Bizi sosial şəbəkələrdən izləyin:
“İndi düşünürəm ki, mən vaxtilə gör kimlərlə tərəf müqabili olmuşam? Leyla Bədirbəyli kimi əfsanəvi aktrisa “Asif, Vasif, Ağasif” filmində nənəmi oynayıb. Şükufə Yusupova anamızı oynayıb. O filmə çəkiləndən sonra məktəbdə kim olmaq istədiyimizi soruşurdular. Biri həkim deyirdi, biri mühəndis, bəziləri də kosmonavt olmaq istədiklərini bildirirdilər. 1982-ci ildə film çəkilib. 1990-cı ilə qədər mən dedim ki, aktyor olmaq istəyirəm. 1990-cı illərdə çətin günlər yaşadıq. Artıq incəsənət yada düşmədi.. Bəlkə də filmlərdəki boşluqlar elə o illərdə yarandı”.
Bunu Moderator.az-a açıqlamasında “Asif, Vasif, Ağasif” filminin Asifi Emil Pənahov deyib.
O daha sonra rəqs sənətinə yiyələndiyini bildirib:
“Ürəyimdə bir arzu qalmışdı.. Yenə də həyatımı incəsənətlə bağlamaq istəyirdim. Allaha şükürlər olsun ki, 90-cı illərdə xoreoqrafiya məktəbinə daxil oldum. Xalam xalq artisti, tanınmış rəqqasə Cəmilə Bayramova əlimdən tutdu, məni rəqsə apardı. Mən hər zaman onu görürdüm ki, necə dünyanı gəzir, Zeynəb Xanlarova ilə böyük səhnələrdə çıxışlar edir. Mənə çox maraqlı gəlirdi. Ən azından içimdəki aktyorluğu səhnədə milli rəqslərimizlə insanlara çatdıra bildim”.
O filmin qəhrəmanları ilə illər sonra görüşdüyün bildirib:
“42 ildən sonra anamı oynayan xalq artisti Şükufə Yusupova ilə görüşdüm. Ötən il Nizami kinoteatrında bu filmin təqdimatı oldu və hamımız bir araya gəldik. Şükufə xanım da orada idi. Görüşdük, birlikdə gözəl zaman keçirdik. Hər bir insana belə şans qismət olmur. Bu filmə çəkilməyim mənim üçün böyük bir hədiyyə idi. Biri var şəkillərə baxıb illəri yaşayırsan, biri də var filmi canlı yaşayırsan. O başqa bir şey idi. Bir dəfə də Mahnı teatrında rəqs sənətimlə bağlı gecə keçirilirdi. Aparıcı səhnəyə çıxıb dedi ki, sizə sürprizim var. Mən də sürprizləri qətiyyən sevmirəm. Aparıcı dedi ki, bilirsiz ki, Emil Pənahov uşaq olanda filmə də çəkilib. Ürəyimdə dedim ki, heç bunun yeridir?! Bir də gördüm təqdim edir ki, həmin filmdə Ağasif rolunu oynayan xanım Hökümə xanım zalda əyləşib. Mən onu səhnəyə dəvət etdim, illər sonra bir-birimizə sarılıb, qucaqlaşdıq. Həqiqətən də mənim üçün böyük sürpriz idi”, - deyə o bildirib.