Dekabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Nizami rayonunda yerləşən 70 nömrəli məktəb- liseyin yuxarı sinif şagirdləri ilə görüş keçirib. “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən görüşdə Nizami rayonu 70 nömrəli məktəb-liseyin direktoru Kəmalə Rəsulova, uzun illər liseyə rəhbərlik edən Nazim Qasımov və məktəbin şagirdləri iştirak ediblər.
Moderator.az xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev məzunu olduğu məktəbdə çıxış etməyin onun üçün böyük məmnunluq və qürur hissi olduğunu bildirib. O Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və taleyüklü mərhələlərinə toxunaraq, müstəqilliyin ilk ilərində ölkənin üzləşdiyi hərbi-siyasi, sosial və iqtisadi çağırışlardan danışıb. Rektor bildirib ki, torpaqlarımızın işğalı, məcburi köçkünlük, təhlükəsizlik problemləri və regionda baş verən geosiyasi proseslər Azərbaycan dövlətçiliyi üçün ciddi sınaq dövrü olub. A.Nağıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilasının və davamlı inkişafının başlanğıcı olub. Atəşkəs haqqında razılığın əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ilk milli Konstitusiyanın qəbul edilməsi ölkədə sabitliyin, iqtisadi inkişafın və hüquqi dövlət quruculuğunun əsasını qoyub. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün və vətəndaş hüquqlarının hüquqi təminatı kimi tarixə düşüb.
Rektor çıxışında Ulu Öndərin milli-mənəvi dəyərlərin, ana dilinin, tarix və ədəbiyyatın qorunması istiqamətində gördüyü işləri xüsusi qeyd edib, Azərbaycançılıq ideologiyasının formalaşmasının bu siyasətin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasi xətt uğurla davam etdirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Vətən müharibəsi və ardınca uğurla həyata keçirilən lokal xarekterli antiterror əməliyyatlarının nəticəsində suverenliyin tam təmin edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olub. Bu qələbələrin əsas dayaqlarından birinin milli ruhda formalaşmış gənclik olduğunu vurğulayan rektor, Azərbaycan gənclərinin həm döyüş meydanında, həm də elm, təhsil və ictimai həyatda yüksək fəallıq göstərdiyini bildirib.
Çıxışda gənclərin milli ideologiya, tarix, dil və mədəniyyət əsasında tərbiyəsində ailə və məktəbin roluna toxunan rektor müəllimlərin bu prosesdəki əvəzsiz xidmətlərini diqqətə çatdırıb.
Sonda A.Nağıyev Azərbaycanın bu gün Cənubi Qafqaz regionun və Türk dünyasının aparıcı dövlətlərindən birinə çevrildiyini vurğulayaraq, yeni inkişaf mərhələsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məktəb-Liseyin direktoru K. Rəsulova belə görüşlərin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib. O çıxışında rektor Anar Nağıyevə gənclərə göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirib.
Məktəb-Liseyə uzun illər rəhbərlik edən N. Qasımov məktəbin məzunu olan ANağıyevi doöma təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu, məzunları ilə fəxr etdiyini bildirib. O çıxışında xalqımızın tarixin mürəkkəb mərhələlərindən keçdiyini, Prezidentimiz cənab İlham Əliyevin görkəmli siyasi və dövlət xadimi olduğunu və dövlət başçımızın müdrik, uzaqgörən siyasəti nəticəsində işgaldan azad edilən bölgələrimizə məcburi köçkünlərin qayıdış prosesinin sürətlə həyata keçirildiyini xüsusi vurğulayıb.