“ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”.
Bu barədə ABŞ səfirliyinin ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupunun ilk görüşünə dair məlumatında qeyd edilib.
“Dekabrın 19-da ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər. Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla, iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”, - məlumatda bildirilib.
Bu fakt iki ölkə arasında əlaqələrin Donald Tramp dönəmində həqiqətən yüksəlişdə olduğunu bir daha sübut edir. Ancaq maraqlıdır ki, Bakıda səfirin yeri az qala bir ildir boşdur (sonuncu səfir Mark Libbi bu ilin yanvarında xəstəlik səbəbi ilə ölkəmizi tərk edib).
Bəs yeni elçinin təyinatı niyə gecikir və daha nə qədər uzana bilər?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirib ki, ABŞ Azərbaycanın Cənubi Qafqazda rolunu yüksək qiymətləndirir: “Həmçinin Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyində oynadığı rol, qlobal təhlükəsizliyə verdiyi töhfə şübhəsiz ki, yüksək dəyərləndilir. Donald Trampın hakimiyyətə gəlməsindən sonra isə ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Xüsusilə 8 avqust Vaşinqton razılaşmaları və Ağ Evdə əldə olunan tarixi anlaşmalar bunu deməyə əsas verir. Lakin maraqlıdır ki, ABŞ-nin Azərbaycanda səfir yeri hələ də boşdur. Rəsmi tədbirlərdə səfirliyin müvəqqəti işlər vəkili səfirin funksiyalarını yerinə yetirir. Amma çox yaxşı olardı ki, ABŞ Azərbaycanda fövqəladə və səlahiyyətli səfir qismində təmsil olunsun”.
Ekspertin sözlərinə görə, əvvəlki dövrləri xatırlasaq deyə bilərik ki, ABŞ Konqresində ermənipərəst dairələrin fəaliyyəti nəticəsində Azərbaycan üçün məqbul və razılaşdırılmış xüsusi elçi kimi göndərilən şəxslərin müzakirəsi zamanı bir sıra problemlər yaranırdı: “Biz bunu uzun illər ərzində görmüşük, Frenk Pelloni, Adam Şhif kimi ermənipərəst qüvvələr daim Azərbaycana təyin olunan səfirin təyinatına mane olmaq üçün ən müxtəlif maneələr yaradırdılar. Bu gün isə hesab edirəm ki, belə bir maneə olmamalıdır. Konqresdə çoxluq onsuz da Respublikaçılar tərəfdədir. Amma ortada dediyim maneələr olmasa da, təəssüflər olsun ki, səfir təyinatı hələ də reallaşmayıb. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Bizə ABŞ ilə əlaqələrin qurulması strateji əhəmiyyət kəsb edir. TRIPP marşrutu da daxil olmaqla, bir sıra regional layihələrin icrasında ABŞ-nin siyasi dəstəyinə ehtiyac var”.