Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 12–14 dekabr 2025-ci il tarixlərində IX dan qara kəmər sahibi, dünya şöhrətli şotokan karate ustadı Hitoşi Kasuyanın rəhbərliyi altında XXXIII Ümumrespublika Texniki Seminar və İmtahan keçirilib.
Moderator.az xəbər verir ki, tədbir çərçivəsində əlamətdar hadisə baş verib. Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, vitse-prezidentlər Fizuli Musayev və Rəhman Hətəmov, eləcə də Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi Dünya Şotokan Karate-Do Federasiyası (WSKF) tərəfindən təsis edilən “Dünya Çempionları Klubu”nun xüsusi medalı ilə təltif olunublar.
Qeyd edək ki, bu nüfuzlu mükafat Dünya çempionu olmuş və hazırda da ölkəmizdə şotokan karate növünün inkişafı, onun beynəlxalq standartlara uyğun şəkildə təbliği, gənclər arasında bu idman növünə marağın artırılması, eləcə də Azərbaycan karatesinin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təqdim edilib.
Dünya Şotokan Karate-Do Federasiyası tərəfindən verilən bu yüksək qiymət Azərbaycan Karate Federasiyasının beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizdə karate idmanının davamlı inkişafının bariz göstəricisi kimi dəyərləndirilir.