Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Moderator.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Milli Məclisin sədri bu səfərin iki ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri, eləcə də Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşün iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektləri ilə yanaşı, ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Aktiv və konstruktiv siyasi dialoqun əməkdaşlığın digər sahələri üçün də yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda xalqları bir-birinə yaxınlaşdıran mühüm istiqamətlər kimi humanitar və mədəni əməkdaşlığın da vacibliyi qeyd olunub.
Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, iki ölkə arasında sıx siyasi dialoqu yüksək qiymətləndirib. O, ötən il Milli Məclis sədrinin Monteneqroya səfərinə görə təşəkkürünü bildirərək, bu səfərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edib.
2019-cu ildə Azərbaycanın Monteneqroya ən iri investisiya yatıran ölkə olduğunu bildirən qonaq, dövlətlərarası əlaqələrin inkişafında turizm sahəsinin özünəməxsus yer tutduğunu deyib. Ervin İbrahimoviç, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.