- Elxan bəy, Rusiya-Ukrayna müharibəsinin başa çatmasını özündə ehtiva edən növbəti 20 bəndlik sülh planı hazırlanıb. ABŞ, Avropa liderləri və Ukrayna da bu plana müsbət yanaşır. Nəhayət, Kremlin bu planla razılaşmaq ehtimalı varmı?
- Ukrayna Prezidenti Volodimir Zelenski ağır şərtlərə rəğmən, 20 bəndlik sülh planını qəbul etməyə hazırdır. Bu ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilkin irəli sürdüyü 28 bəndlik planın ixtisarlar və düzəlişlər edilmiş variantıdır. Misal üçün, Vaşinqtonun planının bəndlərinin birində işğal altında olan Zaporojye atom elektrik stansiyasının ABŞ-nin idarəçiliyinə veriləcəyi və elektrikin 50/50-yə Ukrayna ilə Rusiya arasında bölüşdürüləcəyi yazılmışdı. Hazırkı planda bu bəndə stansiyanın 50/50 yəni, Ukrayna ilə ABŞ arasında bölüşdürüləcəyi yazılıb. Bu elə böyük düzəliş deyil, onsuz da ABŞ həmin 50 faizi Rusiyaya ötürəcək. Sadəcə, Kiyev bu bənddə elektrikin 50 faizinin Rusiyaya ötürüləcəyi cümləsinə razılaşa bilməzdi. Planın ilkin variantında sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min olacağı göstərilirdi. Hazırki planda bu 800 min nəfər yazılıb. Yeni planın 5-ci bəndində yazılıb ki, ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddə nümunəsində təhlükəsizlik zəmanətləri verəcək və əgər Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, hərbi cavab və sanksiyaların bərpası olacaq. Buna baxmayaraq, bu bənd qeyri-müəyyən olaraq qalır. Ukraynaya veriləcək təhlükəsizlik təminatı 1994-cü ildə verilən təhlükəsizlik təminatından mahiyyət etibarilə fərqlənməlidir. Bu elə bir bənd olmalıdır ki, Rusiya gələcəkdə yenə Ukraynaya hücum etməyi planlaşdırsa, qarşısında daha böyük güclərin dayanacağını anlasın və bu amil onu qonşusuna növbəti həmlədən çəkindirsin.

- Planda ərazilərlə bağlı hansı dəyişikliklər var?
- Yeni planın əsas bəndlərindən biri ərazilərlə bağlıdır. Rusiya hərbi qüvvələri Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxmalı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq” prinsipi işə düşməlidir. Bu Ukraynanın edə biləcəyi maksimum güzəştdir. Yəni, Ukrayna itirdiyi əraziləri hüququ baxımdan Rusiya ərazisi kimi tanımasa da, reallıqdan çıxış edərək həmin ərazilərin hərbi yolla geri qaytarılmayacağı reallığını qəbul edir.
Beləliklə, Kiyev və Brüssel mövcud planı qəbul etməyə hazırdır. Vaşinqton da yeni plana etiraz etməz. Əsas məsələ bu plana Kremli razı salmaqdır. Rusiya Prezidenti Vladimir Putinin şəxsi təmsilçisi Kiril Dmitriyev ABŞ-dən səfərdən geri qayıdaraq planı Moskvaya çatdırıb. Kreml sahibinin yeni planla razılaşacağı çətindir. O əvvəlkitək Donbasın tamamını tələb edir. Putin 20 maddəlik planın əksər bəndlərinə etiraz etməsə də, ərazilərlə bağlı bəndi qəbul etməyəcək. Bu halda planın qəbulu mümkün olmayacaq və müharibə tam şiddətiylə davam edəcək.

- Putinin əsas istəyi nə ilə bağlıdır?
- Rusiya Prezidenti ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Ukraynanın Xerson və Zaparojye ərazilərinin adını yenidən çəkdi. Halbuki, bu ərazilərin 50 faizi Ukrayna ordusunun nəzarətindədir.
- Yeni planın əsası müddəası nədən ibarətdir?
- Bu planın əsas müddəası ərazi məsələsi ilə bağlıdır. Bunu ötən günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski də qeyd etdi.
- Ukrayna üçün hansı güzəştlər təklif edilir?
- Bu məsələdə Ukrayna və Zelenskinin ən böyük güzəşti reallığı qəbul etməkdir. Acı reallıq isə ondan ibarətdir ki, Ukrayna ərazilərinin bir qisminin Rusiya işğalından azad edilməməsidir. Hüquqi cəhətdən Kiyev bu işğalı tanımasa da, reallıqda bu belədir. Güzəşt təklifi də odur ki, hazırda qoşunlar harada dayanıbsa, olduğu yerdə qalsınlar.

