Rusiya-Ukrayna müharibəsində “Milad atəşkəsi”: Mayami görüşünün gündəliyi belədir - MÜSAHİBƏ
274
13:52, Bu gün

Rusiya-Ukrayna müharibəsində “Milad atəşkəsi”: Mayami görüşünün gündəliyi belədir - MÜSAHİBƏ

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Natiq bəy, Berlində Rusiya-Ukrayna müharibəsi və sülh planı çərçivəsində iki günlük danışıqların nəticəsi nədən ibarətdir?
 
- Əslində Berlin görüşləri ilə yanaşı, Ukrayna ilə bağlı bu həftə daha maraqlı görüşlər olacaq. Reallıqda Avropa İttifaqında keçirilən görüşlərin Rusiya-Ukrayna müharibəsinə təsirləri sıfıra yaxındır. Aİ ölkələri bu məsələdə yekdil qərara gəlməkdə böyük çətinliklərlə üzləşirlər. 27 ölkənin təşkil olunduğu bu təşkilatda hər bir dövlət məsələyə öz maraqları kontekstində yanaşır. Hətta Rusiyanın dondurulmuş aktivləri ilə bağlı onlar yekdil qərara gələ bilmirlər.

- Rusiyanın dondurulmuş aktivlərinin bölüşdürülməsinə nə mane olur?

- ABŞ Prezidenti Donald Trampın planında həmin aktivlərdən Amerika ilə Rusiyanın birgə istifadə etməsi ilə bağlı müddəalar var. Ona görə də, ABŞ bunun əleyhinədir. Həmçinin ABŞ bunun əleyhinə olduğuna görə, 7 Avropa ölkəsi də buna veto qoydu. Beləliklə, Rusiyanın bu aktivləri uzun müddətli olaraq dondurulsa da, bundan istifadə edə bilməyəcəklər.

- Mayamidə Rusiya-Ukrayna müharibəsinə dair görüşlər başlayacaq. Bu görüşdə nələr müzakirə ediləcək?

- Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və digər rəsmilər də bu görüşə qatılacaqlar. Burada ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

- Belə çıxır ki, sülh planına dair ortada razılaşdırılmış sənəd var?

- Bəli, belə bir sənəd var. Sadəcə olaraq, bu sənədin detalları üzərində ciddi iş gedir. Təbii ki, burada Rusiyanın israrları, Ukraynanın qırmızı xətləri, ABŞ-nin istəkləri mövcuddur.

- Bu konfiqurasiyada Avropa İttifaqının təsir imkanları nədən ibarətdir?

- Hazırkı şəraitdə Avropa İttifaqı ən zəif halqadır. Çünki Aİ öz ərazisində gedən müharibəyə daxil olmasa belə, ABŞ-nin planına uyğun hərəkət etməlidir.

- Avropa ölkələrinin istəyi nədir?

- Onlar Rusiya-Ukrayna müharibəsinin daha iki-üç il uzanmasını istəyirlər. Bununla Avropa İttifaqı ölkələri müharibəyə hazırlıqlarını tamamlamaq istəyirlər. Çünki onlar 80 ilə yaxındır ki, “fil qulağında” yatmışdı. Daha çox ABŞ-yə arxayın idilər. Təhlükəsizliklərini də Amerikaya təhvil vermişdilər. Avropanın hərbi-sənaye kompleksləri, əhalisi, iqtisadiyyatı müharibəyə hazır deyil. Bunun üçün Aİ ölkələrinə müharibəyə hazırlaşmaq üçün iki-üç il bir zaman lazımdır.

- Özləri də bəyan edir ki, 2008-ci ildən bəri Rusiya Gürcüstan hadisələri, Krım məsələsində daha aqressivləşib. Niyə bu müddətdə Avropa İttifaqı bir qərar qəbul edə bilməyib?

- Əslində bu çox maraqlı bir yanaşmadır. Ona görə də, indiki konfiqurasiyada Avropa İttifaqı sülh masasında yer almaq istəyən mərkəz kimi davranır. Amma onun proseslərə təsir imkanları azdır və zəifdir.

- Beləliklə, bu həftə ABŞ-də baş tutacaq görüşlərdən nəhayət bir nəticə gözlənilirmi?

- Kimin hansı güzəştlərə gedəcəyi bu həftənin sonunda Mayamidəki müzakirələrdən sonra bilinəcək. Ehtimal ondan ibarətdir ki, bu ilin sonunda Rusiya-Ukrayna müharibəsinin gedişində “Milad atəşkəsi” ilə bağlı razılaşma əldə edilsin. Hətta iki həftəlik “yeni il atəşkəsinin” olması da mümkündür. Atəşkəs dövründə isə danışıqların daha da intensivləşməsi gözlənilir.

- Hazırda Ukrayna üçün əsas çətinliklər nədir?

- Müharibənin uzun müddət davam etməsi Ukrayna üçün resurs, Qərbdən asılılıq baxımından əlavə problemlər yaradıb. Ukraynanın dövlət büdcəsində gələn il təqaüdlərin və əsgələrin maaşını ödəmək üçün pul qalmayıb. Bu halda Ukrayna Qərb ölkələrindən, əsasən də ABŞ-dən asılıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər