Beş ölkənin sərhədindəki dəniz neytral məkan olmaqdan çıxıb; savaş təhlükəsi hər keçən gün artır
Xəzər tarixən “sülh dənizi” olub. Ancaq son illərdə Xəzərdəki hərbiləşmə, davamlı hərbi təlimlərin keçirilməsi, Ukrayna ilə bağlı proseslər dənizin “qan gölü”nə çevrilməsi qorxusunu yaradır. Son günlər Ukrayna təkcə Qara dənizdə deyil, Xəzərdə də Rusiyaya məxsus hədəfləri vurub.
“Bloomberg” bildirir ki, Ukrayna Xəzər dənizindəki “Lukoil” neft platformasına ən azı dörd dron hücumu həyata keçirib. Hücumlar 20-dən çox neft quyusunda əməliyyatların dayanmasına səbəb olub. Sözügedən neft yatağı Rusiyanı ildə təxminən 6 milyon ton neftlə təmin edir ki, bu da ölkənin daxili istehsalının təxminən 8 faizini təşkil edir. Rusiya qoşunları Ukrayna müharibəsi zamanı, xüsusən 2023-cü ilin may-iyun aylarında Kiyevə Xəzər dənizindən qanadlı raketlər istifadə edərək zərbələr endirib, bu hücumlarda Kiyevdəki hərbi obyektlər və infrastruktur hədəf alınıb.
Bəllidir ki, Rusiya Türkmənçay anlaşmasına əsasən uzun illər Xəzərdə hərbi gücə malik olan yeganə dövlət olub. Bundan başqa, SSRİ-nin dağılmasından sonra Xəzər donanması bölünsə də, əsas pay Rusiyaya çatıb və son illərdə Rusiya Xəzərdəki gücünü daha da böyüdüb. 2015-ci ildə Xəzərdən ilk dəfə Suriya ərazisinə raket atıldı və Rusiya donanması bir mənada güc nümayişi etdirdi. Ümumiyyətlə, son illərdə təkcə Rusiya deyil, Xəzər sahilində yerləşən digər 4 ölkə - Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran da dənizdəki hərbi güclərini xeyli artırıblar.
Rusiya əvvəl Suriyaya, sonra isə Ukraynaya raket atmaqla və cavab zərbəsi almaqla sahilyanı ölkələri risk altında qoyur. Halbuki Xəzərin hüquqi statusu onun hərb meydanına çevrilməsini qadağan edir.

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a dedi ki, Xəzər açıq dənizlərlə sərhədi olmayan qapalı su hövzəsidir: “Bu dəniz illər boyu müharibələrdən uzaq, sülh və əməkdaşlıq məkanı olub. Xəzər dənizindən tarixən ancaq iqtisadi məqsədlər və əməkdaşlıq üçün istifadə olunub. Bu gün də Xəzər dənizi əməkdaşlıq və dostluq dənizi adlandırılır. Amma çox təəssüf ki, Xəzərdə hərbi qüvvələrin artması bu məkanda da sabitliyin pozulmasına gətirib çıxarır. Xəzərdə mövcud hərbi güc əvvəllər əsasən Rusiyaya məxsus olsa da, indi Xəzəryanı ölkələr hərə özünün hərbi gücünü artırır. Çünki Xəzər dənizinin səthinin bölünməsindən sonra sahilyanı ölkələrin hər birinin öz akvatoriyası məlum olub. Bu da hər bir ölkənin özünün akvatoriyasında təhlükəsizliyini təmin etmək üçün hərbi gücünü artırmasını zəruri edir. Həm də Xəzər dənizi karbohidrogen resursları ilə də zəngindir. Bu baxımdan Xəzəryanı dövlətləri özlərinin akvatoriyasında təhlükəsizliyi təmin etməyə məcburdur. Bununla yanaşı, Xəzər dənizi Xəzərdən uzaqda yerləşən müharibə ocaqlarına raket zərbələri endirilməsi üçün istifadə olunmamalıdır. Hətta Xəzərin hüquqi statusu onun hərb meydanına çevrilməsini qadağan edir. Amma çox təəssüf ki, Rusiyanın Suriyaya və Ukraynaya Xəzərdən kalibr raketləri atdığını müşahidə etmişik. Bu da həmin ölkələrin Xəzərdə legitim hərbi hədəflərinin müəyyən edilməsini və qisas tədbirlərinin görülməsini məcburi edir. Bu baxımdan Rusiyanın Xəzərdəki neft istehsalı yerlərinə Ukraynanın dron zərbələri endirməsi başa düşüləndir. Həm də bu gün hərbi texnoloji imkanlar dünyanın istənilən nöqtəsinə müdaxilə etmək imkanını yaradır. Bu baxımdan dron hücumlarının genişlənməsi, ümumiyyətlə, Xəzərdə təhlükəni və riskləri çoxaldır. Bu baxımdan Xəzəryanı ölkələrin bir araya gələrək Xəzərin hərbi məqsədlər üçün istifadə edilməməsi ilə bağlı məsələni müzakirə etmələrinin vacib olduğunu hesab edirəm. Çünki bu gün Rusiyanın neft platformalarına olunmuş dron hücumları digər ölkələrin gəmilərinə və ya platformalarına ola bilər. Burada məqsədli hücumlar olmasa belə, ola bilsin ki, edilən hücumlar səhvən digər istiqamətlərə yönəlsin və digər ölkələrin akvatoriyalarında da partlayışlar baş versin. Bunun baş verməməsi üçün Xəzəryanı dövlətlərin növbəti iclasında Xəzərin təhlükəsizliyi ilə bağlı məsələ mütləq müzakirə olunmalıdır”.

