2516
14:46, Bu gün

"Müharibə gələn il Ukrayna üçün riskli ssenari ilə başa çata bilər" - "Politico"

 
"Maliyyə boşluğu, Kremlin illüziyaları və Vaşinqtonda ziddiyyətli yanaşmalar..."
 
Rusiya-Ukrayna müharibəsi yaxın perspektivdə başa çata bilər, lakin bu, Kiyev üçün əlverişsiz şərtlərlə nəticələnə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. 
 
Avropanın tərəddüdü və Kiyevin zəifləyən mövqeyi
 
Məqalədə qeyd olunur ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair yekdil qərara gələ bilmir və bu, Ukraynanın uzunmüddətli maliyyə dayanıqlığını sual altına alır.
 
Avropa İttifaqının ayırdığı 90 milyard avroluq paket müvəqqəti rahatlıq yaratsa da, müharibənin davamı üçün kifayət hesab edilmir. Macarıstan və Slovakiya kimi ölkələrin yeni maliyyə mexanizmlərinə müqaviməti Kiyevin gələcək dəstək imkanlarını daha da məhdudlaşdırır.
 
Kremldə reallıqdan uzaq hesabatlar
"Financial Times" nəşri yazır ki, Rusiya daxilində Putinə təqdim olunan məlumatlar müharibənin real mənzərəsini əks etdirmir. İtkilər azaldılmış formada göstərilir, uğursuzluqlar isə ört-basdır edilir. 
 
Analitiklərin fikrincə, bu cür "bəzədilmiş" hesabatlar Kremlin müharibəni davam etdirməkdə israr etməsinə səbəb olur və rasional qərarverməni çətinləşdirir. Bu yanaşma Rusiya rəhbərliyində qələbə illüziyası yaratsa da, real vəziyyətin ağır olduğu gizlədilir və bu, müharibənin uzanmasına gətirib çıxarır.
 
Vaşinqtonda vahid strategiya yoxdur
"NBC News" nəşrinin məlumatına görə, ABŞ administrasiyası daxilində də Ukrayna məsələsində fikir ayrılığı mövcuddur. Dövlət katibi Marko Rubio Rusiyaya təzyiqlərin artırılmasını müdafiə etdiyi halda, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff müharibəni tez bitirmək naminə Kiyevin ərazi güzəştlərinə getməsini mümkün variant kimi görür.
 
Analitiklər hesab edir ki, Avropanın maliyyə qeyri-müəyyənliyi, Kreml daxilində reallıqdan uzaq təsəvvürlər və ABŞ-da vahid strategiyanın olmaması Ukraynanın danışıqlarda mövqeyini zəiflədir və ədalətli sülh ehtimalını azaldır.
Link kopyalandı!
Son xəbərlər