Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin Venesueladan sonra İranda rejim dəyişikliyinə hazırlaşdığı bildirilir. Trampın son bəyanatları da bunu deməyə əsas yaradır. Belə proqnozlar səslənir ki, Vaşinqton 1925-ci ildən 1979-cu ilə qədər İranda hakim sülalə olan Pəhləvilər rejimini “diriltməyə” cəhd edəcək.
Politoloq Vaqif Hüseyn Musavat.com-a bildirib ki, İranda Pəhləvi sülaləsinin yenidən hakimiyyətə gətirilməsi Amerika üçün hər zaman gündəmdə olub:
“Bir məsələni xüsusi deyim ki, Vaşinqtonda İran səfirliyinin binası var. Həmin binanın içərisi indiyə qədər də qorunur. Heç bir dəyişiklik də aparılmayıb. İndinin özündə də sanki pəhləvilərin geridönüşünü gözləyirlər. Səfirlikdə belə bir ab-hava yaranıb. Tarixi bir faktı deyim ki, 1977-ci ildə o vaxtkı ABŞ rəhbəri Cimmi Karter ilk dəfə ölkə prezidentləri içərisində Milad bayramını İranda keçirdi. Bir sözlə, İranda pəhləvilər hər zaman Amerika üçün prioritet olub”.
Onun fikrincə, İranda fars millətçiliyi Pəhləvi ideologiyası ətrafında birləşə bilər:
“İranın xaricdəki mühacirlərinin Amerikada dayaqları kifayət qədər böyükdür. İran müğənniləri xaricdə konsert verəndə onlar kütləvi formada ora qatılırlar. Həmin insanlar köhnə rejimin yenidən geridönüşünü arzuladıqlarını gizlətmirlər. Pəhləvi rejiminin özü fars ideologiyası ətrafında qurulub. Hazırda İran rejimindən narazılar arasında əldə olunan məlumatlara görə, ateistlərin və deistlərin sayı çox artıb. Onların da sanki ümid yeri Pəhləvi rejimidir. O rejimin dövründə nəinki türklərə, farslara edilən zülmdən xəbərsiz olan hazırkı gənc nəslin pəhləvilərə simpatiyası duyulmaqdadır. Sanki onlara elə gəlir ki, şahın gəlməsi ilə çoxdan arzuladıqları azadlıqlarına qovuşacaqlar. Həm də o nəsil müasir həyat tərzini arzulayır”.