“Muğam müsabiqəsində məndən pul istədilər, dedilər ki, “bilsələr kimin nəvəsisən səni kəsəcəklər” - FOTO+ÖZƏL
1423
09:00, Bu gün

“Muğam müsabiqəsində məndən pul istədilər, dedilər ki, “bilsələr kimin nəvəsisən səni kəsəcəklər” - FOTO+ÖZƏL

“Uşaq yaşlarımdan bu sənətə həvəsli idim. Qarşıma məqsəd qoymuşdum ki, müğənni olacam. İstedadım da var idi, özümə güvənirdim. Hər şey Asəf Zeynallı adına musiqi kollecində oxuduğum illərə qədər yaxşı idi. Sonra elə şeylər oldu, elə şeylər gördüm ki.. Məni o qədər həvəsdən saldılar ki.. Xanəndəlikdə, muğam sənətində onları gözləmirdim. Elə bilirdim ki, estrada ilə muğam sənəti tamam başqadır. Sən demə muğam aləmi estradadan da qalmaqallı imiş”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib.
O daha sonra ona qarşı haqsızlıq edən insanlardan danışıb:
 
“Fikirləşirdim ki, müsabiqələrə gedərəm, özümü təkmilləşdirərəm. Muğam müsabiqəsinə sənədlərimi verməyə hazırlayırdım. Açıq-aydın mənə dedilər ki, pulun varsa, orada qoyulan məbləği bizə çatdıra biləcəksənsə, yığ sənədlərini gətir. O zaman da imkan, vəziyyət yaxşı deyildi. Bu sözü mənə deyən insanın gözünün qabağında böyümüşdüm. O da vəziyyətimi bilirdi. Bir-iki xanəndələr var idi.. İstəmirəm adlarını hallandırım, çünki rəhmətə gediblər. Dedilər ki, filankəs bilsə ki, sən Hacıbabanın nəvəsisən, səni heç turdan-tura keçməyə qoymayacaq. Qarabağ muğam məktəbinin xanəndələri Bakı xanəndələrinə, Şirvan məktəbinin davamçılarına qan uddururdular. O qədər pis oldum ki.. Gözləməzdim.. Mat-məəttəl də qaldım ki, muğam sənətində belə şeylər var? O vaxta qədər elə bilirdim ki, bunlar təmiz iş görürlər. Sən demə ən pis qalmaqallar elə xanəndələr arasında imiş.. Estradadan da pis imiş.. O zaman mən uşaq idim, həvəsli idim. Arzumu ürəyimdə qoydular. Orada şok yaşadım. Gözləyirdim ki, mən də müəyyən yerlərə çatacağam. Həm də düşünürdüm ki, Hacıbaba Hüseynovun nəvəsi olduğumu bilsələr bir az da dəstək olarlar. Mən tam əksini gördüm. Hacıbaba sənəti ilə sizi öldürüb. Siz həmişə onun paxıllığını çəkmisiz, ayağının altını qazmısız. Son illərdə dərslərə də həvəssiz gedirdim. Aqil Məlikov, Zabit Nəbizadə, Qəzənfər Abbasov, Fərqanə Qasımova, Əlibaba Məmmədov kimi sənətkarlardan dərs alıb, auditoriyalarında oturmuşam. Əlibaba müəllim deyirdi ki, “bu qızla işiniz olmasın, mənim nəvəmdir”. O babamla yaxın dost olub. Hər müəllimdən gedib bir şey öyrənirdim. Kaşki başqa sənətə yiyələnərdim, çox peşmanam. Hələ ki, incəsənətdə cırmaqla yol getmək mümkün deyil. O qaldı başqa dövrdə. Bəlkə də köhnə dövrdə olub, amma indi çətindir. Mən xanəndəliyi seçdim ki, estradada qabağa getmək çətindir. Sən demə xanəndəlik ondan da çətindir. İndi yalvarsalar da heç bir müğənni ilə səhnəni paylaşmaram. Heç özümə sığışdırmıram ki, indiki müğənnilərlə adım yan-yana çəkilsin. Ailəm icazə versə belə özümə olan hörmətimdən incəsənətin həndəvərindən belə keçmərəm. Heyif mənim 10 ilimə ki, onu incəsənətdə itirmişəm”, - deyə sənətkarın nəvəsi bildirib.
Link kopyalandı!
Son xəbərlər