"Danışıqlar irəliləyir, amma sülhün bədəli hələ də qeyri-müəyyəndir..."
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukraynadakı müharibə ilə bağlı danışıqlar üçün ABŞ-a yollanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata əsasən, Dmitriyev bu həftəsonu Mayamidə ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerlə görüşəcək. Rusiya tərəfinin bildirdiyinə görə, bu təmaslar çərçivəsində Ukrayna nümayəndələri ilə hər hansı üçtərəfli görüş nəzərdə tutulmur. Mənbə açıq şəkildə vurğulayıb ki, "Ukrayna tərəfi ilə birgə danışıqlar planlaşdırılmayıb".
Bu görüşdən öncə Uitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə müzakirələr aparıb. Daha sonra isə onlar Mayamidə Ukraynanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Rüstəm Ömərovla görüşüb. Ömərov bildirib ki, tərəflər növbəti addımları və yaxın dövrdə əməkdaşlığın davamını müzakirə edib və o, görüşün nəticələri barədə prezident Vladimir Zelenskini məlumatlandırıb.
"Sülh yalnız qarşılıqlı güzəştlərlə mümkündür"
ABŞ Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən irəliləyişin əldə olunduğunu, lakin hələ çox iş görüldüyünü açıqlayıb. Onun sözlərinə görə, müharibələr adətən ya bir tərəfin kapitulyasiyası, ya da danışıqlar yolu ilə başa çatır və hazırkı mərhələdə yeganə real variant danışıqlardır.
Rubio vurğulayıb ki, davamlı sülh yalnız o halda mümkündür ki, hər iki tərəf müəyyən güzəştlərə hazır olsun və qarşılığında nəsə əldə etsin. ABŞ hazırda Ukraynanın və Rusiyanın hansı şərtlərlə razılaşa biləcəyini, tərəflərin gözləntilərini və bu mövqeləri bir-birinə yaxınlaşdırmağın mümkün olub-olmadığını araşdırır.
Dövlət katibi işğal olunmuş Ukrayna ərazilərinin hüquqi tanınması ilə bağlı suala konkret cavab verməkdən yayınıb və qeyd edib ki, belə həssas məsələlər mediada müzakirə edilə bilməz. O, xüsusilə vurğulayıb ki, Ukraynanın razılığı olmadan heç bir sülh sazişi mümkün deyil və Vaşinqton Kiyevə hər hansı razılaşmanı zorla qəbul etdirmək niyyətində deyil.
Ukraynanın ABŞ-dan kritik asılılığı
Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirill Budanov isə ölkəsinin ABŞ-dan iki əsas sahədə kritik şəkildə asılı olduğunu açıqlayıb. Onun sözlərinə görə, birinci istiqamət peyk kəşfiyyatı - radiolokasiya və optik kosmik çəkilişlərdir. ABŞ bu sahədə Ukraynaya həm pulsuz yardım, həm də kommersiya müqavilələri vasitəsilə dəstək verir.
Budanov bildirib ki, pulsuz kosmik çəkilişlər dayandırılsa, bu ciddi problem yaratmaz: optik çəkilişlərdə itki təxminən 15-17 faiz, radiolokasiya sahəsində isə 46 faiz təşkil edər. Lakin ABŞ siyasi qərar qəbul edib müqavilələri də bloklasa, vəziyyət demək olar ki, kritik həddə enər.
İkinci həyati asılılıq isə ballistik təhlükələr barədə erkən xəbərdarlıq sistemidir. Budanovun sözlərinə görə, bu iki sahə istisna olmaqla, Ukrayna qalan bütün təhlükəsizlik ehtiyaclarını əsasən özü təmin edir.