20 bəndlik plan: Ukrayna bu güzəştlərlə sülh istəyir - MÜSAHİBƏ
455
15:10, Bu gün

20 bəndlik plan: Ukrayna bu güzəştlərlə sülh istəyir - MÜSAHİBƏ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:

- Elxan bəy, ötən gün Berlində Vaşinqton və Kiyevin nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün məxfi danışıqlar aparılıb. Nəticələr açıqlanmasa da, 20 bəndlik sülh planından danışılır. Gözləntilər nədən ibarətdir?

- Berlindəki danışıqlarda ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi elçisi Stiven Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner daxil idi. Ukrayna tərəfindən isə Prezident Volodimir Zelenski, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Andrey Qnatov bu müzakirələrə qatılıb. Almaniya kansleri Fridrix Merts isə görüşdə tərəflərlə qısa dialoqdan sonra danışıqlarda yer almayıb.

Ötəngünkü müzakirələr də göstərdi ki, artıq ilkin sülh layihəsinə düzəlişlər edilib. Zelenski də hansı güzəştdə gedəcəyini açıqlamalarında bildirir. Faktiki olaraq, Ukrayna NATO üzvlüyündən imtina edir. Bu böyük güzəştdir. Zelenski bunun müqabilində təhlükəsizlik təminatının verilməsini istəyir. Eyni zamanda Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərinin geri qaytarılmayacağını da rəsmi Kiyev qəbul edir. Hüquqi cəhətdən bunu tanımasalar da, amma işğala son qoyulması ilə bağlı bir tələb qoyulmur.

Hazırda “Zaparojoye” atom elektrik stansiyası Rusiyanın işğalı altındadır. Zelenski bu stansiyanın işlədilməsi ilə bağlı da güzəştə hazırdır. ABŞ-nin idarəsi əsasında istehsal edilən elektrikin Rusiya və Ukrayna arasında bölüşüdürülməsi kimi güzəştlərə də rəsmi Kiyevin hazır olduğu bəyan edilib.

- Sizcə, bu cür dəyişiklikdən sonra Rusiya yeni planı qəbul edəcəkmi?

- Rusiya bundan öncə təklif edilən 28 maddəlik sülh planına ilkin razılığını bildirmişdi. Amma yeni düzəlişlərə Kremlin razılıq verəcəyi ilə bağlı suallar var. Bunun fonunda isə Ukrayna prezidenti yeni seçkiyə getməyə də hazır olduğunu bildirib. Müharibə şəraitində seçki keçirmək mümkün olmasa da, Zelenski müharibənin dayanması və yaxud müvəqqəti atəşkəs şəraitində seçkiyə getməyin mümkünlüyünü qəbul edir. Bu da Ukrayna tərəfinin növbəti güzəştlərindən bidirir.

- Rusiyanın güzəştləri nədən ibarət ola bilər?

- Kremlin güzəştləri barəsində məlumat yoxdur. Rusiya hələ də ultimatumla danışır, ancaq 28 bəndlik planı qəbul edə biləcəklərini deyir. Amma düzəlişlərdən sonra Moskvadan "yeni planı qəbul etməyə də bilərik" kimi açıqlamalar verilir. Avropanın təzyiqindən sonra Rusiya bu planları qəbul etməyəcəyini bildirmişdi. Beləliklə, proses yenə də gərgin bir nöqtəyə gəlib çatır.

- Kremlin yeni planı qəbul etməsi üçün əlavə təsir elementləri hansılar olacaq?

- Faktiki olaraq, Rusiyaya 4 ildir ki, müxtəlif təzyiqlər edilir. Amma bunun heç bir nəticəsi yoxdur. İqtisadi-siyasi təzyiqlər, Rusiyanın “Böyük 8-lər”dən çıxarılması, iki böyük şirkətinə qarşı qoyulan sanksiyalar nəticəsiz qalıb. Bu qədər sankisyalar fonunda Rusiya Prezidenti Vladimir Putin yenə də işğaldan vaz keçməyib. Ona gör də yeni planı da qəbul etməsə, sankisyalarla Putini yola gətirmək çətindir.

- Sülh planının qəbul edilməməsi hansı nəticələrə səbəb ola bilər?

- Bu halda müharibə indiki kimi tam şiddəti ilə davam edəcək. Ukraynanın cəbhədə son günlər müəyyən uğurları da var. Buna paralel olaraq nəticəsiz qalan danışıqların da davam etməsi gözlənilir.

- ABŞ Prezidenti Donald Tramp ötən günlərdə Ukraynanın arxasından çəkiləcəyi təqdirdə Avropa ölkələrinin yaşayacağı problemlərə diqqət çəkib. Sizcə, Tramp bununla Qərb liderlərinə hansı mesajları verməyə çalışır?

- Bu, Tramp tərəfindən verilən ilk mesaj deyil. İki-üç dəfə buna oxşar mesajlar verilib. Ağ Ev əvvəlcə Ukraynaya təzyiq edir, yardımı kəsəcəyi ilə bağlı hədələr səsləndirir. Amma bunun müqabilində müharibə dayanmır. Ukrayna da ərazi bütövlüyündən imtina etmir. Ağ Ev Ukraynaya silah verməyəcəyini açıqlandıqdan sonra Avropa ölkələri bunu pulla alıb Kiyevə göndərir. Ona görə də, Ukraynanın arxasından çəkilmək o demək deyil ki, məğlubiyyətlə barışmalıdır və yaxud fərqli planı qəbul etməlidir. Faktiki olaraq, Tramp Ukrayna məsələsini Avropa İttifaqına həvalə edib. Hazırda Aİ-nin dəstəyi artmaqdadır. Bundan öncə ABŞ prosesdən çəkilsə də, məsələ həll olmamışdı. Burada əsas problem Rusiya ilə Ukraynanın ortaq məxrəcə gəlməsi ilə bağlıdır. Bu mümkün olmadıqca ABŞ-nin təşəbbüslərinin müsbət təsiri olmayacaq.

Link kopyalandı!
Son xəbərlər