Təklifin tərəfdarları hesab edirlər ki, söhbət bütün taksilərdən yox, yalnız rəsmi platformalarda qeydiyyatdan keçmiş, texniki baxımdan nəzarətdə olan nəqliyyat vasitələrindən gedir. Bu isə kölgə iqtisadiyyatının azalmasına, qeyri-qanuni taksi fəaliyyətinin sıxışdırılmasına və nəqliyyat sistemində nizam-intizamın güclənməsinə səbəb ola bilər. Bundan başqa, bir taksi avtobusdan az sərnişin daşısa da, real şəraitdə bəzən bir neçə şəxsi avtomobilin gördüyü işi görür və bu baxımdan tıxac yükünü müəyyən qədər azalda bilər.
Amma məsələnin riskli tərəfləri də az deyil. Bakı reallığında taksilərin sayı onsuz da həddindən artıq çoxdur. Avtobus zolaqlarına yüzlərlə, hətta minlərlə taksinin buraxılması həmin zolaqları faktiki olaraq adi yol hissəsinə çevirə bilər. Nəticədə avtobusların sürəti azalacaq, dayanacaqlara vaxtında çatmamaq halları artacaq və ən əsası - gündəlik minlərlə sərnişin yenidən tıxacın girovuna çevriləcək. Bu isə ictimai nəqliyyatdan istifadəyə marağı azaldacaq və paradoksal olaraq şəxsi avtomobillərin sayını yenidən artıracaq.
Digər mühüm məqam sürücülər arasında yaranacaq potensial gərginlikdir. İndiyədək avtobus zolaqlarına qanunsuz daxil olan taksilər və minik avtomobilləri ilə bağlı cərimələr, mübahisələr az olmayıb. Əgər qaydalar dəyişdirilərsə, avtobus sürücüləri ilə taksi sürücüləri arasında yeni narazılıqların, yol mübahisələrinin yaranması da istisna deyil.
Beynəlxalq təcrübəyə istinad edərkən də diqqətli olmaq lazımdır. Bir çox Avropa şəhərlərində taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsə də, bu, ciddi limitlər, vaxt çərçivələri və texnoloji nəzarət mexanizmləri ilə tənzimlənir. Həmin şəhərlərdə taksi parkı nəzarətsiz şəkildə şişirdilməyib, ictimai nəqliyyat prioritet olaraq qalır. Bakı üçün isə mexaniki şəkildə bu modeli tətbiq etmək gözlənilən effekti verməyə bilər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev “Yeni Müsavat”a bildirib ki, bu növ fikirlər tez-tez səsləndirilsə də, dünyadakı yanaşmaya görə, vahid rəng və tanınma nişanı olmalıdır. Onun sözlərinə görə, bir çox ölkələrdə bu növ tələblər qoyulur: “Bəzilərində taksilər sarı, bəzilərində isə ağ rəngdə və vahid tanınma nişanı ilə olur. Məsələn, Gürcüstanda A və B kateqoriyalı taksilər var. A kateqoriyalı taksilər ağ rəngdədir və vahid tanınma nişanına sahibdir.
Azərbaycanda avtopark yenilənir. Gələcəkdə belə bir tələblər olarsa, eyni marka və eyni rəngi əhatə edən, tanınma nişanı olan taksi daşıyıcısı bu zolaqdan istifadə edə bilər. Lakin hazırda belə bir yanaşma yoxdur. Son məlumat isə odur ki, 2026-cı ildən kvotalar tətbiq ediləcək və 25 min avtomobil taksi fəaliyyəti göstərəcək. 8 yaşlı avtomobilə 7 illik lisenziya verilir. Lisenziya almış və yaşı 8 ili ötənlərin isə növbəti ildən lisenziyası dayanacaq. Müraciət edənlər onların əvəzinə tələblərə cavab verirsə, taksi fəaliyyəti göstərə biləcək. Çox güman ki, 8 saatlıq iş rejimi tətbiq ediləndə 1-ə 3 alınacaq. Yəni 1 avtomobili ayrı-ayrı vaxtlarda 3 sürücü idarə edə bilər. 25 min avtomobildirsə, 75 min sürücü fəaliyyət göstərə bilər. Düşünürəm ki, vahid rəng, vahid marka və vahid tanınma nişanı olsarsa, gələcəkdə Azərbaycanda da bu növ taksilər zolaqdan istifadə edə bilər. Bunun fəlsəfəsi ondan ibarətdir ki, eyni markadan eyni rəngdə fərqli avtomobillər ola bilər. Onun taksi olub, olmadığını fərləndirmək çətin olar. Lakin bir şirkətin eyni markadan, eyni rəngdən və eyni tanınma nişanına sahib taksiləri olarsa, şirkət belə zolaqdan istifadə üçün müraciət edə bilər".
Mövzu ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus zolaqlarının təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təmin edilməsinə xidmət edir: “Avtobus zolaqlarına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Bu zolaqlara daxil olan minik avtomobilləri onlarla avtobusun hərəkətinə, nəticədə minlərlə sərnişinin vaxtında təyinat yerinə çatmasına mane olur. Taksi nəqliyyat vasitələrinin avtobus zolaqlarından istifadəsi məsələsi hazırda müzakirə edilmir”.