Azərbaycanın Xocalı qatilləri Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan və digərlərinə cinayət işi açdığı və beynəlxalq axtarış elan etdiyi məlumdur. Zaman-zaman bu bədnam üçlüyün və digər Xocalı qatillərinin ya xaricdə olduqları vaxt, ya da elə Ermənistanın daxilində yaxalanıb Bakıya təhvil verilməsi məsələsi müzakirə mövzusu kimi aktuallaşıb. ABŞ-nin Venesuelada bu ölkənin prezidentinə qarşı həyata keçirdiyi əməliyyat Xocalı qatillərinə qarşı da əməliyyatın keçirilməsinin mümkün olub-olmadığını gündəmə gətirir.
Maduro əməliyyatı Azərbaycana hansısa fürsətlər yaradırmı, Xocalı qatillərini əməliyyat keçirib gətirmək olarmı?
Moderator.az xəbər verir ki, təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, “Maduro əməliyyatı”nı birmənalı qiymətləndirmək çətindir:
“Çünki bu əməliyyatın bir tərəfdən Venesuela xalqı üçün müsbət tərəfləri varsa, o biri tərəfdən beynəlxalq hüquqa zidd olan addımdır. BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan aparılan əməliyyatdır. Ona görə də dünyada birmənalı qarşılanmır. Maduro əməliyyatının Azərbaycana Xocalı qatilləri olan Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi qatillərin yaxalanıb gətirilməsi üçün fürsət yarada biləcəyi isə az inandırıcıdır. Ona görə ki, Xocalı soyqırımında iştirak edənlər istər 366-cı alayın zabitləri, istərsə də konkret olaraq ermənilər olub. Çətin ki, Rusiya bizə şərait yarada ki, biz Xocalı qatillərini əməliyyat keçirib tutub gətirək. Rusiya ərazisində belə bir əməliyyat keçirmək mümkün olmaz. Ermənistan ərazisində Xocalı qatillərinin əməliyyat keçirməklə tutulub Bakıya gətirilməsinə gəlincə, hazırda Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və sülh müqaviləsi imzalamaq ərəfəsindəyik. Bu ərəfədə Azərbaycanın Ermənistan ərazisində əməliyyat keçirməsi bölgədə vəziyyəti gərginləşdirər, sabitlik pozular, qarşıdurma yaranar. Baxmayaraq ki, Nikol Paşinyanla Robert Köçəryan-Serj Sərkisyan arasında düşmənçilik səviyyəsində pis münasibətlər var, ancaq əməliyyatın Ermənistan ərazisində keçirilməsi Ermənistanın hakimiyyəti tərəfindən qəbul edilməz addım kimi qarşılanar”.
Ekspert hesab edir ki, Azərbaycan Xocalı canilərinin ədalət mühakiməsi qarşısında cavab verməsini təmin etmək üçün davamlı olaraq hüquqi cəhətdən məsələni İrəvan qarşısında qoya bilər:
“Ola bilsin ki, nə zamansa kimlərisə hüquqi yolla, ekstradisiya və ya təhvil vermə ilə gətirmək mümkün olar. Amma “Maduro əməliyyatı” kimi əməliyyat keçirməklə məsələni həll etməyin başqa fəsadları meydana gələr. ABŞ dünyanın super gücüdür Maduronu o şəkildə yaxalamasına görə Amerikaya heç nə edə bilmirlər. Amma Azərbaycanın buna bənzər əməliyyatını dünyada bizə qarşı olan dövlətlər, qüvvələr Azərbaycana qarşı çevirməyə çalışarlar”.