İranda hökumət vədlər verir, aksiyalar yeni mahiyyət alır - ŞƏRH
1499
08 Jan 2026 | 16:11

İranda hökumət vədlər verir, aksiyalar yeni mahiyyət alır - ŞƏRH

İranda bahalığa, inflyasiyanın artmasına, sosial vəziyyətin ağırlaşmasına qarşı etiraz aksiyalarının coğrafiyası genişlənir.

Məlumatlara görə, şərqdə Məşhəddən qərbdə Kermanşaha, şimalda Rəştdən cənubda Bəndər-Abbasa qədər ölkənin bir çox şəhərində aksiyalar keçirilir. Tehran, Günbat, Babulsər, Bucnurd, Fəlavərcan, Bəndər-Abbas, Tehran, Çabaksar, Kermanşah, Rəşt, Zəncan, Səbzəvar, Səmnan, Şəhrəkord, Əsəluyə, Fəsa, Qəzvin, Qum, Şiraz, Kerman, Lordegan, Məşhəd və Neyşapurda mitinq və nümayişlər olmuş şəhərlərdəndir.

Aksiyalar fonunda ölkənin müxtəlif şəhərlərində sahibkarlar mağazalarını bağlayaraq tətil edirlər.

Ötən gün ilk dəfə Təbriz bazarında da bəzi tacirlər aksiyalara dəstək məqsədi tətil ediblər. Bukan, Mərivan, Sənəndəc (Sınandaş), Divandərə, Bəndər-Abbas, Nişapur və başqa şəhərlərdə də tacirlər aksiyaları dəstəkləmək üçün dükanları bağlayıblar. Bundan başqa, Əhvaz və Qəzvin də daxil olmaqla daha bir neçə şəhərdə tacirlər ilk dəfə tətilə qoşulublar.

İranda İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) məlumatına görə, ötən müddətdə ölkənin 27 əyalətinin 92 şəhərində ümumilikdə 285 etiraz aksiyası, tətil və küçə nümayişi keçirilib. Etirazlara 22 universitetin tələbələri də qoşulub. Hesabata əsasən, güc strukturlarının tətbiq etdiyi zorakılıq nəticəsində 34 etirazçı ölüb. Məlumatlara görə, onların dördünün yaşı 18-dən aşağıdır. Təhlükəsizlik orqanının iki əməkdaşının öldüyü də bildirilib. HRANA 2000-dən çox aksiya iştirakçısının saxlanıldığını qeyd edib.

Hakimiyyət isə aksiya iştirakçıları arasında bölücülük, qarşıdurma yaratmağa səy göstərir. Rəsmilər nümayişlərdə iştirak edənləri iki qrupa bölürlər: biri aksiyaların tələblərinə uyğun çıxış edənlər, o biri isə iğtişaş törədənlər. Bununla həm də etirazçıları bir-birinə qarşı qoymuş olurlar. Monarxistlər vaxtı çatmayan şüarlar irəli sürməklə aksiyanı mənimsəməyə səy göstərirlər. Bu da nəticədə etirazçıların sayının az olmasına və onun coğrafiyasının genişlənməməsinə səbəb olur.

Aksiyalarda hələ ki konkret siyasi şüarlar səslənmir. Müşahidələr və təhlillər göstərir ki, Rza Pəhləvini təbliğ edən çıxış və sloqanlar ümumu etiraz aksiyasının ruhuna və prinsiplərinə zidd olduğu ehtimalını irəli sürməyə imkan verir. Çünki İran cəmiyyəti son 100 ildə pəhləvilərdən zülmdən başqa heç bir xoş gün görməyib. Habelə, bu sülalə fars olmayan etnik qruplara qarşı şovinist münasibət bəsləyərək milli mənsubiyyətinə görə onlara təzyiqlər edib, təqibə məruz qoyub.

Onların dövründən panfarsçı siyasi-etnik ideologiya hakim olmağa başlamışdı. Hətta indiki hümmətçi sayılan hakim teokratiyanın belə əsasında həmin panfarsist düşüncə sistemi durur. Bu siyasi-etnik ideologiya fars olmayanları, xüsusən, Azərbaycan türklərini assimilyasiya etməyə çalışıb. Bu düşüncə türkləri fars etnik qrupunun bir qolu sayır.

Bu istiqamətdə İranda fars olmayanlara edilən milli sitəmə aid tarixi və indiki çoxsaylı hadisələri, faktları nümunə kimi göstərmək olar.

Panfarsçı ideologiyanın indiki hadisələrə də təsiri olduğundan bu məsələyə toxunduq.

Çünki fars olmayanlar mövcud hakimiyyətin yürütdüyü siyasət səbəbindən iqtisadi, sosial və başqa problemlərin məngənəsində qalıblar, həm də başqa etnik qrupa aid olduqları üçün mənəvi təzyiqlərə məruz qalırlar. Bu baxımdan, İranda hakimiyyətə qarşı istənilən etiraz aksiyası ikiqat zülmə məruz qalanlar üçün ümid işığı, təzyiq və təqiblərdən xilas olmaq yoludur.

Rəsmi Tehran hələ də etirazçıların qarşısını güc tətbiqi ilə alır.

Ötən gün İran parlamentində yaranmış vəziyyətlə bağlı qapalı iclas keçirilib. Parlamentin mətbuat katibi Abbas Qudərzi iclasla bağlı açıqlamasında bildirib ki, dövlət şirkətlərinin ixrac üçün nəzərdə tutulmuş valyutadan istifadə edərək bazara çıxması vacibdir:

"Bazarla bağlı son tədbirlər paketinə dair insanların narahatlığını nəzərə alaraq parlamentdə hökumətin tələblərini reallaşdırarkən bazarın ciddi monitorinqini, insanların əsas mallar və zəruri ehtiyaclarla təmin edilməsi üçün atılacaq vacib addımlar vurğulanıb".

