2418
05 Jan 2026 | 14:58

"Venesuela əməliyyatı və yeni gərginlik xətti: Trampın güc siyasəti Qərbi parçalayır" - BBC

 
"ABŞ-ın güc nümayişi və Qərbdə fikir ayrılığı..."
 
ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat Qərb daxilində ciddi fikir ayrılığı yaradıb. Avropa İttifaqı bu məsələ üzrə vahid mövqe formalaşdıra bilməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr yazır ki, Macarıstan bəyanatı imzalamaqdan imtina edib və Brüssel yalnız "26 ölkənin bəyanatı"nı yayımlayıb. Sənəddə Nikolas Maduronun "demokratik legitimliyinin olmadığı" qeyd olunur, beynəlxalq hüquqa riayət və siyasi məhbusların azad edilməsi çağırışı yer alır.
 
Bu fonda Vaşinqton daha açıq danışır. Donald Tramp bəyan edib ki, ABŞ "təhlükəsiz və nəzarətli keçid" təmin olunana qədər "Venesuela"nı faktiki olaraq idarə edəcək. Pentaqon rəhbəri Pit Heqset isə bildirib ki, bütün şərtləri Vaşinqton müəyyən edəcək. Rəsmi arqumentlər narkotik axınının kəsilməsi və ABŞ-ın itirdiyini iddia etdiyi neft maraqlarının bərpasıdır.
 
Ukraynanın ikili yanaşması
 
"The New York Times" yazır ki, Kiyevdə Rusiyanın geosiyasi mövqelərinin zəifləməsi müsbət qarşılanır. Lakin ABŞ-ın "Venesuela"dakı addımları Ukraynada narahatlıq da yaradır: bu, Rusiyanın Ukraynaya qarşı təcavüzünü xatırladır və "ikili standartlar" arqumentini gücləndirə bilər.
 
Prezident Vladimir Zelenski hadisəni dolayı yolla şərh edib, XİN isə Maduro rejimini pisləsə də, beynəlxalq hüququn vacibliyini xüsusi vurğulayıb. Analitiklərdən bəziləri bunu Kreml üçün ciddi reputasiya zərbəsi sayır, digərləri isə Rusiyanın bu presedenti öz təbliğatında istifadə edəcəyindən ehtiyatlanır.
 
Venesueladan Qrenlandiyaya uzanan mesaj
Tramp administrasiyası Venesuela ilə kifayətlənmədiyini gizlətmir. ABŞ prezidenti Qrenlandiyanı "strateji zərurət" adlandıraraq, adaya nəzarətin ABŞ təhlükəsizliyi üçün vacib olduğunu bildirib. Bu açıqlamalar Danimarkanın sərt reaksiyasına səbəb olub. Baş nazir Mette Frederiksen Vaşinqtonu təhdidlərə son qoymağa çağırıb və Qrenlandiyanın "satılmadığını" açıq şəkildə bəyan edib.
 
"The Washington Post"un yazdığına görə, Venesuelanın keçid dövründə faktiki idarəsi dövlət katibi Marko Rubionun əlinə keçə bilər. Məqsəd birbaşa hərbi idarəetmə deyil, Karakasa sərt şərtlər siyahısının təqdim olunmasıdır.
 
Yeni presedent
 
Venesuela əməliyyatı Trampın xarici siyasətdə gücə söykənən xəttinin açıq nümayişinə çevrilib. Bu addım Rusiyanın təsirini zəiflədə bilər, amma eyni zamanda ABŞ-ın beynəlxalq hüquqa yanaşması ilə bağlı sualları dərinləşdirir. Qərb daxilində artan parçalanma isə bu presedentin uzunmüddətli nəticələrinin hələ qabaqda olduğunu göstərir.
Link kopyalandı!
Son xəbərlər