“Dəvə gözümün qabağında atı parçaladı” - Maştağa sakini dəvəçiliyi Qarabağda inkişaf etdirmək istəyir - FOTO+ÖZƏL
977
15:00, Bu gün

“Dəvə gözümün qabağında atı parçaladı” - Maştağa sakini dəvəçiliyi Qarabağda inkişaf etdirmək istəyir - FOTO+ÖZƏL

“Dəvələrin ən təhlükəli dövrü cütləşmə vaxtı olur. Erkək dəvələr çox aqressiv olur. Həm də qısqanc olurlar. Cütləşmə dövrü qış ayında olur. Dəvə ildə bir dəfə cütləşir. Cütləşmə dövrü onların yanına hansısa heyvan yaxınlaşsa həmin dəvə aqressiv olur. Hətta şahidi olmuşam ki, dəvə gözümün qabağında atı parçalayıb. Amma adi vaxtlarda dəvələr çox rahat, sakit heyvanlardır. Dəvələr qış vaxtı çox su içir, nəinki yay aylarında. Dəvə demək olar ki, insani xüsusiyyətlərə malikdir”.
 
Bunu Moderator.az-a açıqlamasında Firdovsi Axundov bildirib.
O 20 ildən çoxdur ki, Maştağada dəvə təsərrüfatı ilə məşğul olduğunu deyib:
 
“Bir dəfə Beyləqandan 2 dəvə almışdım. Xoşuma gəldi. Biri bala idi, biri ana. Sonra qərara aldım ki, dəvə təsərrüfatı ilə məşğul olum. Çox maraqlı heyvandır. İnsan zəkasına yaxın heyvandır. Demək olar ki, bir dili yoxdur danışsın. Biz dəvəni damazlıq üçün saxlayırıq. Həm də xahiş edirlər tədbirlərdə, tamaşalarda, çəkilişlərdə çıxış etmək üçün dəvə veririk. Dəvə uzun ömür yaşayan heyvandır. O vaxt Səfiyar kişi var idi, bizim üçün dəvə götürmüşdü. O deyirdi ki, bu dəvə o vaxt müharibə dövründə bizim kəndi su ilə təmin edib. Dəvənin 60 yaşı var idi. Mal, qoyun sürü, baş kimi hesablanırsa, dəvə nəfər kimi hesablanır. Ağ dəvələrimizi xarici ölkələrdən gətirmişik”.
O bildirib ki, dəvə təsərrüfatı ilə daha çox Cəbrayıl və Hacıqabulda məşğul olurlar:
 
“Cəbrayılın Böyük Mərcanlı kəndində və Hacıqabulda dəvə təsərrüfatına rast gəlmək olar. Bizim də orada dəvələrimiz var. Ən əsası dəvəçilik onlarda inkişaf edib. Ümumiyyətlə götürəndə Azərbaycanda çox dəvə yoxdur. Ən böyük arzum dəvəçiliyi işğaldan azad olunmuş bölgələrimizdə inkişaf etdirməkdir. Planlarımız var, inşallah ki, Allah bizi bu arzumuza da çatdırar”.
Link kopyalandı!
Son xəbərlər