"Dron hücumları fonunda hava məkanında gərginlik artır, cəbhədə isə psixoloji təzyiq dərinləşir..."
Yanvarın 6-na keçən keçən gecə Rusiya-Ukrayna müharibəsində hava hücumları və qarşılıqlı dron zərbələri ilə yadda qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
Ukraynaya hücum, HHM işi və arxa cəbhədə problemlər
Məlumatda deyilir ki, Ukrayna ərazisi kütləvi PUA hücumuna məruz qalıb, eyni zamanda Ukrayna dronları Rusiyanın bir sıra regionlarında itkilərə və dağıntılara səbəb olub. Nəşrin Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla yazdığına görə, Rusiya ordusu 5 yanvar axşamından başlayaraq Ukraynaya qarşı genişmiqyaslı dron hücumu həyata keçirib.
Hücumda "Shahed", "Gerbera" tipli PUA-lar daxil olmaqla ümumilikdə 61 dron istifadə olunub. Onların əksəriyyəti Millerovo, Kursk, Oryol istiqamətlərindən və müvəqqəti işğal olunmuş Donetsk vilayətindən buraxılıb.
Ukrayna HHM qüvvələri hücumu dəf edib, 53 dron məhv edilib və ya sıradan çıxarılıb. Bununla yanaşı, 8 zərbə PUA-sının hədəflərə çatdığı bildirilib. Kiyevdə gecə ərzində dəfələrlə hava həyəcanı elan olunub, Obolon rayonunda dron hücumu nəticəsində özəl tibb müəssisəsi zədələnib və xəstələr təxliyə edilib. Prezident Vladimir Zelenski vurğulayıb ki, Ukrayna üçün HHM "gündəlik və fasiləsiz" ehtiyacdır.
Cəbhənin Pokrovsk istiqamətində isə Rusiya ordusunda ciddi motivasiya problemləri qeydə alınır. "ATEŞ" partizan hərəkatının məlumatına görə, 39-cu qvardiya motoatıcı briqadanın zabitləri arxa bölgələrə köçürülmək üçün kütləvi şəkildə raportlar yazır. Komandanlıq vəziyyəti təzyiq və hədələrlə nəzarətdə saxlamağa çalışsa da, real vəziyyətin hesabatlarda gizlədildiyi bildirilir.
Ukraynanın cavab zərbələri
Eyni gecə Ukrayna dronları Rusiyanın bir sıra regionlarına zərbələr endirib. Rusiya Müdafiə Nazirliyi 129 PUA-nın vurulduğunu açıqlayıb. Tver vilayətində bir nəfər həlak olub, Lipetsk vilayətində sənaye obyektində yanğın baş verib, Belqorod vilayətində isə mülki itkilər qeydə alınıb.
Bir sıra regionlarda uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub. 6 yanvar gecəsi bir daha göstərdi ki, müharibədə əsas yük getdikcə dronların və HHM sistemlərinin üzərinə düşür, eyni zamanda cəbhədəki psixoloji durum döyüşlərin gedişinə birbaşa təsir edir.