"Sülhməramlı kontingent və təhlükəsizlik zəmanətləri gündəmdə..."
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ilə müharibə diplomatik baxımdan yeni mərhələyə keçib və mövcud proseslər fonunda onun 2026-cı ilin birinci yarısında başa çatması istisna edilmir.
Moderator.az xəbər verir ki, Zelenski bu açıqlama ilə Kiprin Avropa İttifaqı Şurasına sədrliyinin açılışı mərasimində çıxış edib. Məlumatı "pravda.com.ua" nəşri yayıb.
Prezidentin sözlərinə görə, danışıqlar Avropa tərəfdaşları, ABŞ və "İstəklilər koalisiyası" ilə birlikdə intensivləşib. O, vurğulayıb ki, Avropa İttifaqının rolu həlledicidir, Rusiyaya qarşı sanksiyalar və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi Moskvanın hərbi imkanlarını zəiflədir.
Sanksiyalar və Moskvanın mövqeyi
Zelenski qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanır və xüsusilə "kölgə donanması" hədəfə alınıb. Onun sözlərinə görə, danışıqlar davam etsə də, Rusiya prosesi uzadır və hələlik "burun bükür". Bununla belə, prezident Ukraynanın tərəfdaşlarının kifayət qədər təsir imkanlarına malik olduğunu vurğulayıb.
Sülhməramlılar məsələsi
Politoloq İqor Reyteroviçin fikrincə, müharibədən sonra Ukraynada çoxmillətli sülhməramlı kontingentin yerləşdirilməsi real ssenaridir. O, bildirib ki, Rusiya bu ideyaya qarşı çıxarsa, mövqeyini ABŞ qarşısında əsaslandırmalı olacaq. Reyteroviç qeyd edib ki, söhbət NATO qoşunlarından deyil, ikitərəfli və çoxtərəfli razılaşmalar çərçivəsində yerləşdiriləcək qüvvələrdən gedir.
Politoloqa görə, sülhməramlıların əsas rolu döyüşlərdə iştirak deyil, Ukrayna səmasının və dəniz məkanının qorunması, eləcə də Silahlı Qüvvələrə logistika və təlim dəstəyinin göstərilməsi olacaq. Bu cür hərbi mövcudluq Rusiyanın mümkün yeni eskalasiyası üçün ciddi çəkindirici amil sayılır.