“Niyazi mənə görə İslam Rzayeva töhmət verdi, efirlər artıq xərcdir deyə getmirəm” - FOTO+ÖZƏL
823
09:32, Bu gün

“Niyazi mənə görə İslam Rzayeva töhmət verdi, efirlər artıq xərcdir deyə getmirəm” - FOTO+ÖZƏL

“Dövlət tədbirlərinə gedirəm, qastrol səfərlərim olur. 70 illiyimi oxudum, hesabat verdim. 4 mahnı bəstələmişəm, onlarla məşğulam”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış aşıq Solmaz Kosayeva deyib.
 
O daha sonra əlavə edib:
“Televiziyalara getmirəm. Səbəbi bilirsiniz nədir? Şou yaradırlar. Mən o şouda heç vaxt olmamışam. Bütün aparıcılar da bunu bilir və mənə hörmətlə yanaşır. Elə suallar var ki, onları mənə ünvanlamırlar. Toylara, məclislərə gedirdim. Əlimdə 3-5 manat olurdu. İndi onlar yoxdur. Çünki yaşlı adamı toya dəvət etmirlər. Maşallah gənclərimiz yerimizi tutub. Aldığım pensiya mənə çatmır. Bir efirə gedəndə gərək salona gedim, təzə geyim alım. Durub avtobusla, 2 manatlıq taksi ilə gedən deyiləm. Maşın tuturuq, aparır və 2 saat məni gözləyir. Hamısı artıq xərcdir. İndiyə qədər sözümü demişəm. Bundan sonra nə edəcəyəm ki? Dövlətimiz fəxri ad da verib. Onunla dolanıram. Ümid edirdim ki, 70 illik yubileyimdə prezident təqaüdü alaram. Bu məvacib heç olmasa mahnılarıma bir dəstək olardı. 44 günlük müharibədə vətənpərvərlik mövzusunda 4 marş tipli mahnı bəstələmişəm”.
 
Solmaz Kosayeva “aşıq kişi sənətidir” ifadəsinə də münasibətini bildirib:
“İstedadı verən Allahdır. Müğənni qadın ola bilər, aşıq niyə olmasın ki? Bu sözü heç kim deyə bilməz ki, aşıq kişi sənətidir. Mən ailəmi də, sənətimi də yaşatmışam. İslam Rzayevin ansambılında ifa etmişəm. 1984-cü ildə ilk dəfə Ağadadaş Ağayevin Bakı konsertində İslam Rzayev mənə 3 mahnı vermişdi. Gördüm ki, rəngarənlik var, dedim olar bir dənə də sazla oxuyum? Orada bir “Cəlil”-i oxudum ki, İslam müəllim məhtəl qaldı. Təsəvvür edirsiz, filarmoniyada səhnə bağlanıb amma məni buraxmırlar.. Niyazi İslam müəllimə mənə səhnə verdiyi üçün danladı və ona töhmət verdi. Niyazi səsimə qulaq asandan sonra bu töhməti yüngülləşdirdi. Bir çox xarici ölkələrdə olmuşam. Azərbaycan aşıq sənətini, saz ifaçılığını dünya ölkələrində də tanıtmışam”.
Link kopyalandı!
Son xəbərlər