Bizi sosial şəbəkələrdən izləyin:
Son 10-12 ildə Azərbaycan hakimiyyətində gəncləşmə prosesi gedir. Yaşlı məmurları gənc və perspektivli kadrlar əvəzləyir.
Azərbaycanın ən gənc naziri Vüqar Mustafayevdir. O, 37 yaşında müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.
39 yaşını yenicə tamamlamış nazirlə bağlı məlumatları təqdim edirik:
Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, "Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib.
V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə "Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub.
Vüqar Mustafayev Prezident İlham Əliyevin 18 noyabr 2023-cu il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin olunub. O, bu vəzifədə general-polkovnik Mədət Quliyevi əvəzləyib.
Ailəlidir, iki övladı var. (metbuat.az)