Ölkənin siyasi mənzərəsinə baxış; referendum və ya erkən parlament seçkiləri iddiaları...
Növbədənkənar seçkilər qərarı olmayacağı halda, Azərbaycanda 2026-cı ildə seçkilər nəzərdə tutulmur. Ölkədə son prezident seçkisi 7 fevral 2024-cü ildə keçirilib. Növbədənkənar prezident seçkisi Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa olunduqdan sonra keçirilən ilk seçki kimi tarixə düşdü.
Azərbaycanda son parlament seçkiləri də növbədənkənar keçirilib. Milli Məclis buraxılıb, 1 sentyabr 2024-cü il tarixində isə yeni parlament seçkiləri keçirilib.
Əsas qanunvericiliyə görə, Milli Məclisə seçkilər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Buna əsasən, əgər növbədənkənar seçkilərə gedilməsə idi parlament seçkisi 3 noyabr 2024-cü il tarixində keçirilməli idi.
Azərbaycanda ən son bələdiyyə seçkiləri isə 29 yanvar 2025-ci ildə baş tutub, bu seçkilər 118 seçki dairəsi üzrə 5000-dən çox məntəqədə 15.000-dən çox bələdiyyə üzvünün seçilməsi üçün aparılıb. Seçkilər ötən beş ilin sonunda keçirilməli idi, lakin digər seçkilərlə əlaqədar olaraq 2025-ci ilin yanvarına təxirə salındı.
Beləliklə, aydın olur ki, əgər qarşıdakı müddətdə növbədənkənar seçki qərarı olmayacaqsa, növbəti prezident seçkisi 2031-ci ildə, parlament seçkiləri 2029-cu ildə, bələdiyyə seçkiləri 2029-cu ilin dekabrında keçiriləcək. Bu isə o deməkdir ki, qarşıdakı 4 il Azərbaycanda seçkilər olmayacaq.
Azərbaycanda seçki komissiyaları isə bu ilin aprelində yeni tərkibdə formalaşdırılmalıdır. Mərkəzi Seçki Komissiyası daxil, bütün dairə və məntəqə seçki komissiyaları Milli Məclisin tərkibinə uyğun qaydada formalaşdırılacaq. Lakin qarşıdakı 4 ilə yaxın müddətdə seçkilər olmayacaqsa, seçki komissiyaları da “işsiz” qalacaq.
Ancaq o da məlumdur ki, Azərbaycanda konstitusiya dəyişikliyi olacağı ilə bağlı tez-tez iddialar, ehtimallar irəli sürülür. Qeyd olunur ki, ölkəmizin bütün ərazisində suverenliyi bərpa edildiyi, əhalinin sayında ciddi artım olduğu, yerlərdə idarəetmədə dəyişikliklərə ehtiyac yarandığı üçün konstitusiya referendumu mümkündür. Konstitusiya dəyişikliyi isə ümumxalq referendum ilə həyata keçirilməlidir. Deməli, əgər konstitusiya dəyişikliyinə gediləcəksə, referendum təyin ediləcək. Prezident İlham Əliyevin yanvarın 5-də yerli telekanallara müsahibəsində söylədiyi “Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bəlkə də bütövlükdə ölkəyə tətbiq edilə bilər” fikri isə idarəetmədə dəyişikliyə gediləcəyinin anonsu hesab edilə bilər.
Seçkilərin partiyaların aktiv və işlək formada qalması üçün mühüm faktor olduğu məlumdur. Bəs 4 ilə yaxın məsafədə-fasilədə siyasi partiyalar necə “formada”qalacaqlar?

AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, seçkilərə hazırlaşmaq və seçkilərdə iştirak etmək siyasi partiyaların əsas vəzifələrindən biridir: “Seçkilər partiyanın qarşısına qoyduğu hədəflərə çatmaq üçün qanuni imkanlar, fürsətlər yaradan amildir. Ona görə də seçkilərə hazırlıq partiya üçün ən vacib məsələdir. Seçkilərə hazırlıq təkcə seçki kampaniyası dövrünü əhatə etməməlidir. Siyasi partiya seçkilərə daim hazırlıq işləri aparmalıdır. Seçkilərarası dövrdə də partiyaların görə biləcəyi işlər kifayət qədər çoxdur. Bu, təbii ki, hər partiyanın özündən asılıdır. Partiya quruculuğunda daim inkişaf, yerli təşkilatların gücləndirilməsi, yeni üzvlərin cəlb olunması, mütəxəssislərin xüsusilə partiyaya cəlb edilməsi, əhali ilə təmasların, əlaqələrin daim aparılması, beynəlxalq əlaqələrin davamlı genişləndirilməsi kimi işlərə partiyalar xüsusi önəm verməlidirlər. Bütün bunlar partiyaların fəaliyyətsiz, passiv qalmasını deyil, aktivliyini, formada qalmasını təmin edən amillərdir. Partiyalar seçkilərarası dövrdə qətiyyən fəaliyyətsiz qalmamalıdırlar. Qarşıda seçki komissiyalarının yenidən formalaşdırılması prosesi dayanıb. Parlamentdə təmsil olunan partiyalar bu prosesdə iştirak etməlidir. Bir sözlə qeyd etdiyim və digər digər çoxsaylı işlər var ki, siyasi partiyaların gündəlik aktiv rejimdə işləməsini özündə ehtiva edir. Mənim digər partiyalara sadəcə tövsiyəm ola bilər. Xüsusi olaraq yalnız öz partiyamız haqqında deyə bilərəm ki, seçki olmasa da, biz gündəlik rejimində işləyirik. Qərargahımızda sadaladğım sahələr üzrə fəaliyyət getməkdədir. Formadan düşmək və passiv olmaq üçün əsas yoxdur”.