Qrip arxa plana keçir? Uşaqlar arasında yayılan təhlükəli viruslar nə zaman risk yaradır... - professor Adil Qeybulla danışır
9244
07 Jan 2026 | 17:19

Qrip arxa plana keçir? Uşaqlar arasında yayılan təhlükəli viruslar nə zaman risk yaradır... - professor Adil Qeybulla danışır

Son dövrlər ölkədə respirator virus infeksiyalarının yayılması əhali arasında ciddi narahatlıq doğurur. Mövsümi xəstəliklərin artması fonunda hansı virusların dövriyyədə olduğu, onların klinik gedişi və mümkün ağırlaşmalarla bağlı suallar aktuallaşıb.
 
Moderator.az mövzu ilə bağlı tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla ilə həmsöhbət olub.
 
Həmin müsahibəni təqdim edirik:
– Adil müəllim, hazırda ölkədə hansı respirator viruslar dövriyyədədir?
 
– Əvvəla qeyd etmək lazımdır ki, hazırda ölkədə dövriyyədə olan əsas respirator virus infeksiyalarına respirator sinsitial virus (RSV), influenza, yəni qrip, insan metapnevmovirusu (human metapneumovirus – hMPV) və COVID-19-un Omikron ştamına aid subvariantlar daxildir. Hazırkı mərhələdə laborator müayinələrlə daha çox məhz bu viruslar identifikasiya olunur.
 
– Metapnevmovirus infeksiyalarının yayılma xüsusiyyətləri nədən ibarətdir?
 
– Metapnevmovirus infeksiyaları adətən mövsümi xarakter daşıyır. Əsasən noyabr ayından başlayaraq mart ayınadək aktiv olur, qışın sonuna qədər davam edir və bəzi hallarda may ayında yenidən müşahidə oluna bilir. Bu virusun aktiv dövrlərində qrip infeksiyalarının nisbətən arxa plana keçməsi tez-tez rast gəlinən epidemioloji mənzərədir. Rəsmi məlumatlarda da metapnevmovirus infeksiyalarının ölkədə yayılmasının artdığı qeyd olunur.
 
– Bu viruslar hansı əlamətlərlə özünü göstərir?
 
– Ümumilikdə, nəfəs yollarını zədələyən virus infeksiyalarının əksəriyyəti oxşar klinik əlamətlərlə keçir. Boğaz ağrısı, burun tutulması və axıntı, öskürək, asqırma, bədən temperaturunun yüksəlməsi, halsızlıq, ümumi zəiflik, baş və əzələ ağrıları bu infeksiyalar üçün xarakterikdir. Məhz bu oxşarlıq səbəbindən klinik olaraq virusların bir-birindən fərqləndirilməsi bəzən çətin olur və yalnız laborator diaqnostika ilə dəqiqləşdirilə bilir.
 
– Bu hallarda müalicə ilə bağlı əsas yanaşma necə olmalıdır?
 
– Əsas yanaşma ondan ibarət olmalıdır ki, insanlar antibiotiklərdən və digər dərman preparatlarından özbaşına istifadə etməməlidirlər. Antibiotiklərin viruslara heç bir təsiri yoxdur və onların əsassız qəbulu əlavə fəsadlara, o cümlədən antibiotiklərə davamlılığın artmasına səbəb ola bilər. Virus infeksiyalarında əsas tövsiyələr yataq rejimi, bol maye qəbulu və hərarət, eləcə də digər şikayətlər olduqda yalnız həkim təyinatı ilə simptomatik müalicənin aparılmasıdır.
 
– Bu viruslar əsasən hansı tənəffüs yollarını zədələyir və necə yayılır?
 
– Metapnevmovirus, influenza və digər respirator virusların səth strukturları bronxial epitel hüceyrələrinə bağlanmağa uyğunlaşmışdır. Bu səbəbdən infeksiya ilk növbədə yuxarı tənəffüs yollarını zədələyir. Yoluxma mexanizmi əsasən hava-damcı yolu ilə baş verdiyindən, asqırma və öskürmə zamanı virus çox asanlıqla yayılır.
 
– Pnevmoniya bu infeksiyalar fonunda nə zaman yaranır?
 
– Pnevmoniya, yəni sətəlcəm, ağciyər toxumasının iltihabıdır və virus infeksiyalarının ağırlaşması kimi meydana çıxa bilər. Virusun aşağı tənəffüs yollarına keçməsi nəticəsində inkişaf edən virus mənşəli pnevmoniyalar bəzən ağır klinik gedişə malik olur və təəssüf ki, ölüm hallarına səbəb ola bilən əsas amillərdən biridir. Qlobal statistikaya əsasən, qrip virusu ilə əlaqəli ölüm halları dünyada illik 500–600 min nəfərə qədər çata bilir və bu göstərici də ölüm halları ilə nisbətdə 8-ci yerdə durur. 
 
– Mövcud epidemioloji vəziyyət fonunda əhaliyə tövsiyəniz nədir?
 
– Bütün bunları nəzərə alaraq demək olar ki, ölkədə mövcud epidemioloji vəziyyət mürəkkəbdir. Buna görə də hər kəs yoluxma riskini azaltmağa, xəstəlik əlamətləri olduqda özünü təcrid etməyə, maska, gigiyena və ümumi profilaktik qaydalara əməl etməyə, eyni zamanda başqalarını yoluxdurmamaq üçün məsuliyyətli davranmağa çalışmalıdır. Maariflənmə, düzgün tibbi yanaşma və özbaşına müalicədən imtina bu dövrdə sağlamlığın qorunmasının əsas şərtləridir.
 
Pərvin Şakirqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər