Ayla Osmanova:
696
14 Dec 2025 | 20:31

Ayla Osmanova: "Ürəksiz səhnəyə çıxmaq tamaşaçını aldatmaqdır" - MÜSAHİBƏ

Teatr elə bir sənətdir ki, bütün zamanların fövqündə dayanır. Dövrlər, maraqlar dəyişsə də, teatr aktuallığını itirmir. Onu maraqlı saxlayan isə əsərlərə quruluş verən rejissorlardır. "Kaspi" qəzetinin müsahibi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru Ayla Osmanovadır.
 
Moderator.az həmin müsahibəni təqdim edir:

"Atama dedim ki, "müəllim ola bilməyəcəyəm".

- Atanız - Bəhram Osmanov rejissor, ananız universitetdə aktyorluq və rejissorluq üzrə pedaqoqdur. Yəni valideynlərinizdən biri bu sənətin praktikada, biri nəzəriyyədə fədaisidir. Bəs sizə kim dəstək oldu? Nə sizi məhz rejissor olmağa sövq etdi?

- Mən azad ruhlu, azad fikirli mühitdə böyümüşəm. Uşaqlıqdan bu sənətin içindəyəm - həm anamla, həm atamla teatra, universitetə gedirdim. Bülbül adına Musiqi Məktəbində fortepiano ixtisası üzrə oxuyurdum. Atam "Taleyin qisməti" serialını çəkirdi, onda 3-cü sinifdə oxuyurdum. Məni də çəkdi. Anamı Məleykə Əsədova, atamı Ötkəm İskəndərov oynayırdı. Serialda çox məşhur aktyorlar vardı. Həyətdə uşaqlar deyirdi ki, "Ayla, səni televizorda gördük", amma mənə adi gəlirdi. Amma elə o vaxtdan marağım yarandı. Amma atam bu sənətə gəlməyimə razı deyildi. Evdə tərbiyə belə idi: "Bacarırsansa, özün et". Mən israrla rejissor olmaq istəyirdim. Atamı da anam birtəhər razı saldı. Amma bəlkə də atam məni bu sənətə buraxmaqla düşündü ki, özümü sınayacağam, alınmayacaq, sınıb gedəcəyəm. Anam isə hər zaman yanımda oldu, "Get, mən sənin yanındayam", - dedi.

- Teatra gəlişiniz necə baş verdi?

- Sonuncu kursda oxuyurdum. Teatrın direktoru Mübariz müəllim mənə dedi ki, "bir əsər gətir, işləyək". Atam isə dedi: "O, magistraturaya hazırlaşır, müəllim olacaq". Mən magistraturaya qəbul oldum, amma Mübariz müəllim yenə dedi ki, bizə ikinci rejissor lazımdır. Londondan bir rejissor gəlmişdi, trilogiya qururdular: "Konnemarada bir kəllə", "Yalnız qəlb" və "Gözəllik kraliçası". Mən "Kraliçanı" qurdum, işi üç aya bitirdik. Sonra mənə dedilər ki, Prezidentin sərəncamı ilə narkomaniya əleyhinə "Ağ ölüm" tamaşası hazırlanacaq və bu tamaşanı qurmalıyam. 21 yaşım var idi. Bölgü oldu, tamaşada Xalq artisti Nübar Novruzova oynayacaqdı. Tamaşamız uğurlu alındı və bu günə qədər repertuardadır. O tamaşa mənim üçün həm sınaq, həm də dönüş nöqtəsi oldu. Onda anladım ki, bu sənəti sevirəm. Atama dedim ki, "müəllim ola bilməyəcəyəm".

"Heç vaxt "bu, mənim atamdır" deməmişəm"

- Atanızdan nə öyrənmisiniz?

- Həyatı, mərdliyi, sözü deyib arxasında durmağı, azadlığı ondan öyrənmişəm. O, mənə evdə yaxşı ata, teatrda yaxşı rejissor olub. Eyni teatrda 10 il işləsək də, heç vaxt "bu, mənim atamdır" deməmişəm. Həmişə özüm olmağa çalışmışam. Atamın kölgəsində qalmaq istəməmişəm, öz yolumu cızmaq istəmişəm. O, mənə heç vaxt güzəşt etməyib, başqalarına yol açıb, amma mənə yox. O vaxt inciyirdim, amma indi başa düşürəm ki, düz edib.

- Sizcə, atanızın ən uğurlu tamaşası hansıdır?

- Lars Nurenin "Müharibə" əsəri əsasında "Mən gəldim, qızlar" tamaşası mənim üçün çox gözəldir. Bir də "Sehrbazlar dərəsi"ni çox sevirəm. Adətən tamaşanı ikinci dəfə izləmirəm, amma bu tamaşa sanki məni səsləyir. Hər dəfə baxanda başqa bir gözəllik tapıram. Hesab edirəm ki, bu tamaşa Bəhram Osmanovun ən yaxşı tamaşası, sanki həm də ikinci baharıdır.

- Tamaşa quranda atanızla məsləhətləşirsiniz?

- Xeyr. Sadəcə deyirəm ki, filan tamaşanı qurmaq istəyirəm, o da cavab verir: "Get, qur". Ümumiyyətlə, biz bu haqda müzakirə aparmırıq.

"Mənim üçün o, ən böyük mükafat idi"

- Hazır tamaşalarınıza baxanda irad tuturmu?

- Yox. Xoşuna gələndə sadəcə "bunu necə qurmusan?!" deyir. Məni heç vaxt tərifləmir, amma başqalarının yanında haqqımda yaxşı sözlər deyir. Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" əsəri əsasında qurduğum tamaşaya baxandan sonra bir çox yazıçılar və rejissorlarla görüşmüşdü. Oradan mənə zəng edib dedi: "Ayla, çox sağ ol! Sənin sayəndə bu gün mənə çox gözəl sözlər deyirlər!" Bu, mənim üçün ən böyük mükafat idi.

- Hansı rejissorların işini bəyənirsiniz?

- Bizdə həm köhnə, həm də yeni nəsildən çox az rejissor var. Nicat Kazımovun "Şah Abbas Namə" tamaşası məni çox təsirləndirdi. Pantomim Teatrından Ceyhun Dadaşovun işlərini də bəyənirəm.

- Qadın və kişi rejissorlar arasında fərq varmı?

- Gender ayrı-seçkiliyi bizdə köklərdən gəlir. "Qadından rəhbər, idarəçi olmaz", deyirlər. Amma hər şeyi qadın idarə etmirmi? Hər bir uğurlu kişinin arxasında da qadın faktoru dayanmırmı? Qadınlar emosional olur, bəlkə də, ona görə belə deyirlər. Amma Cənnət Səlimovanın adı bu suala ən gözəl cavabdır!

- Tamaşaçı nə istəyir, sizcə?

- Tamaşaçı səmimiyyət istəyir. Həmişə aktyorlara deyirəm: "Ürəyinizi söndürüb səhnəyə çıxmayın, ürəklə oynayın!" Çünki tamaşaçı bunu hiss edir.

- Daha çox uşaq tamaşaları qurursunuz. Böyüklər üçün niyə müraciət etmirsiniz?

- Dramatik tamaşalardan hələ ki, zövq ala bilmirəm. Fikirləşirəm ki, bunu daha böyük yaşlarımda da edə bilərəm. Uşaq tamaşaları mənə çox böyük zövq verir.

- "Büllur başmaq" tamaşasında nə fərqli olacaq?

- "Küllücə" obrazını xarakter kimi təqdim etmək istəyirəm. Əzilmiş, sınmış qız yox, güclü və öz sözünü deyən bir obraz olacaq.

- Bu gün teatrlarda nə çatmır, sizcə?

- Tamaşa xətrinə tamaşa qoymaq olmaz. Mövzular təkrarlanır. Yeni baxış, müasir yanaşma lazımdır. Tamaşa birinci növbədə tamaşaçıya, ikinci növbədə teatra fayda verməlidir.

- Yaradıcılıqla ailə həyatını uzlaşdırmaq çətin deyil ki?

- Yoldaşım da teatrda səs rejissorudur. Əgər arxanda anlayışlı bir həyat yoldaşı və sənə dayaq duran ailə varsa, heç nə çətin deyil. Mən böyük bir ailəyə gəlin getmişəm, onlar mənə çox dəstək olurlar. Əgər bu gün işimin qulpundan yapışırsamsa, bilirəm ki, uşaqlarım etibarlı əllərdədir. Ailə mənim üçün hər şeydir.

Link kopyalandı!
Son xəbərlər