Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti, sevilən müğənni Flora Kərimova “Xəzər” muzeyində qonaq olub. O həmçinin muzeyin təsisçisi Siyavuş Əlizadənin axtarıb-tapdığı plastinkalarını imzalayıb.
Bu haqda muzeyin direktoru Siyavuş Əlizadə Moderator.az-a açıqlama verib:
“Flora xanım bizim muzeydə üçüncü dəfədir ki, qonaq olur. Kolleksiyamızla çoxdan tanışdır. Flora Kərimovanın səsi-təkcə eşitdiyimiz musiqi deyil, hiss etdiyimiz həyatdır. Onun sənəti qəlbə toxunur, şəxsiyyəti isə hörmət oyadır. Canlı əfsanəmizə sonsuz sevgi və ehtiramımız var. Onu muzeyimizdə qonaq etmək olduqca xoş idi. Flora Kərimovanın plastinkalarını öz kolleksiyamıza yığmaq bizim üçün ikiqat şərəfdir”.
Siyavuş Əlizadə muzeydə toplanılan plastinkaların sayını da açıqlayıb:

“2023-cü ildən etibarən “Xəzər” muzey mərkəzində maraqlı kolleksiyaların toplanılmasına start verilib. İlk maraqlı və nadir kolleksiyalardan biri Azərbaycanda ilk dəfə olaraq imzalı vinillər oldu. Həmin imzalı plastinkalar Sovet dövrünə aiddir. Həmin sənətkarlarla bir-bir görüşüb, plastinkaları şəxsən özlərinə imzalatdırmışam. Layihə əsasında 70 sənətkarın 100-dən çox plastinkası imzalanıb. Kolleksiyada nəinki azərbaycanlı, dünya şöhrətli müğənnilərin də imzalı plastinkaları mövcuddur. Kolleksiyada ümumilikdə 300-ə yaxın plastinka var. Bunların yarıdan çoxu imzalıdır. Eyni zamanda muzeyimizdə ən qədim plastinka 1904-cü ilə aiddir. 1908, 1910, 1911, 1912, 1913, 1914-cü illərə aid Məşədi Məmməd Burzuyev, Məşədi Məmməd Fərzəliyev, Məcid Behbudov, İslam Abdullayev, Ələsgər Abdullayev, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Lətif Əliyev və s. sənətkarların qədim plastinkaları da var. 30, 40, 50-ci illərə aid olan vinillər də var ki, orada olan ifaların heç biri sosial platformalarda yoxdur”, - deyə muzeyin təsisçisi bildirib.