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Ukraynanın Xəzəri neytral məkan olmaqdan çıxardığını qeyd etdi: “Xəzər dənizi tarixən region dövlətləri üçün sabitlik və əməkdaşlıq məkanı kimi qəbul edilsə də, son illərdə bu status faktiki olaraq ciddi təzyiq altındadır. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin coğrafi cəhətdən genişlənməsi Xəzəri də dolayısı ilə münaqişə zonasına çevirib. Rusiya Xəzərdən Ukrayna ərazisinə qanadlı raketlər atmaqla dənizi hərbi platformaya çevirdiyi kimi, Ukrayna da Xəzərdə Rusiyaya məxsus neft infrastrukturlarını hədəf almaqla Xəzəri neytral məkan olmaqdan çıxarıb. Başqa sözlə, Rusiya-Ukrayna müharibəsinin təsirlərinin bu hövzəyə qədər uzanması Xəzəri yalnız iqtisadi və enerji təhlükəsizliyi baxımından deyil, birbaşa hərbi risklər baxımından da diqqət mərkəzinə çevrilib. Bu isə həm enerji bazarları, həm də regional təhlükəsizlik üçün ciddi presedent yaradır.
Belə bir şəraitdə Xəzərətrafı dövlətlər - Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın da Xəzərdə hərbi potensiallarını artırması başadüşüləndir. Belə ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya dənizin üçüncü ölkələrin hərbi iştirakından qorunmasını nəzərdə tutsa da, sahilyanı dövlətlərin öz hərbi fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırmır. Nəticədə Xəzər hüquqi baxımdan “sülh zonası” olsa da, praktiki olaraq hərbiləşmə riskləri ilə üz-üzədir. Bu isə özü-özülüyündə böyük təhlükədir. Belə ki, Xəzər dünya miqyasında qəbul olunan mühüm neft-qaz hövzəsidir. Platformaların, boru kəmərlərinin və limanların hədəf alınması enerji təchizatının dayanmasına, milyardlarla dollarlıq itkilərə və bazarlarda dalğalanmalara səbəb ola bilər. Bundan əlavə, hərbi insidentlər investisiya mühitini zəiflədə və uzunmüddətli layihələri də risk altına sala bilər. Mən hələ ekoloji fəlakətdən danışmıram. Xəzər kimi qapalı su hövzəsndə hərbi toqquşmalar nəticəsində baş verə biləcək neft sızmaları və partlayışların bərpası çox çətin olan ekoloji fəlakətlərə yol aça bilər. Bu, balıqçılıq, biomüxtəliflik və sahilyanı əhalinin yaşayışına ciddi zərbə vura bilər.
Azərbaycan üçün risklər daha həssasdır. Enerji infrastrukturu, ixrac marşrutları və regional balans siyasəti təhlükə altına düşə bilər. Buna görə rəsmi Bakı üçün prioritet Xəzərin müharibədən kənar saxlanılması, diplomatik təşəbbüslərin gücləndirilməsi və müdafiə xarakterli təhlükəsizlik tədbirlərinin artırılması olmalıdır. Yəni bir tərəfdən Xəzərdə sülh və sabitliyin qorunması üçün diplomatik təşəbbüslər gücləndirilməli, etimad quruculuğu mexanizmləri təşviq olunmalıdır. Digər tərəfdən isə ölkənin enerji infrastrukturlarının təhlükəsizliyi artırılmalıdır. Ümumiyyətlə isə Azərbaycanın neytral və tarazlaşdırılmış mövqeyi Xəzərin “qan gölü”nə çevrilməsinin qarşısını almaq baxımından həlledici əhəmiyyət daşıyır".