Ankarada fəaliyyət göstərən Musiqi və Gözəl Sənətlər Universitetinin ərazisindəki küçəyə dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin adının verilməsi ilə bağlı tədbir keçirilib.
Bu barədə Moderator.az-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşəbbüsü ilə baş tutan tədbirdə diplomatlar, ali təhsil ocağının rəhbərliyi, elm xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Azərbaycan klassik musiqi məktəbinin banisinin doğumunun 140 illik yubileyi həsr olunmuş tədbir milli bəstəkarlıq məktəbinin yaradıcısının adını daşıyan küçənin rəmzi açılışını bildirən lent kəsilib.
Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, professor Erhan Özden Türkiyə-Azərbaycan tarixi dostluğu və qardaşlığı, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət, təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb.
Rektor Azərbaycan tanınmış bəstəkarı Üzeyir Hacıbəylinin öz yaradıcılığı ilə bütün Türk dünyası musiqisini zənginləşdirdiyini qeyd edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin formalaşmasında oynadığı müstəsna rolu, onun zəngin yaradıcılıq irsindən və dünya musiqi xəzinəsinə bəxş etdiyi nadir əsərlərdən bəhs edib.
S.Abbasov Üzeyir Hacıbəylini müasir Azərbaycan peşəkar musiqisinin banisi kimi öz musiqisini türk dünyasının ortaq səsinə çevirməyi bacaran bir dahi olduğunu və onun yaradıcılığının ən qiymətli xəzinə olduğunu vurğulayıb.
Daha sonra çıxış edən ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli Azərbaycan xalqının milli kimliyinin formalaşmasında Üzeyir Hacıbəylinin müstəsna rol oynadığını vurğulayıb: "Üzeyir Hacıbəylinin adını daşıyan küçənin Türkiyənin “Cümhuriyyət yaddaşının” mənbəyi hesab olunan Ankarada Universitetdə açılması ölkələrimizin tarixini bir araya gətirən çox vacib hadisədir".
Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı ilə davam edib.
Konsert proqramında Azərbaycan və özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, vokalistlər Şenol Talibli, Fəxri Nicat Kazım, opera sənətçisi Fidan Hüseynova Üzeyir Hacıbəyli əsərlərindən parçalar ifa ediblər.