Bizi sosial şəbəkələrdən izləyin:
“Məni əvvəl sənətdə atam dəstəkləyirdi. İndi isə o dəstəyi həyat yoldaşımdan görürəm. Mən müğənniyəm. Müğənni kimi dəstəyə artıq ehtiyacım yoxdur. Sənətdəyəm, musiqi ilə məşğul oluram. Sakitcə özüm üçün az büdcə ilə nəsə edirəmsə buna da min şükürlər olsun”.
Bunu Moderator.az-a açıqlamasında müğənni Səidə Dadaşova deyib.
O daha sonra əlavə edib:
“Mən teatrda aktrisa olsaydım əlbəttə ki, çox insanlar yanımda olacaqdı. Əslində fikrim var. Planlarım, arzularım, fikirlərim çoxdur. Nəsib olsa həyata keçirmək istərdim. İndidən demək mənə düşmür. 2026-cı il bəlkə elə bu sarıdan mənə düşəcək? Çox xoşbəxtəm. Çünki rahatam. Cismən neynirəm ki? Əsas ruhum rahat, huzurlu olsun. İnsanın ruhu sakit, rahat, huzurlu olanda o özünü xoşbəxt edir. Öz balaca dünyamda özüm üçün yaşayıram”.
Görkəmli sənətkar Rafael Dadaşovun qızı Səidə xanım özlərini böyük aktyorların davamçıları hesab edən sənətçilərdən də danışıb:
“Aktyorların içərisində istedadlı və peşəkarları var. Amma deyə bilmərik ki, onlardan Yaşar Nuri, Siyavuş Aslan, Rafael Dadaşov olacaq. Belə bir şey yoxdur. Əfsanəvi sənətkarlar əvəzolunmazlar. Əvəzolunmaz insanlar var. Onlar istedadlı olacaqlar, amma o olmayacaqlar. İnsanın öz yolu olmalıdır. Bu söz məni çox incidir.. Deyirlər ki, filan aktyora oxşayır. Zahirən oxşaya bilər, amma Rafael Dadaşov, Yaşar Nuri bir də dünyaya gələcək? Əlbəttə ki, yox. Onlar tanına bilərlər, amma sevilə bilməzlər. Adlarını sadaladığım sənətkarlar seçilənlərdir”, - deyə Səidə Dadaşova bildirib.