Bizi sosial şəbəkələrdən izləyin:
“Günlərin bir günü işə getdiyim saatlarda yol polisi mənim avtomobilimi kənara çəkdi, bildirdi ki, sizin maşınınız həbsdədir, axtarışa verilib. Bu mənim üçün çox gözlənilməz hadisə oldu, çox məyus oldum. İnsan bir anda neynəyəcəyini bilmir? Sağ olsun Dövlət yol polisi mənə necə lazımdırsa kömək etdi. Hara müraciət etməliyəm o da bilindi, həmin insan tapıldı, orda aydınlaşdırıldı ki, məndən əvvəl maşına behi verilib, bir başqasına satılıb”.
Bunu Moderator.az-a açıqlamasında zərərçəkən Emin Nurullayev deyib.
Bu cür hallarla qarşılaşan tək Emin deyil. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov saytımıza bildirib ki, ilk növbədə avtomobilin alqı-satqısı mütləq şəkildə Baş Dövlət Yol polisinin qeydiyyat imtahan texniki baxış şöbələrində rəsmiləşdirilməlidir:
“Avtomobili digər əşyalar, məsələn geyim əşyaları kimi çöldən-çölə əldə etmək mümkün deyil. Bu reyestirdə qeyd olunduğuna görə qeydiyyata gedilməlidir. Bilirsiz ki, avtomobillərin hamısında vin kod yaxud da ban kod olur. Həmin nömrə olmadan heç bir avtomobil ola bilməz. Bəzi avtomobillərdə mühərrikin əlavə nömrələri də olur. Varsa bax bu da yoxlanılmalıdır. Bir problem də ola bilər ki, nəqliyyat vasitəsinin üzərində həbs ola bilər. Bunun özününküləşdirilməsinə məhdudiyyət qoyula bilər”.
O həmçinin bildirib ki, avtomobilin etibarnamə ilə alqı-satqısı da sonradan tərəflər arasında problemin yaranmasına gətirib çıxarır.
“Gedirlər notariusa, notarius vasitəsilə biri etibarnəməni verir, o birisi də öz aləmində bunu əldə edir. Avtomobili götürür aparır. Sonradan məlum olur ki, mülkü hüquq problemlərə görə bu avtomobildə həbs var imiş. Texniki baxışa aparılanda görürük ki, ban nömrəsində də problem var. Alqı-satqı zamanı avtomobilə hüquqi sənədlərindən əlavə texniki baxış da keçirilməlidir”, - deyə o bildirib.