Bizi sosial şəbəkələrdən izləyin:
İndiyədək işğaldan azad edilmiş ərazilərdə 7 mindən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.
Energetika Nazirliyindən Moderator.az-a verilən məlumata görə, bunların təqribən 40 faizi, yəni 3 min ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2-5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsində bu göstərici 2 dəfə azalıb.