2393
12:46, Bu gün

"Ukraynanın bir neçə bölgəsi gecə boyu kütləvi dron hücumlarına məruz qalıb" - Ukrayna KİV

 
"Çerkası, Sumı, Krivoy Roq və Odessa zərbə altındadır..."
 
Rusiya ordusu 18 dekabr gecəsi Ukraynanın bir sıra bölgələrinə "Shahed" tipli zərbə PUA-ları ilə genişmiqyaslı hücum həyata keçirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
 
Hücumlar nəticəsində mülki infrastruktur zədələnib, yaşayış binalarında dağıntılar qeydə alınıb, yaralananlar var.
 
Çerkası və Sumı: enerji infrastrukturu hədəfdə
 
Çerkası vilayətinin hərbi administrasiyasının rəhbəri İqor Taburetsin bildirdiyinə görə, Rusiya qüvvələri şəhərin kritik infrastrukturunu hədəfə alıb. Hücum nəticəsində Çerkasının bir hissəsi işıqsız qalıb, enerji mütəxəssisləri bərpa işlərini davam etdirir. 
 
Dronların düşməsi səbəbindən ən azı 15-dən çox fərdi yaşayış evi zədələnib, evlərin damları və pəncərələri dağılıb, yanğınlar baş verib. İdman kompleksində və avtomobillərdə də ciddi ziyan qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
 
Sumı vilayətində isə iki zərbə PUA-sı Sumı şəhərini hədəfə alıb. Vilayət administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, Kovpakovski rayonunda mülki obyektlər zədələnib, yaşayış və qeyri-yaşayış binalarının pəncərələri sınıb. Azı bir mülki şəxs yaralanıb, onun vəziyyəti orta ağır qiymətləndirilir. Hücum nəticəsində yanğın da baş verib.
Krivoy Roq və Odessa: yaşayış məhəllələrinə zərbələr
 
Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində dron zərbələri birbaşa yaşayış sektoruna dəyib. Şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun açıqlamasına görə, xilasetmə xidmətləri yanğınları söndürür, zərərçəkənlər üçün yardım qərargahı yaradılıb. Son məlumatlara əsasən, 58 yaşlı kişi və 67 yaşlı qadın daxil olmaqla bir neçə nəfər yaralanıb.
 
Odessa vilayətində isə hücum nəticəsində doqquzmərtəbəli yaşayış binasının və təhsil müəssisəsinin şüşələri sınıb. Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, 7 nəfər xəsarət alıb: onlardan altısına hadisə yerində tibbi yardım göstərilib, bir nəfər isə orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Nikolayev və Zaporojye: enerji və mülki obyektlər zərər görüb
 
Nikolayev vilayətinin Voznesensk şəhərində dron zərbəsi enerji infrastrukturuna tuş gəlib. Şəhər meri Yevgeni Veliçkonun sözlərinə görə, zərərin miqyası dəqiqləşdirilir. Elektrik sistemindəki nasazlıqlar səbəbindən şəhərin üçüncü mikrorayonunda su təchizatı müvəqqəti dayandırılıb. Vilayət rəhbərliyi bildirir ki, əksər abonentlərin elektrik enerjisi artıq bərpa olunub.
Zaporojyedə isə 18 dekabr səhər saatlarında partlayışlar qeydə alınıb. Vilayət administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, şəhərdə yaşayış evi və qaraj kooperativi zədələnib. Hadisə zamanı idarəolunan aviasiya bombalarından istifadə təhlükəsi elan olunmuşdu. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
 
Rusiya ordusunun Ukraynanın dinc şəhərlərinə qarşı dron hücumları mülki infrastrukturu və əhalini hədəf almağa davam edir. Müharibə artıq 1394-cü gününə daxil olub və gecə hücumları ölkənin müxtəlif bölgələrində ciddi humanitar nəticələr doğurur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər