"ABŞ sənədləri Kremlin Ukraynaya qarşı planlarının illər öncədən formalaşdığını üzə çıxarır..."
ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin yaydığı sənədlər göstərir ki, Kremlin Ukraynaya münasibəti spontan deyil, uzun illər əvvəl formalaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Putinin keçmişdən bu günə dəyişməyən xətti
Nəşrin yazdığına görə, Vaşinqtonda bu mövzu yenidən əsas prioritetlər sırasına qayıdıb. ABŞ Milli Təhlükəsizlik Arxivi 2001-ci ilə aid Vladimir Putinlə ABŞ-ın 43-cü prezidenti Corc Buş arasında keçirilmiş görüşün stenoqramını dərc edib. Sənədlər göstərir ki, Putin hələ prezidentliyinin ilk illərində Ukraynanı "tarixi olaraq Rusiyanın bir hissəsi" hesab etdiyini açıq şəkildə ifadə edib.
Həmin görüşdə Putin Sovet İttifaqının dağılmasını "misli görünməmiş güzəşt" adlandıraraq iddia edib ki, Rusiya minlərlə kvadrat kilometr ərazini könüllü şəkildə "başqalarına verib". Onun sözlərinə görə, Ukrayna, Qazaxıstan və Qafqaz SSRİ dövründə "partiya rəhbərləri tərəfindən Rusiyadan qoparılıb".
Bu yanaşma Moskvanın Ukraynaya qarşı apardığı müharibənin son illərin qərarı deyil, uzun müddət formalaşmış imperiya baxışlarının nəticəsi olduğunu göstərir. Putin eyni söhbətdə Rusiyada populyar olduğunu da vurğulayıb və cəmiyyətdə dəyişikliklərdən doğan məyusluqdan istifadə etdiyini etiraf edib.
"Atlantic Council" nəşrinin təhlillərində də qeyd olunduğu kimi, bu iddialar yalnız Ukrayna ilə məhdudlaşmır. Tarixi imperiya sərhədləri prizmasından baxıldıqda, Rusiyanın potensial hədəfləri Baltik ölkələri, Polşa, Finlandiya, Belarus, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiyanı da əhatə edə bilər.
Ukrayna, Rusiya və Çin Trampın gündəmində qalır
ABŞ prezidenti Donald Tramp Milad tədbiri zamanı etdiyi açıqlama ilə bu mövzuların Vaşinqton üçün aktuallığını təsdiqləyib. Ağ Evdə uşaqlarla telefon danışığı zamanı Tramp bildirib ki, bayrama baxmayaraq, Ukrayna, Rusiya və Çinlə bağlı məsələlərə yenidən qayıtmaq məcburiyyətindədir.
Onun sözlərinə görə, bu mövzular ikinci plana keçirilə bilməz. Tramp etiraf edib ki, uşaqlarla daha uzun danışmaq istərdi, lakin dövlət işləri buna imkan vermir. Daha əvvəl isə o, Ukrayna müharibəsi ilə bağlı danışıqların davam etdiyini və prosesin "normal getdiyini" bildirib.
Vaşinqtonda Putinə güzəşt ideyasına sərt reaksiya
ABŞ-da bu məsələyə yanaşmalar birmənalı deyil. Respublikaçı senator Lindsi Qrem Rusiya ilə kompromis ideyasına açıq şəkildə qarşı çıxaraq bildirib ki, Putin müharibəni dayandırmaqdan imtina edərsə, Vaşinqton daha sərt addımlar atmalıdır.
Qrem Rusiyadan neft alan ölkələrə qarşı tariflərin tətbiqini, Rusiya neft daşıyan gəmilərin müsadirəsini və Ukraynaya "Tomahawk" raketlərinin verilməsini təklif edib. Britaniyanın Rusiyadakı sabiq səfiri Lori Bristou da vurğulayıb ki, Putin hakimiyyətdə qaldığı müddətdə Ukraynada müharibənin bitməsi real görünmür və ərazi güzəşti qarşılığında sülh ideyası sadəcə illüziyadır.