
Tütün məmulatları üzrə bölgü 2024-cü ildə də əvvəlki tendensiyanı saxlayır. Siqaret çəkənlərin 99,8 faizi sənaye üsulu ilə istehsal edilmiş siqaretdən istifadə edir. Qəlyan, siqar və siqarillo istifadəçilərinin payı çox aşağıdır, cəmi 0,1 faiz. Elektron siqaret istifadəçilərinin payı ümumilikdə 0,1 faiz olsa da, gənc yaş qruplarında, xüsusilə 15-19 yaş arasında bu göstərici 0,3 faizdir ki, bu da elektron siqaretlərə marağın müəyyən dərəcədə artdığını göstərir.

Ürək-damar sistemi təhlükədə
Kardioloq Kənan Əhmədov deyir ki, elektron siqaretlər ürək-damar sistemi üçün ciddi risklər yaradır: "Bu siqaretlər tərkibində nikotin, propilen qlikol, gliserin və müxtəlif süni dadlandırıcılar ehtiva edir. Həmin maddələr uzun müddətli istifadə zamanı ürək-damar sistemi üçün ciddi risklər yarada bilər. Məsələn, nikotin qan təzyiqini yüksəldə, ürək ritminin pozulmasına səbəb ola, xolesterol balansını dəyişdirə və damarların elastikliyini azalda bilər. Bu isə nəticədə ürək xəstəlikləri, infarkt və insult riskini artırır. Eyni zamanda, elektron siqaretlər gənclər arasında asılılıq yaradan əsas faktorlardan biridir".
Mütəxəssis vurğulayır ki, bu məhsulların ənənəvi siqaretlərdən az zərərli hesab olunması düşüncəsi yanlışdır: "Hazırkı tibbi araşdırmalar göstərir ki, onların uzunmüddətli təsirləri hələ tam öyrənilməyib və ürək-damar sistemi üçün potensial təhlükə daşıyır. Sağlamlığın qorunması baxımından ən doğru seçim həm elektron siqaretlərdən, həm də tütün məhsullarından uzaq qalmaqdır".
"Yeniyetmələrdə ağciyərlərin inkişafı ləngiyir"
Pulmonoloq Əsəd Beydullayev bildirir ki, elektron siqaretlər son illər xüsusilə xanımlar və yeniyetmələr arasında populyarlıq qazanıb: "Elektron siqaretlər 2006-cı ildən satışa çıxıb. Lakin araşdırmalar göstərir ki, bu məhsullar uzunmüddətli istifadə üçün təhlükəlidir. Tibb dünyasında 2019-cu ildən etibarən tanınmış EVALİ (Elektron siqaret və veyp məhsullarına bağlı ağciyər zədələnməsi) adlı xəstəlik diqqət çəkir. Bu xəstəlik elektron siqaret istifadəsi nəticəsində yaranır və özünü əsasən təngnəfəslik, yüksək hərarət, halsızlıq və ağciyər zədələnməsi ilə göstərir".

Pulmonoloq vurğulayır ki, elektron siqaret istifadəçilərində yalnız 90 gündən artıq istifadə belə EVALİ riskini əhəmiyyətli dərəcədə artırır: "Bu xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Çünki onların ağciyərləri hələ tam inkişaf etməyib".
Əsəd Beydullayev qeyd edir ki, siqareti tərgitmək istəyən şəxslər üçün elektron siqaret alternativi məqsədəuyğun deyil: "Məqsəd yalnız zərəri azaltmaq deyil, siqareti tamamilə tərgitməkdir. Çünki elektron siqaretlər də ciddi risklərə malikdir. Bu məhsullardan uzunmüddətli istifadə zamanı tənəffüs yollarında qıcıqlanma, bronxit və digər xroniki ağciyər problemlərinə səbəb ola bilər. Gənc istifadəçilərdə isə bu məhsullar ağciyərin inkişafını ləngidə və gələcəkdə daha ciddi sağlamlıq problemlərinə yol aça bilər".
"Maarifləndirmə işlərinə ehtiyac var"
"Sağlam Düşüncə" Gənclər Təşkilatının baş katibi Hüseyn Abdullayev isə bu istiqamətdə sosial maarifləndirmə işlərinin aparılmasını vacib sayır. Onun sözlərinə görə, hazırda gənclər arasında adi siqaretlərlə müqayisədə elektron siqaretlərə maraq daha yüksəkdir. Bunun səbəbi uzunmüddətli istifadə zamanı daha az xərc tələb olunmasıdır: "Eyni zamanda, qoxusuz, iysiz, tullantısız olması, cəmiyyətdə "zərərsiz" imicinin formalaşması gənclərin diqqətini cəlb edir. Əslində isə elektron siqaret adi siqaretlər qədər təhlükəlidir. Bu istiqamətdə sosial maarifləndirmə işlərinin aparılması vacibdir".