1452
03 Jan 2026 | 20:15

"Kreml TRİPP layihəsində iştirak etməklə regionda öz təsir imkanlarını qorumağa çalışır" - RƏY

"TRİPP marşrutunun geopolitik reallığa çevrilmə ehtimalının çox böyük olduğunu görən Kreml layihədə bu və ya digər formada iştirak etməklə Cənubi Qafqaz regionunda öz təsir imkanlarını qorumağa çalışır".
 
Moderator.az xəər verir ki, bunu "Report"a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
 
O qeyd edib ki, ötən il avqustun 8-də ABŞ-də əldə olunan tarixi razılaşmadan (Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından - müəl.) sonra Cənubi Qafqaz regionunda bir sıra mühüm proseslər cərəyan etməkdədir:
 
"Əgər ilkin dövrdə Rusiya ilə İranın Tramp marşrutuna qarşı sinxron etirazları müşahidə olunurdusa, bu gün fərqli mənzərə yaranıb. İnfrastruktur layihələrinin işə düşməsi və nəqliyyat arteriyalarının açılması ilə bağlı İran və Rusiyanın mövqeləri də zaman-zaman üst-üstə düşməyib və müxtəlif nümayəndə heyətlərinin görüşündə bu məsələ müzakirə olunub. Ancaq indi biz görürük ki, Rusiya Cənubi Qafqazda da ABŞ ilə əməkdaşlıq etmək niyyətindədir".
 
Siyasi şərhçinin sözlərinə görə, Moskvanı bu mövqeyə yönəldən bir sıra səbəblər var:
 
"Rusiya-Ukrayna müharibəsində Moskva Vaşinqtonla birbaşa danışıqlar aparır və Ukraynanın taleyinin həllində yalnız ABŞ-nin mövqeyini əsas götürür. Maraqlıdır ki, Avropa da bütün bu proseslərdən kənarda qalıb. Eynilə artıq TRİPP marşrutunun geopolitik reallığa çevrilmə ehtimalının çox böyük olduğunu görən Kreml ən azı bu layihədə hər hansı formada iştirak etməklə regionda öz təsir imkanlarını qorumağa çalışır".
 
 
İ.Hüseynov vurğulayıb ki, Rusiya Cənubi Qafqazdakı canlanmadan kənarda qalmaq niyyətinin olmadığını nümayiş etdirir:
 
"Digər tərəfdən, regionda pozitiv dinamika müşahidə edilir. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü, Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana çatdırılması, Azərbaycanın neft məhsullarının Gürcüstan vasitəsilə Ermənistana tədarükü, sonda isə Rusiya taxılının qeyd olunan marşrutla Ermənistana çatdırılması kimi məsələsi var. Bu ona işarədir ki, Rusiyanın Cənubi Qafqazdakı canlanmadan kənarda qalmaq niyyəti yoxdur. Nəticə etibarilə, Rusiyanın Vaşinqton razılaşmalarından sonra regionda baş verən ümumi yaxınlaşma və normallaşma prosesi fonunda kommunikasiya xətləri ilə bağlı müəyyən imkanları araşdırdığını söyləyə bilərik".
 
Ekspert hesab edir ki, buna səbəb həm də Rusiyanın regiondakı proseslərin artıq 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat əsasında getməyəcəyini görməsidir:
 
"O sənəddə Rusiyanın maraqları daha geniş planda əks olunmuşdu, üstünlükləri və təhlükəsizliyə nəzarət imkanları təsbit edilmişdi, indi isə vəziyyət dəyişib. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan kommunikasiya xətlərinin açılmasının həm də Ermənistan-Rusiya münasibətlərinə müsbət təsir göstərdiyini bəyan edib. Göründüyü qədər, Ermənistan hazırda regionda gedən proseslərdə Rusiyanın iştirakını istisna etmir. O baxımdan, ABŞ ilə Rusiya arasında qlobal maraqlar uzlaşdırlsa, bu, istər-istəməz Cənubi Qafqazda da öz əksini tapacaq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər