“Boyuma sataşanın cavabını verərəm” deyən Natiq Fərzəliyev balacaboy aktyorlar üçün teatr yaradıb - FOTO
438
11:34, Bu gün

“Boyuma sataşanın cavabını verərəm” deyən Natiq Fərzəliyev balacaboy aktyorlar üçün teatr yaradıb - FOTO

“Uzun illərdir dost-tanış deyirdi ki, niyə öz teatrını yaratmırsan? Mən də fikir vermirdim, düşünürdüm ki, bu elə-belə, asan iş deyil. Son vaxtlar belə qərara gəldim ki, sırf balacaboy insanları bir araya gətirərək, “Bakı Karlik” teatrını yaradım. Nə büdcəm var idi, nə də yerim. Sağ olsun dostum, xalq artisti Vidadi Həsənov mənə öz “M” teatrında yer verdi, səhnə ayırdı və ilk tamaşamız olan “Bir gecənin nağılı”-nı da o səhnələşdirdi. Yay ayından məşqlərimiz başlayıb, çalışırıq. Uşaqlar da çox istedadlıdır. Hətta deyərdim ki, çox aktyordan yaxşı oynayırlar”.
 
Bunu Modertor.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.
 
O daha sonra əlavə edib:
“Hələ ki, tamaşada iki aktyor-Pərviz Teymurov və Ülviyyə Qarayeva oynayıb. Çünki tamaşa iki nəfərdən ibarət idi. Amma ümumi götürəndə 5-6 aktyorumuz var. Mənə hələ yazanlar da çoxdur. Hamısını dəvət edəcəm, yoxlayacam və səhnəyə yararlı olacaqları təqdirdə teatra işə götürəcəm. İnanıram və əminəm ki, onlar teatra lazım olacaqlar. Çünki aktyor plastilindir, rejissor ondan nə istəsə hazırlaya bilər. Bilet satışından gələn gəlirdən onlara qonorar da verəcəm. Mənə maddiyat lazım deyil, sadəcə bir az dəstək lazımdır. O dəstəyi də dost-tanış hamısı göstərir. Nazirliyə də müraciət etmişəm. Onlar da xoş qarşılayıblar. Yəqin ki, bizə kömək edəcəklər. . İstədim ki, bu teatr məndən yadigar qalsın. Çünki uzun illər mən də bu əziyyətləri görmüşəm. Bizdə balacaboy aktyorlara münasibət bir az birmənalı deyil. Bir mono tamaşa da oynamışdım.  Həmin tamaşada da deyirdim ki, “hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”. Mən bunu mesaj kimi istəmişdim verim ictimaiyyətə ki, belə bir adamlara gülmək, məsxərəyə qoymaq düzgün deyil. Bizim dövrümüzdə onsuz da gəncliyin üzünə qapılar bağlı olurdu, çox çətinliklə hamı işə düzəlirdi, amma mənim ikiqat problemim var idi. Deyirdilər ki, boyuna görə sən aktyor ştatında işləyə bilməzsən. Mən də deyirdim ki, nizamnamədə elə bir qanun var ki, boy haqda danışsınlar? Varsa açın həmin bəndi mənə göstərin”, - deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər