“16 il işlədiyim teatrdan inciyib çıxdım, 12 il işsiz qaldım, gənc rejissorlar indi məni tanımır” - FOTO+ÖZƏL
5575
06 Jan 2026 | 10:48

“16 il işlədiyim teatrdan inciyib çıxdım, 12 il işsiz qaldım, gənc rejissorlar indi məni tanımır” - FOTO+ÖZƏL

“Teatr mənim üçün ailədir, dostdur, yoldaşdır, sirdaşdır. Əslində teatra təsadüfən gəlməmişəm. Orta məktəbi bitirən kimi öz arzumla, istəyimlə sənədlərimi İncəsənət universitetinə verdim. Həmin ildə də qəbul olundum. 1997-ci ildə universiteti bitirdim. Məlik Dadaşov, Kamal Xudaverdiyev, Vaqif Əsədov, Rafiq Əzimov kimi böyük sənətkarlardan dərs almışam. Buna görə şanslıyam”.
 
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər teatrının aktrisası Əsmər Qurbanova deyib.
 
O daha sonra əlavə edib:
“Əslində 3-cü kursdan elə işə başlamışam. Sumqayıt Dövlət Dram teatrında ilk dəfə böyük səhnəyə çıxmışam. İndiyə qədər yadımdadır ki, “Tramvayı kim oğurladı?” tamaşasında dovşan obrazını oynayırdım. Daha sonra böyüklər üçün olan tamaşalarda da rol aldım. “Solğun çiçəklər”-də Pəri, “Bayramın birinci günü” əsərində qulluqçu rolunu, “Bir köpək var idi” alleqorik əsərində dişi canavarı oynadım. Bu çox maraqlı bir obraz idi. Dişi canavar rolunun sənət həyatımda xüsusi rolu var. 16 il bu teatrda çalışmışam. Amma təəssüflər olsun ki, bəzi narazılıqlar oldu və mən qəlbən oradan inciyib uzaqlaşdım. 2 il Mingəçevir Dövlət Dram teatrında işlədim. Bu teatrda da istədiyim nəticə olmadığı üçün yarım qoyub getdim. Uzun müddət teatrdan küsdüm. Sənətdən uzaqlaşdım. 12 il səhnədən uzaq qaldım”
.
Əsmər Qurbanova bildirib ki, dəfələrlə Sumqayıt Dövlət Dram teatrından dəvət alsa da, getməyib:
“Sənət yoldaşlarım məni öz doğma teatrıma dəvət etsələr də ora qayıtmadım. Heç istəmirdim. Çünki qəlbim qırılmışdı. Mənə bir neçə yaxın dostum məsləhət gördü ki, Bakı Uşaq və Gənclər teatrına gedim. Getdim də. Getməyimə heç peşman da deyiləm. Kollektiv məni o qədər doğma qarşılayıb, bağrına basdı ki, mənə yaşamaq həvəsimi yenidən qaytardı. Həyata yenidən bağlandım. Ora mənim birinci evim oldu. Təsəvvür etmirəm ki, ordan ayrılım. Yenə də bəzi məsləhətlər görüblər ki, bəlkə başqa teatrda çalışasan.. Bütün təklifləri rədd etmişəm. Düzdür, binamız yoxdur, binasızlıq, şəraitsizlik bizi çox üzür. 10-12 nəfər bir otaqda geyinir, bir otaqda yeyir, bir otaqda oturub məşq edirlər. Binasız vəziyyətdə biz bir-birimizə o qədər bağlanmışıq ki.. Can deyib, can eşidirik. Bəlkə də şəraiti olan teatrlarda o cür hörmət və qayğı yoxdur. Amma bizdə bu qayğı böyük və əhatəlidir. Bəlkə də bizi ayaqda saxlayan da elə budur. Bu mehribançılğı yaratmaqda teatrımızın direktoru İntiqam müəllimin böyük rolu var. Çünki o heç kimi heç kimdən ayırmır, hamını eyni səviyyədə qiymətləndirməyi bacarır. Yaxşı ki, o teatra gəlmişəm. Uşaqlarla işləmək mənim üçün böyük bir zövqdür. Səhnədə özümü daha gənc hiss edirəm. İnanın ki, səhnədə məni görəndə deməzsiniz ki, bu aktrisanın yaşı çoxdur. Özümü 15-16 yaşımdakı kimi hiss edirəm. Uşaqlarla işləmək insanı cavanlaşdırır. Mən hansısa uşağa böyük zövq bəxş edirəmsə, özüm də o uşaqdan daha böyük zövq alıram”.
 
Aktrisa film həyatının bir o qədər də uğurlu olmadığını bildirib:
“Bəzi filmlərə zaman-zaman çəkilmişəm. Təxminən 13-14 il əvvəl. Həm serial, həm film, həm də sənədli filmlərdə rol almışam. Sonra sənətimdə fasilə oldu. Uzun müddət sənətdən ayrıldığım üçün film həyatım da bir o qədər də rəngarəng olmadı. 3 ildir qayıtmışam səhnəyə. Bəzi rejissorların bundan xəbəri yoxdur, gənc rejissorlar da məni tanımır. Hələ ki, maraqlanmırlar. Əvvəl kastinq qrupları teatra gəlib, tamaşamıza baxıb, bizi film üçün ordan seçirdilər. İndi bu ən-ənə yoxdur. Çox arzu edərdim ki, rejissorlar gəlib teatrda tamaşalara baxsınlar. Teatrda istedadlı aktyor və aktrisalar çoxdur. Kastinq rəhbərlərinin heç onlardan xəbəri yoxdur. Bütün aktyorlar kimi mən də çəkilməyi istəyirəm. Sadəcə çağırmırlar. Mən də gedib heç kimə ağız açıb, xahiş etmərəm. Bu mənlik deyil. Sənətimi bəyənən gəlib məni çəkəcək”, - deyə aktrisa bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər