“2 il Vaqif Mustafazadənin arxasınca qaçdım, tanış olmaq üçün jurnalist kimi evinə getdim” - ETİRAF+ÖZƏL
3216
18 Dec 2025 | 11:10

“2 il Vaqif Mustafazadənin arxasınca qaçdım, tanış olmaq üçün jurnalist kimi evinə getdim” - ETİRAF+ÖZƏL

“Mən Vaqifi ilk dəfə televiziyada görmüşəm. Səhv etmirəmsə Tofiq Quliyevin əsərini ifa edirdi. Birdən böyük ekranda onun barmaqlarını gördüm. O barmaqlarda sanki sehir var idi. Vaqif güclü pianoçu idi. O ifa edirdi, barmaqları aşağı gedəndə bığları da aşağı düşürdü, barmaqları yuxarı qalxanda bığlar da yuxarı qalxırdı. Bu insanın ruhu da musiqi idi. Asəf Zeynallı adına musiqi texnikomunda oxuyurdum. İstəyirdim ki, Vaqif müəllimi görüm. Hərdən texnikoma gəlirdi. Bir gün Vaqifi gördüm, istədim ki, onunla salamlaşım. O çox sürətlə gedirdi. Görüb sadəcə salam verib və ona xoş sözlər demək istəyirdim. O gedəndə də daxilində musiqi çalırdı. Musiqi də onun bütün əzalarına, ruhuna yansımışdı. İki il onun arxasınca qaçdım, amma onu tutub salam verməyim alınmadı”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib.
 
O daha sonra Vaqif Mustafazadə ilə tanışlığını xatırlayıb:
“Bir dostum var idi. “Bakı” qəzetinin baş redaktoru idi. Mənə dedi ki, sən get ondan bir müsahibə al. Məni jurnalist kimi onun yanına göndərdi. Getdim evinə. Qapının zəngini basdım. Vaqifin anası qapını açdı. Soruşdum ki, Vaqif evdədir? Bir də gördüm ki, Vaqif özü qapıya gəldi. Onu görən kimi əllərim, ayaqlarım titrədi. Məni görən kimi dedi ki, “səni hardasa görmüşəm”. Bir-iki dəfə sadəcə üz-üzə gəlmişdik. O danışdıqca başladım yazmağa. Yazmağı sevmirdim, barmaqlarım ağrıyırdı. Soruşdu ki, musiqiçisən? Dedim ki, yox. Müsahibə bitdi, dedi ki, sabah gəl bizə, görüşərik. Qutab xoşlayıb, xoşlamadığımı soruşdu. O hiss etmişdi ki, məndə musiqidən nələrsə var. Sonralar artıq dostlaşmışdıq. Hərdən deyirdi, “Canik, çal mənim üçün”.  Onun qabağında ifa etmək çox çətin idi. Mən də utancaq idim. O vaxt Bakıda caz çox məşhur idi. Vaqif də buna görə məni çox istəyirdi. Tale elə gətirdi ki, biz onunla işbirliyi qurduq, ifalar etdik. Bu günlərdə musiqi kollecində Vaqif Mustafazadə yad edildi. İnanın ki, o qədər gözəl hisslər yaşadım ki.. Onun əsərlərini ifa etdim.. O qədər gözəl tədbir idi ki. Nə qədər ki, Azərbaycanda caz musiqisi var, Vaqif Mustafazadə də hər zaman yaşayacaq”, - deyə sənətkar bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər