateji xarakter daşıdığından bu xərc təminatlarına toxunmaq qeyri-mümkündür.

Ona görə də, dövlət büdcəsinin artan potensialı qeyd edilən həyati vacib xərc hədəflərinə yönəldiyindən, ölkədaxili yeni infrastruktur layihələri və proqramlarının maliyyələşdirilməsində yerli resurslarla yanaşı, xarici borclardan istifadə edilməsi məqsəduyğundur. Çünki xaricdən aşağı faizlə cəlb edilən borc daha sərfəlidir. Azərbaycanın həmin xərcləri özünün ehtiyat rezervləri, suveren milli gəlir fondları ilə maliyyələşdirməsi çətin deyil. Dövlət Neft Fondundan (DNF) ildə 1-2 milyard manat ayırmaqla, bu maliyyə ehtiyacını həll etmək mümkündür. Ancaq Fondun həmin ehtiyatlarının xarici kapital bazarlarında idarə edilməsindən əldə edilən divident gəlirləri xarici borca ödənilən illik faizdən qat-qat üstündür. Belə ki, xarici borca ildə 2-3 faizlə əlavə pul qaytarılırsa, DNF-nin beynəlxalq maliyyə və kapital bazarlarındakı aktivlərinin idarə olunmasından qazandığı gəlirin faizi 4-5 dəfə daha çoxdur.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın borc qaytarmaq üçün heç bir problemi yoxdur. Azərbaycan hökuməti ilə kreditorlar, borc verən maliyyə və bank institutları, kredit təşkilatları ilə imzalanmış sazişlərə əsasən, xarici borcumuzun qaytarılma müddəti üçün ən azı 10 il müddət var. Xarici borcun 50,7 faizi 5 ilə qədər olan müddətdə, 43,9 faizi 10 ilə qədər olan müddətdə, 5,4  faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. mənbə

Borcun bir illik məbləği təqribən 408 milyon dollar edir. Bu vəsait Azərbaycan üçün hədsiz dərəcədə kiçik rəqəmdir, 40 milyard manatlıq dövlət büdcəsinin 1,5 faizidir. mənbə

Prezident İlham Əliyev dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu mövzuya toxunaraq bildirdi ki, xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumi daxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. istinad

Belə ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 83,6 milyard dollara bərabərdir. Bu, o deməkdir ki, rezervlərimiz xarici borcundan təxminən 17 dəfə çoxdur.

Hökumət ehtiyatların cəmi 5,8 faizini xarici borca xərcləməklə borca nöqtə qoya bilər.

Bir məqamı da xatırlatmaq lazımdır ki, kredit və ya borc almaq beynəlxalq praktikada əməkdaşlığın, qarşılıqlı etimadın bir növüdür. İri borcverən təşkilatlar dövlətlərin kredit əldə etmək çevikliyini, borca çıxış əlçatanlığını və geriödəmə

qabiliyyətini nəzərə alaraq daim yeni kredit təklifləri irəli sürür, şərtləri yumşaldır, daha uzunmüddətli şərtlərlə borc təklif edirlər. Bu əməkdaşlığa uyğun olaraq, əldə edilən borc ölkənin iqtisadi inkişafını sürətləndirmək, infrastruktur layihələrini maliyyələşdirmək, yeni texnologiyalar və iş yerləri yaratmaq, eləcə də balansına müsbət təsir göstərən kapital axını təmin etmək üçün faydalıdır. Beynəlxalq maliyyə təşkilatları bu baxımdan borc verdiyi ölkələrin inkişafına maliyyə dəstəyi vermiş olur, maliyyələşdirdiyi investisiya layihələri iqtisadiyyatın güclü dayanıqlılığına təkan verir. Bu, nəticə etibarilə ölkənin fiskal gücü və investisiya səviyyəsinə müsbətə doğru təsir göstərir. Həmçinin, beynəlxalq maliyyə təşkilatlarından əldə edilən kreditin vaxtında qaytarılması bir öhdəlik kimi qlobal səviyyədə qiymətləndirilir. Dünyanın ən nüfuzlu üç beynəlxalq reytinq agentliyi - “Fitch”, “S&P Global Ratings”, “Moody’s” Azərbaycanın güclü fiskal mövqeyini, yəni borcu qaytarmaq öhdəliyi üzrə potensialını, aşağı dövlət borcuna malik olmasını və digər amilləri nəzərə alaraq yüksək reytinqlə dəyərləndirib.  “Fitch Ratings” Azərbaycanın beynəlxalq dərəcəli investisiya reytinqini “BBB-” səviyyəsində təsdiqləyib.

“Moody’s Ratings” agentliyi isə Azərbaycanın suveren kredit reytinqini davamlı şəkildə artıraraq bir müddət əvvəl “Baa3” səviyyəsinə qaldırıb.

Eləcə də “S&P Global Ratings” agentliyi Azərbaycan üzrə reytinq əmsalını “BB+/B” şkalasında təsdiqləyib, “sabit”dən “müsbət”ə dəyişib.

Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycanın xarici dövlət borcu kifayət qədər aşağı səviyyədə olduğundan yeni borclanmaya getmək ölkəmiz üçün hansısa qayğı yarada bilməz.

Bütün bunların müqabilində, “Meydan TV”-nin Azərbaycanın xarici borcu artırır kimi spekulyativ fikirlər yayması və dövlət başçısının fikirlərini konteksdən çıxararaq hökumətin öz vədindən uzaqlaşması görüntüsü yaratması təxribat hesab edilə bilər.

Dövlət başçısının iki müxtəlif tədbirdə çıxışındakı iki sitatın müxtəlif frazalarını önə çıxararaq yarımçıq və konteksdən çıxarılmış formada təqdim edən “Meydan TV” öz saxtakar və qərəzli ənənəsinə sadiq qalaraq mövzu üzərində açıq şəkildə manipulyasiya etməyə çalışır.

Yekun olaraq:

  • Azərbaycan hökumətinin borc strategiyası bir neçə il əvvəl müəyyən edilmiş hədəf prinsiplərinə və düşünülmüş təmkinli siyasi xəttə əsaslanır;
  • Borcun ÜDM-də payının 10 faizi ötməməsi dayanıqlı xətt və prinsipial qərar kimi ortamüddətli dövrdə qorunub saxlanılacaq;
  • Azərbaycan Hökuməti xarici borcun artmasına imkan verməməklə gələcək nəsillərin borc yükünə məruz qalmasına qətiyyən yol verməyəcək;
  • Azərbaycanın mövcud ehtiyatları və artan potensialı xarici borcun qaytarılması üçün əlverişli mühiti dayanıqlı şəkildə təmin edəcək;
  • “Meydan TV”nin borcla bağlı təqdim etdiyi material Azərbaycanın borcla bağlı strateji baxışlarına və hədəflərinə qarşı yönəlməklə reallığı əks etdirmir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər