5060
06 Jan 2026 | 15:00

"Maduronun həbsi, simvolik tarix və şübhəli qazanc" - "NBC News"

 
"Maduronun  məhkəməsində tarixi paralellər ortaya çıxıb və maliyyə qalmaqalı ilə müşayiət olunur..."
 
Yanvarın 5-də Manhettendə ABŞ Federal Məhkəməsində Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı irəli sürülmüş narkoterrorizm ittihamları üzrə ilk iclas keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşri məlumat yayıb.
 
Maduro özünü hələ də prezident sayır
 
Prosesə 92 yaşlı, nüfuzlu federal hakim Elvin Hellerstayn rəhbərlik edir. Onun uzun illərdir beynəlxalq rezonans doğuran işlərə baxması bu prosesin də sıradan məhkəmə işi olmadığını göstərir. İclas formal xarakter daşıyıb: ittihamlar rəsmi şəkildə Maduronun özünə elan olunub. O, məhkəmə zalına qandallı və həbsxana geyimində gətirilib, ispan dilində danışaraq tərcüməçidən istifadə edib. 
 
Hakimin şəxsiyyətini təsdiqləmək tələbinə cavab olaraq Maduro bildirib ki, "Venesuela Respublikasının prezidentidir" və yanvarın 3-də Karakasdakı evindən "oğurlanıb". Hakim isə bu mövzuların sonradan müzakirə ediləcəyini deyərək onu dayandırıb. 
 
Maduro və həyat yoldaşı ittihamları "tamamilə əsassız" adlandıraraq özlərini günahsız saydıqlarını bəyan ediblər. Müdafiə tərəfi Floresin həbs zamanı qabırğa nahiyəsindən xəsarət aldığını da məhkəmənin diqqətinə çatdırıb. Növbəti iclas martın 17-nə təyin olunub, işin mahiyyəti üzrə baxışın isə aylar, hətta bir ildən sonra başlaması mümkündür.
 
İttihamların mahiyyəti və Vaşinqtonun köhnə presedenti
 
ABŞ prokurorluğunun iddiasına əsasən, Maduro və ətrafı 1999-cu ildən bəri beynəlxalq narkokartellərlə əməkdaşlıq edib, koka­inin ABŞ-a daşınmasına şərait yaradıb, silah və partlayıcı maddələrlə əlaqəli olub. İttiham siyahısında Maduronun oğlu da daxil olmaqla, yüksək rütbəli venesuelalı məmurlar var. Xüsusilə vurğulanır ki, Maduro xarici işlər naziri olduğu dövrdə narkotacirlərə diplomatik pasportlar verib.
CNN 3 yanvarın ABŞ üçün simvolik tarix olduğuna diqqət çəkir. Məhz bu gün 36 il əvvəl Panama lideri Manuel Noryeqa amerikalılara təslim edilmiş, 6 il əvvəl isə Bağdadda İranın nüfuzlu hərbi fiquru Qasım Süleymani məhv edilmişdi. Noryeqa da vaxtilə Maduronun üzləşdiyi kimi, narkoticarətdə ittiham olunmuş və nəticədə ABŞ-a aparılaraq mühakimə edilmişdi. Bu paralellər Vaşinqtonun "təhlükə hesab etdiyi liderlərə" qarşı eyni modeldən istifadə etdiyini göstərir.
 
Şübhəli mərc və Konqresdə narahatlıq
 
"Reuters"-in araşdırmasına görə, Maduronun həbsi təkcə siyasi deyil, maliyyə qalmaqalına da yol açıb. Adı açıqlanmayan bir treyder ABŞ-ın Venesuelaya müdaxiləsi və Maduronun hakimiyyətdən kənarlaşdırılması ehtimalına vaxtında mərc edərək təxminən 410 min dollar qazanıb. Maraqlıdır ki, bu hesab cəmi bir ay əvvəl yaradılıb və risklər bazar tərəfindən "demək olar ki, mümkünsüz" sayılan anda edilib.
Hadisə ABŞ Konqresində ciddi suallar doğurub. Demokrat konqresmen Riçi Torres bildirib ki, seçkili şəxslərin və dövlət məmurlarının proqnoz və mərc platformalarında iştirakını qadağan edən qanun layihəsi hazırlayacaq. Şübhələr əsasən ondan ibarətdir ki, Maduronun taleyi ilə bağlı bazar hərəkətləri insayder məlumatı olmadan mümkün görünmür.
 
Beləliklə, Maduronun işi təkcə bir məhkəmə prosesi deyil. Bu, ABŞ-ın geosiyasi alətləri, tarixi presedentləri və paralel şəkildə maliyyə bazarlarında yaranan kölgəli mexanizmləri üzə çıxaran daha geniş mənzərənin bir hissəsidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər