Dekabrın 17-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.
MSN 2005-ci il dekabrın 16-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Moderator.az xəbər verir ki, AZƏRTAC-ın müxbirləri MSN işçilərinin peşə bayramı günü münasibətilə nazirliyin müəssisələrindən birinə baş çəkib, silah-sursatın hazırlanması prosesi ilə tanış olublar:
Müəssisənin sexlərinə baş çəkərək silah-sursatın ən xırda detallarının hazırlanmasından tam hazır hala gətirilənədək həyata keçirilən mərhələlərin şahidi oluruq.
Gərgin iş, böyük diqqət və məsuliyyət tələb edən proses incə-incə işlənilir. Detalların ştamplaması, ilkin xammalın hazırlanması - həssas tökmə, müdafiə sənayesi məmulatlarının hazırlanması üçün proqram dəzgahlarından istifadə, məmulatların yığımı, lülə sahəsinin robotik cihazlarla hazırlanması prosesləri bir-birini əvəz edir. Nəticədə ortaya Azərbaycan istehsalı olan yüksək dəqiqliyi, atış tezliyi ilə fərqlənən, cəngavər Vətən və asayiş keşikçilərinin, təhlükəsizlik və əmin-amanlığımızın təminatçılarının "ən sadiq dostu" hesab edilən əzəmətli silahlar ortaya çıxır.
MSN-in əməkdaşı ilə həmsöhbət olub, müəssisənin fəaliyyəti haqqında məlumat alırıq. Onun sözlərinə görə, MSN-in müəssisələrində hərbi təyinatlı məmulatların istehsalı üzrə genişmiqyaslı işlər aparılır. Son illər dövlətimizin dəstəyi ilə respublikamızın regionlarında MSN-in yeni texnologiyalara əsaslanan müasir avadanlıqlarla təchiz olunmuş istehsal müəssisələri inşa edilib. Çox qısa zamanda həmin müəssisələr tam istehsal gücü ilə fəaliyyətə başlayacaq. Müəssisələrə regionlardan yeni kadr resursları da cəlb olunub.
Əməkdaş qeyd edir ki, hazırda MSN-in müəssisələrində müxtəlifçaplı atıcı silahların, döyüş sursatlarının istehsalı artan qrafik üzrə icra olunur. Silahlı qüvvələrin, güc strukturlarının və aidiyyəti dövlət qurumlarının sifarişləri əsasında hərbi təyinatlı məhsullara olan tələbat üzrə dövlət sifarişləri vaxtlı-vaxtında, keyfiyyətlə yerinə yetirilir. 2025-ci il üçün MSN müəssisələri artıq dövlət sifarişi proqramını tamamilə yerinə yetirib.
O da vurğulanır ki, MSN-in müəssisələri 44 günlük Vətən müharibəsi zamanı ordunun və güc strukturlarının təminatı üçün əlindən gələni əsirgəməyib, üçnövbəli iş rejimində çalışaraq həmin qurumları hərbi təyinatlı məmulatlarla təmin edib.
İstehsalatda müasir istehsal texnologiyalarının, təcrübi konstruktor layihələrinin tətbiqi sayəsində yeni növ silahların yaradılmasına nail olunub. İstehsal edilən məmulatların hissələrinin emalının 90 faizi rəqəmsal proqramla idarəolunan dəzgahlarda aparılır ki, bu da texniki imkanları artırır, keyfiyyət baxımından beynəlxalq bazara rəqabətədavamlı məmulat çıxarılmasına imkan yaradır. Hazırda müəssisədə 5.45x39; 7.62x39 avtomatların, 7.62x54 universal, 7.62x54 hücum pulemyotlarının, 12.7, 14.5 və 23 millimetrlik iriçaplı snayper tüfənglərinin seriyalı istehsalı aparılır.
Sonra müəssisənin pilotsuz uçuş aparatları (PUA) istehsal edilən sahəsi ilə tanış oluruq.
Burada bir PUA diqqətimizi xüsusilə cəlb edir. Öyrənirik ki, müəssisənin 44 günlük Vətən müharibəsi "veteranı" hesab edilən həmin pilotsuz uçuş aparatı - "Orbiter-3" tipli PUA İkinci Qarabağ müharibəsi zamanı uzun müddət havada kəşfiyyat işi aparıb. Son tapşırığında düşmən silahlarının hədəfinə çevrilməsinə və müxtəlif tipli qəlpə zədəsi almasına baxmayaraq, öz missiyasını uğurla tamamlayaraq geri dönüb.
Nazirliyin PUA istehsalı sahəsi üzrə mütəxəssisi bildirir:
"Bizim sahəmizdə müxtəlif tipli pilotsuz uçuş aparatları istehsal olunur. PUA-lar həm kəşfiyyat, həm də kamikadze tiplidir. Həmin PUA-lar müharibə şəraitində bütün növ tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir. Vətən müharibəsində həmin aparatlardan geniş istifadə olunub. Həm kəşfiyyat, həm də kamikadze tipli uçuş aparatlarımız düşmənin gizli və açıq mövqelərini hədəfə alaraq zərərsizləşdirib. PUA-lardan "Orbiter-2", "Orbiter-3", "Orbiter-4" tipli aparatlar kəşfiyyat tiplidir. Həmin aparatlar gündüz və gecə rejimlərində düşmənin bütün hədəflərini aşkarlayıb, həm komanda məntəqəsinə ötürür, həm də koordinatları təyin etmək qabiliyyətinə malikdir. Həmin PUA-lardan biri kamikadze tipli zərbə tipli "İtiqovan" adlandırılan zərbə uçuş aparatıdır ki, bu da düşmənin mövqelərini qısa zamanda aşkarlayaraq, yüksək hündürlükdən çox dəqiqliklə məhv edə bilir. Yəni hədəfi görərək saatda 350-370 kilometr sürətlə - böyük bir şığıma sürəti ilə hədəfi məhv etmək qabiliyyətinə malikdir".
Müəssisədə şahid olduğumuz proseslər, hər detal üzərində gözünü qırpmadan çalışanlar onu deməyə əsas verir ki, müdafiə sənayesinin ən parlaq gələcəyi qarşıdadır. Əminik ki, getdikcə ölkəmizdə silah-sursat və texnika ixracı idxalı üstələyəcək və Azərbaycanın özünəməxsus hərbi məhsulları ən qabaqcıllar sırasında yer alacaq.