
Rejimin devrilməsindən 3 gün əvvəl görüş keçirilib
AFP-yə danışan keçmiş Suriya ordusunun zabitləri kimi təqdim edən şəxslər vətəndaş müharibəsi zamanı çoxsaylı Suriya zabitlərinin İran İnqilab Keşikçilərinin komandanlığına verildiyini bildiriblər. Dəməşqdəki təhlükəsizlik qərargahında xidmət etdiyini deyən keçmiş Suriya zabitlərindən biri bildirib ki, ötən il dekabrın 5-də iranlı rəisi onu "vacib bir məsələni" müzakirə etmək üçün əməliyyat bölgəsinə çağırıb.
Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən anonimlik şərti ilə AFP-yə danışan keçmiş Suriya ordusunun üzvü bildirib ki, İran komandiri tərəfindən çağırılan görüşdə 20 suriyalı zabit iştirak edib.

Görüşün mövzusunu öyrənəndə şoka düşdüklərini deyən mənbə, İran komandirinin onlara "Bu gündən etibarən İran İnqilab Keşikçiləri Suriyadan çıxır. Hər şey bitdi. Gələcəkdə sizin üçün məsuliyyət daşımırıq" dediyini bildirib. O əlavə edib ki, İran komandirinin əsgərlərə verdiyi son əmr həssas sənədləri və kompüter disklərini məhv etmək olub.
Vəziyyətin pis olduğunu bildiklərini, lakin bu qədər pisləşəcəyini gözləmədiklərini deyən anonim bir mənbə bildirib: "Biz işlərin yaxşı getmədiyini bilirdik, amma bu qədər irəlilədiyinin fərqində deyildik".
Dekabrın 5-dəki görüşdən qısa müddət sonra Bəşər Əsəd Suriyadan Rusiyaya qaçıb. Dekabrın 8-də rejim əleyhdarı qüvvələr Dəməşqi ələ keçiriblər.
“Suriyanı çox tez tərk etdilər”
İranın Suriyadakı diplomatik nümayəndəliklərində çalışan personal da Suriyadakı hadisələrdən sonra ölkəni tez bir zamanda tərk edib. Təhlükəsizlik səbəbi ilə adının çəkilməsini istəməyən Dəməşqdəki İran konsulluğunda çalışan iki suriyalı işçi də İran diplomatlarının Suriyanı tələsik tərk etdiyini bildirib. AFP-yə danışan İran mənbələri işçilərin dediklərini təsdiqləyərək səfirlik binasının dekabrın 5-də boşaldıldığını və diplomatların Livanın paytaxtı Beyruta getdiyini bildiriblər.
Vətəndaş müharibəsi zamanı İranın komandanlığı altında olan qüvvələr Suriyanın bir çox yerində, xüsusən də Dəməşqin Seyyida Zeynəb rayonunda yerləşdirilib. Bu ərazilərdən biri də rejim əleyhdarı qüvvələr Əsədi devirərkən onları ələ keçirən ilk şəhər olan Hələb idi.

Rejim əleyhdarı qüvvələr gözlənilməz hücuma başladıqdan sonra rejim Hələbə nəzarəti itirbi və bu da ərazidəki İranın dəstəklədiyi qüvvələri qəfil geri çəkilməyə məcbur edib. Adı çəkilməyən keçmiş Suriya ordusu zabiti bildirib ki, dekabrın 5-də yüksək rütbəli İran hərbi rəsmisi və çoxsaylı İran əsgər və zabitləri Rusiyanın nəzarətində olan Hmeymim hava bazasına təxliyə edilib və daha sonra təyyarə ilə Tehrana aparılıb.
Əsədin devrilməsindən əvvəl rejim əleyhinə qüvvələrin keçmiş üzvü və hazırda yeni Suriya ordusunda polkovnik olan Məhəmməd Dibo bildirib: "Təxminən 4000 İran əsgəri Rusiyanın Hmeymim bazasına sığınaraq təxliyə edilib. Digərləri isə Suriyanı İraq və ya Livan vasitəsilə quru yolu ilə tərk ediblər".
Dibo əlavə edib ki, İranın dəstəklədiyi qüvvələr Suriyanı çox tez tərk edib: "Hələb bölgəsində istifadə etdikləri bazalara daxil olanda İran zabitlərinə məxsus pasportlar və şəxsiyyət vəsiqələri tapdıq; onların onları götürməyə belə vaxtları yox idi".