2430
15:57, Bu gün

"Kremlin 2026-cı ildə hədəfi sülh yox, Avropada təsir xəritəsini yenidən cızmaqdır" - ISW

"Kreml müharibəni dayandırmaq niyyətində deyil və növbəti ildə təzyiq siyasətini davam etdirəcək..."

Kreml 2026-cı il perspektivində müharibəni diplomatik yolla bitirməyə hazır deyil və hərbi imkanlarının məhdudluğunu maksimalist siyasi tələblərlə kompensasiya etməyə çalışır.

Moderator.az xəbər verir ki, bu qənaət ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında yer alır.

Diplomatiya yox, ultimatum dili

ISW analitiklərinin fikrincə, Moskva bir tərəfdən Qərbi 2021-ci ildən qalma ultimatumlarla şantaj edir, digər tərəfdən isə cəbhədə real dönüş yaradacaq ehtiyatlara malik deyil. Rusiya rəhbərliyi ABŞ və Aİ ilə razılaşdırılmış 20 maddəlik "Zelenski formulu"nu tam şəkildə rədd edib.

Rusiya XİN atəşkəs və mərhələli sülh ideyalarını "məqsədəuyğun olmayan" hesab edir və müharibəni yalnız öz ilkin şərtləri yerinə yetirilənədək davam etdirmək niyyətini gizlətmir. ISW vurğulayır ki, Kremlin dəyişməz məqsədləri Ukraynanın hərbi potensialının məhv edilməsi, legitim hakimiyyətin sıradan çıxarılması və suverenliyin faktiki ləğvidir.

"Ankoric razılaşması" iddiası və informasiya manipulyasiyası

Hesabatda qeyd olunur ki, Kreml 2025-ci ilin avqustunda Alyaskada keçirilmiş sammitin nəticələrini məqsədli şəkildə təhrif edir. Moskva ABŞ-la guya "alternativi olmayan fundamental razılaşmalar" əldə edildiyini iddia edir, lakin Vaşinqtonun rəsmi mövqeyi bunu təsdiqləmir. İSW hesab edir ki, Rusiya bu mövzuda informasiya boşluğundan istifadə edərək Qərb daxilində parçalanma yaratmağa və ABŞ-ın Rusiya şərtlərinə razı olduğu görüntüsünü formalaşdırmağa çalışır.

NATO-ya köhnə tələblərin qayıdışı və hərbi reallıq

Ukrayna ilə yanaşı, Moskva yenidən NATO-ya qarşı 2021-ci ilin ultimatumlarına qayıdır, Alyansın genişlənməsini "əsas səbəb" kimi təqdim edir və Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasını tələb edir. ISW bunu Rusiyanın "xüsusi təsir zonası" iddiasını bərpa etmək cəhdi kimi qiymətləndirir.

Eyni zamanda institutun digər hesabatı göstərir ki, Rusiya ordusu 2026-cı ildə də hücum tempini ciddi şəkildə artıra bilməyəcək. Strateji ehtiyatların çatışmazlığı Moskvanı yavaş, itkilərlə müşayiət olunan müharibə aparmağa məcbur edir. Səfərbərlik əsasən cari itkilərin doldurulmasına yönəlir, yeni cəbhələr və sürətli irəliləyiş üçün resurs yoxdur.

2026-cı ilin əsas paradoksu

ISW-nin yekun qənaəti belədir: Kreml siyasi baxımdan maksimalist hədəflər güdür, lakin onları reallaşdıracaq hərbi potensiala malik deyil. Qərbin Ukraynaya dəstəyi indiki səviyyədə qalarsa, Rusiya 2026-cı ildə nə cəbhədə həlledici dönüş yarada, nə də şərtlərini diplomatik yolla qəbul etdirə biləcək. Bu isə müharibənin uzanması və Kremlin ritorikası ilə reallıq arasındakı uçurumun daha da dərinləşməsi deməkdir.

Link kopyalandı!
Son xəbərlər