Laçının səfalı dağlarını, bulaqlarını, bir sözlə gözəlliyini bu qədər aydın izah edən bir mahnı hələ ki, yaranmayıb. Mahnının sözlərində həm də bir hüzn, ayrılıq, doğma yurd-yuvasından didərgin düşmüş insanın vətən həsrəti əks olunub. “Laçınım” şeirinin yaranmasına gəlincə... Bu şeir 1993-cü ildə elə məhz Laçının Soyuqbulaq kəndində doğulub boya-başa çatan şair Osman Alıyev tərəfindən yazılıb. Mahnı 1994-cü ildə o vaxtkı qəzetlərin birində “Laçınım, sevincim, kədərim” mənim adı ilə çap olunmalı idi.
Osman Alıyev Moderator.az-a açıqlamasında bildirib ki, şeir naməlum səbəblərə görə həmin gecə qəzetdə çap olunmayıb:
“Artıq bilirdim ki, qəzet çap olunacaq və mən o qəzeti götürməyə gedəndə dedilər ki, “bu şeirləri dünən çapa getməmişdən əvvəl yox ediblər, ona görə bu şeirlər ortalıqda olmayıb”. Mənim üçün hadisə naməlum qaldı. Üstündən 3-4 il keçdi. 1997-1998-cü ildə rəhmətlik Məhəbbət Kazımov Fizulidə əsgərlərlə görüşəndə bu mahnını ilk dəfə televiziyada eşitdim. Sevindiyimdən həm də ağladım. Sonra bizim Məhəbbət müəllimlə əlaqəmiz yarandı. Mən bir dəfə Məhəbbət müəllimə dedim ki, “Özüm gedə bilməsəm, ahım dağlara” sətiri bir az yaxşı alınmır. Yəni nakam sonluqdur. Şeirdə belə idi: “İlahi bu həsrət bəs eylər daha, ürəyim dözməyir, laləyə aha, əl açıb yalvarır Osman Allaha, Səninlə açılır səhərim mənim”. Bu şeiri Məhəbbət müəllim kim vermişdisə orada Osman adı yox idi. Heç bu dediyim sətirlər də yox idi”, - deyə Osman Alıyev bildirib.
Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov bildirib ki, atası bu mahnını çox sevirdi və hər dəfə ifa edəndə göz yaşlarını saxlaya bilmirdi.. Yeri gəlmişkən oğlu bildirib ki, “Laçınım” mahnısının musiqisi sənətçinin özünə aiddir:
“Bütün mahnılarını sevirdi, bu mahnını sevməyinin bir səbəbi də bu idi ki, mahnı ona uşaqlığını, köhnə illəri, oradakı insanlarla münasibətini və ən əsası Laçını xatırladırdı. Atam “Laçınım” mahnısını evdə məşq edəndə, ifa edəndə kədərlənirdi. Biz Goranboy rayonunda gəzintiyə gedəndə, orda dağlara baxıb, Laçının dağlarına oxşadırdı, oranın havasını, suyunu yadına salırdı, gözlərində yaş hiss olunurdu. Həmişə də deyirdi ki, “biz mütləq Laçına qayıdacağıq”. “Laçınım” ona bu dərəcədə təsir edirdi. Çox şükür ki, biz artıq Laçına qayıtmışıq. Xüsusi dövlət tədbirlərində “Laçınım” mahnısı artıq həsrətdən yox, sevincdən orada səslənir”, - deyə sənətkarın övladı bildirib.