3242
04 Jan 2026 | 19:54

"Rusiya şəhərləri ələ keçirmək üçün yeni taktika tətbiq edir" -  "The Washington Post"

 
"Dronlarla logistikanın iflic edilməsi və piyada qrupların infiltrasiyası..."
 
Rusiya Ukrayna şəhərlərinin işğalı üçün yeni operativ sxem tətbiq edir və bu yanaşma gələcəkdə Kiyev üçün ciddi problemlər yarada bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "wp.org" nəşri yazıb.
 
Pokrovsk Moskva üçün həlledici deyil, amma riskli model yaradır
 
Nəşr yazır ki, hazırda bu taktikanın əsas nümunəsi Pokrovskdur. Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiki Jorj Barros bildirir ki, Pokrovskun mümkün işğalı Rusiyaya yalnız məhdud taktiki üstünlüklər verəcək. Lakin bu kampaniya rus ordusunun döyüş şəraitinə uyğunlaşdığını göstərir və vaxtında qarşısı alınmasa, Ukrayna yaxın və orta perspektivdə çətinliklərlə üzləşə bilər.
Analitik vurğulayır ki, Kreml Pokrovskun əhəmiyyətini şişirdərək Rusiya irəliləyişini "qaçılmaz" kimi təqdim edir və bu yanaşmanı ABŞ prezidenti Donald Trampın danışıqlar komandasındakı bəzi şəxslər də paylaşır.
 
İtkilər fonunda dəyişən taktika
 
Barrosun fikrincə, Avdeyevkanın işğalından sonra Rusiya üçün əsas hədəf Pokrovsk olub. Son iki ilə yaxın müddətdə rus qoşunları cəmi 40 kilometr irəliləyib və bu, Moskva üçün ağır itkilərlə müşayiət olunub.
 
2023-cü ilin payızından 2024-cü ilin yayına qədər Pokrovsk ətrafında Rusiya ordusu 1000-dən çox zirehli texnika və 500-dən artıq tank itirib. Bundan sonra mexanikləşdirilmiş hücumlar dayandırılıb, kiçik piyada və diversiya qruplarına üstünlük verilib.
 
Bu taktika irəliləyiş imkanı versə də, itkilər davam edib: 2025-ci ilin oktyabrında Rusiya qüvvələri Pokrovsk yaxınlığında təxminən 30 kvadrat kilometr ərazi ələ keçirib, lakin on minlərlə hərbçi itirib. Analitikə görə, bu, Rusiyaya real operativ üstünlük qazandırmır.
 
Yeni şəhər işğalı modeli və risklər
 
Barros bildirir ki, Rusiya yeni sxem üzrə əvvəlcə dronlarla Ukrayna ordusunun logistika xətlərini sıradan çıxarır, sonra piyada hücum və diversiya qruplarını döyüşə göndərir. Onun fikrincə, bu yanaşma Slavyansk, Kramatorsk, Drujkovka və Konstantinovkanın müdafiəsini ciddi şəkildə çətinləşdirə bilər.
 
Analitik xatırladır ki, Rusiya artıq Pokrovsk təcrübəsini başqa istiqamətlərdə də tətbiq etməyə başlayıb və Kramatorskla dəmir yolu əlaqəsinin bağlanması da dron təhlükəsi ilə əlaqələndirilir.
 
Barros hesab edir ki, Ukrayna bu sxemə qarşı xüsusilə dronlarla mübarizə sahəsində effektiv cavab tapmalı, eyni zamanda Qərbin artilleriya, raket və kəşfiyyat dəstəyi olmadan Rusiya hücumunu dayandırmaq çətin olacaq. Onun qənaətinə görə, cəbhədə üstünlük Rusiyanın tərəfində qaldıqca real diplomatik irəliləyiş də mümkün deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər