“Amaliya xanımı təkrar edən uduzar, qastrol səfərlərində mənimlə bir otaqda qalmaq istəyirdi” - xalq artisti anıldı - FOTO+ÖZƏL
1502
14:59, Bu gün

“Amaliya xanımı təkrar edən uduzar, qastrol səfərlərində mənimlə bir otaqda qalmaq istəyirdi” - xalq artisti anıldı - FOTO+ÖZƏL

Heydər Əliyev sarayında milli teatr və kino tarixinin əfsanəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf”, “Şöhrət” ordenli Amaliya Pənahovanın 80 illiyinə həsr olunmuş “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” yubiley gecəsi keçirilib. Gecədə mədəniyyət xadimləri, ölkəmizin tanınmış sənət adamları-teatr və kino aktyorları, müğənniləri iştirak edib.
Moderator.az-a açıqlama verən xalq artisti Hacı İsmayılov aktrisanın sənət həyatından danışıb:
“Amaliya xanım Azərbaycan mədəniyyətinin, ictimai-siyasi həyatının, Azərbaycan teatr və kinosunun unudulmaz, görkəmli aktrisalarından biridir. Amaliya Pənahova deyəndə mənim yadıma 1961-ci il düşür. O zaman mən orta məktəbi yeni bitirmişdim. Sənədlərimi teatr və kino aktyoru fakültəsinə vermişdim. Orada 100-ə yaxın cavanlar var idi. Onların arasında Amaliya Pənahova da var idi. O vaxt imtahanı Adil İsgəndərov götürürdü. O aktyorların boy-buxununa, səsinə, qamətinə, aktrisaların da gözəlliyinə baxırdı. Elə olurdu ki, onlar qəbul oldular, mən imtahandan kəsildim. Sonrakı illərdə qəbul oldum. O kursda Amaliya Pənahova, Elxan Qasımov, Novruz Axundov, Əbdül Mahmudbəyov, Xamis Muradov və s. sənətkarlar təhsil aldı. Çox təəssüf ki, mən onlarla bir yerdə oxuya bilmədim. Sonra 70-ci illərdə teatra gələndə Amaliya xanımla tamaşalarda iştirak edə bildim. O özü də deyirdi ki, “mən bu dünyaya aktrisa olmaq üçün gəlmişəm”. Amaliya xanım bir fərd idi. Onun təkrarı ola bilməz. Onu təkrar edən də uduzar. Amma Amaliya xanımın bəzi cəhətlərini aktrisalar götürüb. Çoxları bundan bəhrələnib və xeyir də görüb”, - deyə aktyor bildirib.
Əməkdar artist Firuzə İbadova aktrisa ilə dostluğundan danışıb:
 
“Bu gün Amaliya Pənahova deyəndə yaddaşımız işıqlanır, təzələnir. Amaliya xanım sənətkarlığı ilə yanaşı, çox gözəl insan idi. Mədəniyyətin ən böyük insanları aktyorlardır. Çünki onlar ağlayanla ağlayır, gülənlə gülür, öldürəndə öldürür və təzədən dirildir. Aktyorlar çox nəhəng insanlardır. Amaliya xanım mənə çox doğmadır. Onunla qastrol səfərlərində olmuşam. Həmişə deyirdi ki, “istəyirəm mənimlə bir otaqda Firuzə qalsın”. Elə oldu ki, Özbəkistana getdik, ordan qayıdan kimi Şuşaya getdik. Çünki Vaqifin büstü açılırdı. Amaliya xanım o qədər canfəşanlıq edirdi ki.. O qədər dolu insan idi ki.. Hər bir rolu əsər idi. Gözəl səsi də var idi. Hərdən otaqda qoşulub oxuyurduq.. Onun sənətsevərlərinə demək istəyirəm ki, bu sənətkarları yaşatmaq lazımdır”, - deyə müğənni bildirib.
Əməkdar artist Elşən Rüstəmov yubileydə Zaur rolunu oynadığını bildirib:
 
“Biz hamımız onun işığına toplaşdıq. Hamı həyəcanlı idi. Düzdür, bayram əhval-ruhiyyətli tədbir idi. Onun yubileyinə ithaf olundu. Bilirsiz ki, Amaliya xanım vaxtilə “Təhminə və Zaur” tamaşasında oynamışdı. Mən də tədbirdə həmkarım Ülviyyə xanımla eyniadlı tamaşadan Zaur rolunu oynadım. Ekranda Amaliya xanımla Fuad Poladovun illər öncə oynadıqları tamaşadan görüntülər nümayiş olundu, sonra səhnədə də biz olduq. Çox gözəl bir tədbir oldu”, - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər