Bizi sosial şəbəkələrdən izləyin:
“Müxtəlif illərdə rejissor, rejissor asistenti, pomrej, ikinci rejissor, kaskadyor kimi çalışmışam. 1974-1975-ci illərdə Adil İsgəndərovu işdən çıxartdılar. Səhv etmirəmsə Elmira Axundova “İzvestiya” qəzetində onunla bağlı felyeton yazmışdı. O qəzetdə kimin haqda tənqidi material çap olunurdusa, o adamın işi Allaha qalırdı. O vaxt işsiz idim, məni işdən çıxarmışdılar. Adil müəllimin yanına getdim. O da sanki dərdləşməyə adam axtarırdı, çoxlu gileyləndi. Dedi ki, “qağa, mən heç nə edə bilmərəm”. O mənimlə bir yoldaş kimi dərdini açıb danışdı. Hətta kövrəldi, gözləri doldu.. Dedi ki, “gördün mənim başıma nə oyun gətirdilər?”. Dedi ki, “Rasim Balayevi mən təsdiq etdim, ona görə mübarizə apardım”. Uzun mübarizə apardığı filmlərindən danışdı.. Felyeton ona çox pis təsir etmişdi. Adil İsgəndərovu işdən çıxarıb, yerinə Cəmil Əlibəyovu qoydular. Əlibəyov da vəzifəyə öz əshabələrini gətirdi”.
Bunu Moderator.az-a açıqlamasında aktyor-rejissor Yusif Əlizadə deyib.
O daha sonra əlavə edib:
“O film bitən kimi, bu biri film başlayırdı. Demək olar ki, məzuniyyətə çıxa bilmirdim. Bir-neçə il istirahətsiz işlədim. Teymur Bəkirzadə “Yol əhvalatı” filmini çəkirdi. Baş rolda oynayan gürcü aktyoru Vaxtanq Pançaludzeni də hansısa filmdə görmüşdü. Mənə dedi ki, get onu gətir. Mən də Gürcüstana gedib həmin aktyoru tapdım. Mustafa roluna məni də “prob” etmişdilər. Amma rejissor köməkçisi idim, mənim vaxtım yox idi. Siyavuş Aslan da gəlib rejissorun işinə müdaxilə edirdi, məni göstərib deyirdi ki, “elə bunu çəkin də”. Əslində Fərid roluna da mən çəkilməli deyildim. Bu rol üçün Elxan Əhədzadəni tapmışdım. Çəkiliş günü Elxan qastrol səfərinə getdi. Ona görə də məcbur qalıb özüm çəkildim”.
Yusif Əlizadə baş rolda oynayan gürcü aktyorunun boyunun çox balaca olduğunu bildirib:
“Çox özündən razı aktyor idi. Bir-neçə dəfə çəkiliş əsnasında mübahisəmiz də düşüb. Hər dəfə də “başıma vururdu”-lar ki, “sən də gedib aktyor tapdın da” (gülür). Pançulidze Həmidədən çox kiçik idi. Əlimizdə kubik gəzdirirdik. Hər dəfə onun səhnələrində Həmidə də, kollektivin üzvləri də gülürdülər. Boyu balaca olsa da, əməlləri böyük idi”.