Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib.
Moderator.az xəbər verir ki, düşərgə çərçivəsində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları bir araya gəliblər.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu düşərgənin əsas məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvlərinə, xüsusilə də övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin gücləndirilməsidir.
Həmçinin, xaricdə yaşayan azərbaycanlı uşaqlar ilə Ana Vətəndə təhsil alan şagirdlərin birgə düşərgə təcrübəsi onların Azərbaycan dili, tarixi və mədəniyyətinə bağlılığının gücləndirilməsinə, milli kimlik şüurunun möhkəmlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda bu cür layihələr gələcəkdə Azərbaycanın yeni diasporunun formalaşması, xaricdə yaşayan gənc nəsillə Vətən arasında davamlı və möhkəm əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün baş tutan düşərgənin açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Şabran Rayon İcra Başçısının müavini İlkin Ağayev, İkinci Qarabağ müharibəsi qazisi Orxan Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış edərək layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər. Tədbir zamanı “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində əvvəlki illərdə təşkil olunan düşərgələrə həsr edilən videoçarx nümayiş etdirilib və iştirakçılara layihənin keçdiyi yol barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 23-29 dekabr 2025-ci il tarixlərində “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində keçiriləcək düşərgə ərzində iştirakçılar üçün maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər, yaradıcı məşğələlər və sağlamlıq yönümlü proqramlar təşkil olunacaq. Bu fəaliyyətlər uşaqların dünyagörüşünün genişlənməsinə, ünsiyyət bacarıqlarının inkişafına və komanda ruhunun formalaşmasına xidmət edəcək. Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada keçirilməsi nəzərdə tutulur.