- Rusiya tərəfi bununla razıdırmı?
- Təbi ki, Putin bununla razı deyil. O Donbası bütövlükdə işğal etmək niyyətindədir. Faktiki olaraq, Rusiya tərəfi insanları hər gün ölümə göndərir. Artıq qış aylarıdır və Rusiyanın hücum əməliyyatlarını həyata keçirməsi də bu aylarda daha da çətinləşəcək. Gələn il fevralın 22-də artıq müharibənin 4 ili tamam olacaq, beşinci ilinə keçəcək. Yəni, faktiki olaraq Rusiya-Ukrayna müharibəsi keçmiş SSRİ ilə faşist Almaniyası arasındakı müharibədən də uzun çəkəcək. Bu müharibədə keçmiş SSRİ 4 il ərzində faşist Almaniyası üzərində qələbə çalmışdı, Şərqi Avropanı azad etmişdi. Bu 4 il ərzində isə Rusiya Ukraynanın cüzi hissəsini işğal edib və bunun fonunda da hər gün böyük itkilər verir.
- Bu halda Kreml güzəştə gedə bilərmi?
- Putin fikirləşir ki, yeni planı qəbul etsə, öz ictimaiyyəti qarşısında çətin suallarla üzləşəcək. Ona deyəcəklər ki, əgər bu planla razılaşacaqdınsa, o zaman niyə bu qədər insanı ölümə göndərirdin?
- Berlin və onun ardınca Mayamidə müharibənin başa çatmasına dair aparılan danışıqlar ötən həftə daha çox gündəmdə idi. Nəticələr varmı?
- Ağ ev administrasiyası planı hazırladı və yayımladı. Bu 28 maddəlik sülh planı idi. Həmin planda Ukrayna üçün ağır şərtlər var idi. Daha sonra Ukrayna Avropa İttifaqı ilə birlikdə həmin plana düzəlişlər etdi. Düzəlişlərdən sonra plan indiki hala gəlib çıxdı. Ötən gün Zelenski də həmin 20 bəndlik sülh planından danışdı. Plan ağır olmasına rəğmən Ukrayna bunu qəbul edir. Avropa İttifaqı və ABŞ-nin buna etiraz edəcəyi gözlənilmir. Burada yeganə məsələ Rusiyanın mövqeyi ilə bağlıdır. Rusiyanın bu danışıqlarda prezidentin xüsusi nümayəndəsi Kiril Dmitriyev Mayamidə həmin planı Putinə təqdim etmək üçün götürdü. 20 maddəlik plan artıq Putinin masası üzərindədir.

- Yeni planda əsas tərəflər kimlərdir?
- Bu münaqişədə artıq 4 tərəf var. Rusiya, Ukrayna, ABŞ və Avropa İttifaqı burada əsas tərəflərdir. Bunlardan üçü yəni, Rusiyadan başqa bütün tərəflər bu planı qəbul edir. Rusiya isə bunu qəbul etmir. Bu halda isə sülh mümkün olmayacaq. Müharibənin davam edəcəyi ehtimalı isə daha güclüdür.
- Müharibənin davam etməsi nəyi diktə edir?
- Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı müddətdə davam etməsi sözsüz ki, Ukraynaya dəstəyi diktə edir. Çünki bu olmasa Ukraynanın resursları tükənə bilər. Avropa İttifaqı bütün tənqidlərə rəğmən Ukraynaya dəstəyi artırıb. Onlar anlayır ki, Ukrayna məğlub olsa, ağ bayraq qaldırsa, növbəti hədəf onlar olacaq. Putin də bunu gizlətmir. O ara-sıra NATO ölkələrini hədələyir və deyir ki, “müharibə istəyirsinizsə, bunu alacaqsınız”.
- Avropanın Ukraynaya yardımları fonunda ABŞ nə edir?
- Faktiki olaraq, Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra dedi ki, “Ukraynaya pulsuz silah-sursat verməyəcək”. Amma sonradan bunun da formulu tapıldı.
- Bu formul nədən ibarət idi?
- Tramp iş adamı kimi qazanc əldə etmək istəyir. Avropa liderləri də bunu anlayır. Ona görə də Avropa İttifaqı ölkələri silah-sursatın pulunu ödəmək şərti ilə Amerikadan alıb Ukraynaya göndərir. Çünki Avropanın bu qədər silah istehsal gücü yoxdur. Bu isə hər üç tərəf üçün sərfəlidir. Ukrayna silah-sursatla təmin olunur, Avropa özündə olmayanları Amerikadan alır. Beləliklə, ABŞ-də buradan qazanclı çıxır.

- Bütün bunlar onu deməyə əsas verir ki, yeni sülh planı da baş tutmayacaq…
- Reallıq məhz belədir ki, müharibə davam edəcək. Ukraynanın Rusiya qarşısında ayaqda qalması üçün Avropa İttifaqı əlindən gələni etməyə çalışacaq. Cəbhə bölgəsində ağır döyüşlər davam edəcək. Bəzi ekspertlər isə iddia edir ki, Zelenski ağır şərtlərlə razılaşmalı, Donbasdan imtina etməli, hətta istefa verməlidir. Söhbət isə heç də Zelenskidən getmir. Ukraynanın başında kim olur-olsun, o Donbasdan imtina edə bilməz. Ukrayna cəmiyyəti bunu qəbul etməyəcək. Eyni zamanda Pakrovsk və Kupyanski də guya Ukraynanın təhvil verməsi ilə bağlı iddialar səslənirdi. Reallıqda isə bu belə deyil. Hazırda Ukrayna əks həmlələr həyata keçirir. Demək olar ki, Kupyanskin bir hissəsi azad edilib və Pakrovskinin bir hissəsində isə döyüşlər davam edir. İndiki halda Rusiya üçün cəbhə bölgəsində çox ağır şərait yaranıb.