Son vaxtlar Azərbaycanda dərmandan zəhərlənmə hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. İnsanlar artıq aptekdən aldıqları dərmanın onları sağaldacağına yox, təhlükə yarada biləcəyinə dair ciddi şübhələr keçirir. Hadisələrin sayı və xarakteri göstərir ki, söhbət tək-tük faktlardan deyil, sistemli problemə çevrilməkdə olan təhlükəli tendensiyadan gedir.
Bu narahatlığı bir daha gündəmə gətirən hadisə paytaxtın Yasamal rayonunda baş verib. 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev yaşadığı mənzildə qəbul etdiyi dərmandan zəhərlənərək həyatını itirib. İlkin məlumatlara görə, ölümün səbəbi məhz qəbul edilən dərman preparatının orqanizmə mənfi təsiri olub. Hadisə ictimaiyyətdə ölkəyə gətirilən dərmanların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı sualları daha da artırıb.
Rəsmi statistika da vəziyyətin ciddiliyini açıq şəkildə ortaya qoyur. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin məlumatına əsasən, cari ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə 275 nəfər tibb müəssisəsinə müraciət edib. Həkimlərin səylərinə baxmayaraq, 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Müraciət edənlər arasında əsasən orta və yaşlı nəsil üstünlük təşkil edir, lakin gənclər arasında da bu cür halların artdığı bildirilir.
Mütəxəssislərin fikrincə, zəhərlənmələrin əsas səbəbləri həkim təyinatı olmadan dərman qəbulu, dozanın düzgün müəyyən edilməməsi, bir neçə preparatın eyni vaxtda istifadə olunması və dərmanların qarşılıqlı təsirinin nəzərə alınmamasıdır. Xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupunda sayılır. Təzyiq, ürək-damar, şəkər xəstələri, eləcə də ağrıkəsici, sakitləşdirici və yuxugətirici dərmanlardan uzun müddət istifadə edənlər arasında ağır zəhərlənmə halları daha çox qeydə alınır.
Həkimlər bildirir ki, yaşlı insanlar bir neçə xəstəlikdən əziyyət çəkdiyinə görə paralel olaraq müxtəlif dərmanlar qəbul edir və bu preparatların uyğunluğu çox zaman nəzərə alınmır. Nəticədə isə dərmanlar sağaldıcı vasitə olmaq əvəzinə, orqanizm üçün ciddi təhlükəyə çevrilir.
Cəmiyyətdə geniş yayılmış iddialardan biri də ölkəyə saxta və keyfiyyətsiz dərmanların gətirilməsi ilə bağlıdır. Məsələ ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi dərman vasitələrinin idxalı və dövriyyəsinin nəzarətdə saxlanıldığını bildirir. Bununla belə, qurum qeyri-rəsmi yollarla ölkəyə gətirilən preparatların, eləcə də internet üzərindən satılan dərmanların ciddi risk yaratdığını etiraf edir. Bəzi apteklərdə güclü təsirə malik preparatların reseptsiz satılması da təhlükəni artıran amillər sırasında göstərilir.
Toksikoloqlar xəbərdarlıq edir ki, cəmiyyətdə “dərman zərərsizdir” düşüncəsi formalaşıb və bu yanaşma son dərəcə təhlükəlidir. Mütəxəssislərin sözlərinə görə, düzgün istifadə edilməyən istənilən dərman zəhər təsiri göstərə və ölümə səbəb ola bilər. Xüsusilə ağrıkəsici və sakitləşdirici preparatlar nəzarətsiz qəbul edildikdə ağır fəsadlar yaradır.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dərman zəhərləmələri hər zaman rast gəlinən hadisədir. Onun sözlərinə görə, son zamanlar bir qədər artımın olması isə insanların dərmanları özbaşına qəbul etməsi ilə əlaqədardır: “İnsanlar ChatGPT-nin məsləhəti ilə dərman alırlar. Və çox zaman bunu onlayn yolla sifariş edirlər. Zəhərlənmələrin də səbəblərindən biri budur. Həkimin xəstənin həmin dərmanı qəbul etməsindən xəbəri olmur. Dərmanlar kimyəvi maddələrdir və onlar istehsal olunan zaman ciddi nəzarətdən keçirlər. Onların annotasiyasına baxanda görürük ki, hətta ciddi yan təsirləri də olur. Hətta digər dərmanlarla əks reaksiyası da qeyd olunur. Hansı dozanın şok və ölümə apardığı yazılır. Bütün bunları bilmədən dərman qəbul etmək, əlbəttə, müəyyən fəsadlara yol açacaq. Buna görə də dərman qəbul edərkən, mütləq həkim təyinatının olması lazımdır”.
Z.Yusifov bildirir ki, yalnız həkim diaqnoz qoyub, resept yaza bilər: “Həkim dərmanın orqanizmə uyğunluğunu və qəbul edərkən yan təsirlərini bilir və buna uyğun tövsiyələr edir. Əsas məsələ dərmanların dozasında qəbul edilməsidir. Bəzən insanlar həkimin təyin etdiyi dozadan bir neçə dəfə çox dərman qəbul edirlər ki, bu da zəhərləməyə gətirib çıxarır. Bu baxımdan zəhərlənmə hadisəsində dərman istehsalının birbaşa rolu yoxdur. Bu, sistemsiz şəkildə və həkim məsləhəti olmadan özfəaliyyətlə qəbulun nəticəsidir. Onlayn yolla alınan dərmanlarla özbaşına müalicə bir çox hallarda risk deməkdir. Dərmanın qəbulu həkim nəzarəti ilə olmalıdır. Zəhərlənmələrin çoxu doza həddinin aşılması ilə bağlıdır. Evdə dərman saxlayarkən də qaydalara düzgün riayət edilməlidir. Əks təqdirdə, dərmanın təsiri itir və bədənə fəsad verir”.
Mütəxəssis deyir ki, problemin qarşısını almaq üçün reseptsiz dərman satışına ciddi nəzarət mexanizmləri tətbiq olunmalı, apteklərdə məsuliyyət artırılmalıdır. Eyni zamanda saxta dərman dövriyyəsinə qarşı cəzalar sərtləşdirilməli və əhali arasında maarifləndirmə işi gücləndirilməlidir. Əks halda, dərman vasitələrinin insan sağlamlığını qorumaq yox, həyat üçün təhlükə yaratması halları daha da arta bilər. Dərman zəhərlənməsi qida zəhərlənməsindən daha ağır olduğu üçün ev şəraitində müalicəsi də mümkünsüzdür.
Bir sözlə, dərmandan zəhərlənmə artıq yalnız tibbi problem deyil, cəmiyyət üçün ciddi təhlükəsizlik məsələsinə çevrilib. İnsanların aptekdən aldığı dərmana etibar edə bilmədiyi bir şəraitdə bu problemin miqyası daha da böyüyə bilər.