O, dövlət şirkətlərinin bazara çıxarılaraq özəlləşdiriləcəyini və ondan əldə edilən valyutadan istifadə olunacağını söyləyib. Mətbuat katibinin sözlərinə görə, valyuta məzənnəsindəki tərəddüdlərin qarşısını almağa və vətəndaşların alıcılıq qabiliyyətini təmin etməyə səy göstərəcəklər. Qudərzinin fikrincə, bu valyuta bazarının, həmçinin tələb və təklifin sabitləşməsinə dəstək verəcək.

Tehran hakimiyyətinin nüvə proqramına, raket istehsalına və müxtəlif azadlıqları tapdadığına görə məruz qaldığı sanksiyalar ölkə iqtisadiyyatını ağır vəziyyətə salıb. Aksiya iştirakçılarının tələblərini təmin etmək üçün hakimiyyətin maliyyə resursu tapmaqda çətinlik çəkdiyi də istisna olunmur. Qudərzi də bu açıqlaması ilə sanki maliyyə mənbələrini göstərməyə çalışır.

Prezident Məsud Pezeşkian hökumətin ötən gün keçirilən iclasında islahatların aparılacağından danışıb. O, etiraz aksiyalarını tənqid etmədən müxtəlif məsələlərə dair vədlər verməklə ölkədəki mövcud ictimai gərginliyi yumşaltmağa çalışıb. Pezeşkian hadisələrlə bağlı deyib: "Xalqa bütün qəlbimizlə xidmət etməli və insanlarda sistemə, inqilaba qarşı nikbinlik yaratmalıyıq. Necə ola bilər, tələbələr universitetdə bizə və inqilaba qarşı etiraz edirlər? Tələbələrin bizdən qaçmasında kim günahkardır? Günahkar bizik, tələbələr və xalq deyil".

O, cəmiyyəti sakitləşdirməyə səy göstərərək əlavə edib: "İşimizi yaxşılaşdırmalı, əməllərimizin nəticələrinə diqqət yetirməli, İmamın yolu (Xomeyni nəzərdə tutulur-müəl.) ilə gedib-getmədiyimizə və ya ona zidd hərəkət etdiyimizə nəzarət etməliyik".

Prezident İlam əyalətinin Məlikşah şəhərindəki xəstəxanaya güc strukturlarının hücumu və zorakılığı nəticəsində baş vermiş hadisənin araşdırılması ilə bağlı uyğun quruma tapşırıq verib.

Hökumət ailələrin dolanışıqlarını dəstəkləmək məqsədilə dörd ay ərzində uyğun şəxslərin hesablarına bir milyon tümən (təxminən 7 dollar) məbləğində subsidiya yatırılacağını açıqlayıb. Dörd ayda hər bir şəxsə cəmi 4 milyon tümən (təxminən 28 dollar) ayrılan dəstək planı son valyuta islahatlarından qaynaqlanan inflyasiya nəticəsində dəyən ziyanı azaltmaq məqsədilə həyata keçirilir.

İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncaninin oğlu Möhsün Haşimi bildirib ki, böhranı aradan qaldırmaq üçün rəsmilər etirazçılarla dialoq aparmalıdırlar. O bunun problemlərin həllinə gətirib çıxaracağına inandığı söyləyib: "İran indi bu tələdən çıxa bilməsə, orada qalmağın qiyməti baha başa gələcək".

Bu aksiyalarda Azərbaycan türklərinin atacaqları addım, çıxışlar da maraq doğurur. Çünki İrandakı bütün proseslərdə onlar bir qayda olaraq öndə olublar. Monarxistlər aksiyanın uğurunu müsadirə etməyə cəhd göstərirlər. Bununla onlar həm də özlərinin hakimiyyətə alternativ olduqlarını Qərbə göstərməyə çalışırlar. Ancaq bu yanlış taktika aksiyaların hədəfə yetişməsini əngəlləyir.

Azərbaycan türklərinin müşahidəçi mövqedə durma səbəblərindən biri kimi bu da göstərilir. Başqa amil isə ötən illərdəki hərəkatlarda aparıcı olsalar da, onların milli tələblərinin təmin olunmamasıdır. Bu baxımdan, türklər aksiyalara ehtiyatla qatılmaq taktikasını seçiblər.

Ötən gün Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası etiraz aksiyalarını dəyərləndirərək yanvarın 10-da dinc aksiya keçirəcəyini bildirib. Bəyanatda qeyd olunub ki, Güney Azərbaycanın bazar əhli həmişə yerli iqtisadiyyatın onurğa sütunu və cəmiyyətin dayağı olsa da, böhranın ilk qurbanlarından biridir: "Dinc və mülki etirazlar Güney Azərbaycan cəmiyyəti, bazar əhlinin qanuni, inkarolunmaz bir haqqıdır. Bu haqqı müdafiə etmək bizim ictimai və siyasi məsuliyyətimizin ayrılmaz bir hissəsidir".

Azərbaycan türkləri yüz ildən artıqdır, İranın demokratikləşməsi, milli hüquqlarının tələbi ilə fəaliyyət göstərirlər. Azadistan, Milli Hökumət bunun nəticəsi sayılır. Ancaq bu proses yarımçıq qalıb...

Fars olmayan başqa etnik qruplara məxsus müxtəlif təşkilatlar da etiraz aksiyalarını dəstəkləyən açıqlamalar veriblər.

Odur ki, İrandakı etiraz aksiyalarının yeni mahiyyət və şüarlarla davam edəcəyi ehtimalı artmaqdadır.

Sədrəddin Soltan,
Report.az

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər