"Brüsseldə 15 saatlıq danışıqlardan sonra Aİ Ukrayna üçün 2026-2027-ci illəri əhatə edən geniş maliyyə paketində razılığa gəldi..."
Avropa İttifaqı Ukraynaya 90 milyard avro məbləğində maliyyə dəstəyinin ayrılmasını təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
90 milyard avro və Brüsseldə çətin kompromis
Avropa Şurasının prezidenti Antoniu Koşta bunun əldə edilmiş razılaşma olduğunu bildirib. Almaniya kansleri Fridrix Mers isə qərarı Rusiyaya açıq siyasi siqnal kimi dəyərləndirib.
"Politico" nəşrinin yazdığına görə, bu razılaşma Aİ daxilində asanlıqla əldə olunmayıb və ilkin plan - dondurulmuş rus aktivlərinin birbaşa Ukraynaya verilməsi müqavimətlə üzləşib. Nəticədə tərəflər daha "ehtiyatlı", lakin işlək mexanizm üzərində razılaşıblar.
"Hamının istədiyi variant olmadı"
Nəşr qeyd edir ki, sammitdə Almaniya və Avropa Komissiyası rus aktivlərinin dərhal istifadəsini istəyib. Lakin bəzi ölkələrin etirazı səbəbindən Aİ fövqəladə ehtiyat planına - ümumi borclanma yolu ilə "reparasiya krediti"nə üstünlük verib. Bu mexanizmdə Aİ büdcəsi girov rolunu oynayır, rus aktivləri isə gələcəkdə borcun ödənməsi üçün ehtiyat vasitə kimi saxlanılır.
Nəşrin yazdığına görə, bu kompromis "hamını tam qane etməsə də", Ukraynanın maliyyələşdirilməsini təmin edir. Macarıstan, Slovakiya və Çexiya mexanizmdə iştirakdan kənarda qalan ölkələrdir.
Reparasiya krediti və Ukraynanın gözləntiləri
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Ukrayna krediti yalnız Rusiya müharibə təzminatı ödədikdən sonra geri qaytaracaq. Əgər Moskva bundan imtina edərsə, Aİ beynəlxalq hüquq çərçivəsində dondurulmuş rus aktivlərindən istifadə edə bilər.
"Politico" yazır ki, bu razılaşma Kiyevin gələn il üçün on milyardlarla avro təşkil edən büdcə kəsirini bağlamağa və müdafiə xərclərini davam etdirməyə imkan verəcək. Fridrix Mersin sözlərinə görə, vəsait Ukraynaya ən gec yanvarın ikinci yarısında çatdırılacaq.